Yuxarı

Vizyonum yalnız Qarabağla məhdudlaşmır - Abdullayeva

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vizyonum yalnız Qarabağla məhdudlaşmır - Abdullayeva

Urban dizayner və plançı memar Aytən Abdullayeva Azərbaycanın post-münaqişə dövründə şəhərsalma sahəsində xüsusi yanaşması və istedadı ilə seçilir. Onun rəhbərlik etdiyi layihələr yalnız binaların və küçələrin planlaşdırılması deyil, həm də insanların xoşbəxtliyi, sosial rifahı, ekoloji dayanıqlılıq və mədəni irsin qorunması üzərində qurulub. Qarabağ və Naxçıvanda həyata keçirdiyi layihələr yalnız Azərbaycanın deyil, bütün regionun sosial-iqtisadi inkişafına töhfə verən yeni model kimi dəyərləndirilə bilər.

A.Abdullayeva Axar.az-a müsahibəsində öz yaradıcılıq yolundan, beynəlxalq əməkdaşlıqlardan, layihələrin proseslərindən və gələcəyə baxışından danışır.

- Memarlığa gəlişiniz necə başladı?

- Mənim memarlığa gəlişim uşaqlıq illərimdən formalaşdı. Mən daim rəsmlə maraqlanırdım, rəsm çəkmək mənim üçün sadəcə məşğuliyyət deyil, ruhumun harmoniyası idi. Zamanla incəsənətlə memarlığın təcəssümünü araşdırmağa başladım. İlk vaxtlar məni əsasən binalar, onların həcm və məkan anlayışları cəlb edirdi. Universitet illərində isə marağım daha geniş miqyas aldı — şəhərlərin strukturu, planlaşdırılması və insanların həyatına təsiri diqqət mərkəzimə çevrildi. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində ən yaxşı tələbələrdən biri kimi yüksək qiymətlərlə fərqlənirdim. Eyni zamanda sosial fəaliyyətlərdə də aktiv idim — tədbirlərdə iştirak edir, həmkarlarımla fikir mübadilələri aparırdım.

- Memardan plançı memarlığa keçid sizə nə qazandırdı?

- İlk illərim memarlıq eskizləri və işçi layihələrlə keçdi. 2019-cu ildən plançı memar kimi fəaliyyətə başlayanda isə artıq yalnız binaları deyil, bütöv şəhərləri və kəndləri planlaşdırmaq məsuliyyətini üzərimə götürdüm. Bu, mənim üçün dönüş nöqtəsi oldu, çünki burada artıq yalnız binalar deyil, bütöv şəhərlərin gələcəyi barədə qərarlar verməli idim. Bu da daha böyük məsuliyyət, daha çox balans tələb edirdi. Bu mərhələ mənə göstərdi ki, şəhərsalma yalnız texniki məsələ deyil, həm də sosial rifah, iqtisadi inkişaf və ekoloji dayanıqlılığın vəhdətidir.

- Qarabağda müəllifi olduğunuz layihələrin əsas xüsusiyyətləri nələrdir?

- Qarabağ mənim işimdə ən həssas, amma ən dəyərli mövzudur. Mənim ən mühüm işlərimdən biri Füzuli şəhərinin baş və müfəssəl planlarının hazırlanmasıdır. Bundan başqa, Xocalının müfəssəl planı və Qarabağın kəndləri – Malıbəyli, Cəngirbəyli, Qıraq Muşlan, Horovlu, Tağıbəyli, Qoçəhmədli, Qarakollu, Muradxanlı, Güləbird, Turşsu, Bartaz qəsəbəsi, Ağbənd qəsəbəsi, İstisu qəsəbəsi, Şotlanlı kəndi, Zəngilan kəndi, Əlibəyli kəndi, Xocavənd kəndi və digər kəndlərin müfəssəl planları da müəllifliyimlə hazırlanıb. Bu layihələrdə yalnız evlərin bərpası deyil, həm də məşğulluq imkanlarının yaradılması – kənd təsərrüfatı, kiçik sənaye və xidmət sahələrinin inkişafı nəzərdə tutulub. Məqsəd təkcə əhalinin qayıdışı deyil, həm də onların iqtisadi cəhətdən güclü və dayanıqlı mühitdə yaşamasıdır.

Bu planlar Azərbaycanın milli inkişaf konsepsiyasının mərkəzində dayanır və həm ölkənin, həm də qonşu regionların sosial-iqtisadi inkişafına töhfə verir. Xüsusilə, Qarabağ ərazisində salınan yeni nəqliyyat dəhlizləri artıq Şərqlə Qərbi birləşdirəcək strateji arteriyalara çevrilir və Azərbaycanın regional tranzit rolunu möhkəmləndirir.

- Layihələrin ərsəyə gəlmə prosesi necədir?

- Layihələrin hazırlanması çoxmərhələli geniş tədqiqat və komanda əməkdaşlığı tələb edir. Əvvəlcə dron vasitəsilə topoqrafik çəkilişlər aparılır, mövcud təbii resurslar və relyef öyrənilir. Daha sonra əhali ilə mütəmadi görüşlər keçirilir, onların gündəlik həyat tələbləri və gözləntiləri dinlənilir. Tarixi və memarlıq abidələri, qədim məscidlər, qəbiristanlıqlar, unudulmuş kəhrizlər araşdırılır. Bəzən dağıdılmış binalar konservasiya edilərək qorunur, bəzilərinə isə rekonstruksiya tətbiq olunur və onlara yeni təyinat verilir. Beləliklə, plan yalnız texniki sənəd deyil, həm də tarixi yaddaşı və insanların həyatını özündə əks etdirən canlı modelə çevrilir.

- Xarici tərəfdaşlarla əməkdaşlığınızın rolu nə olub?

- Mənim beynəlxalq tərəfdaşlarla – Çapman (Chapman) Taylor və SA Partners ilə işləmək bizə böyük təcrübə qazandırdı və komanda işində liderliyimi daha da möhkəmləndirdi. Onların hazırladığı Şuşa, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı, şəhərlərinin baş və müfəssəl planlarının konsepsiyalarnı Azərbaycan qanunvericiliyinə uyğunlaşdırmaq, yerli reallıqlara tətbiq etmək məsuliyyəti bizim komandanın üzərində idi. Bu əməkdaşlıq mənə beynəlxalq yanaşmaları öyrənmək, amma eyni zamanda öz milli urbanizm modelimizi formalaşdırmaq imkanı verdi.

- Sizi digər urban dizaynerlərdən fərqləndirən nədir?

- Mənim üçün urbanizmin əsası balansdır. Mən insanları yalnız statistik göstəricilər kimi görmürəm – onların gündəlik həyatı, xoşbəxtliyi, davranışları planın mərkəzindədir. İnsanların fikirlərinə önəm verirəm, çünki şəhəri onların yaşaması üçün qururuq, kağız üzərində gözəl görünməsi üçün yox. Bu baxımdan mənim yanaşmamda ekoloji dayanıqlılıq, alternativ enerji, yaşıl texnologiyalar, sosial inteqrasiya və tarixi yaddaşın qorunması mühüm yer tutur.

- Urbanizmdə tez-tez müzakirə olunan məsələlərdən biri sıxlıq və keyfiyyətin balansıdır. Siz bu məsələyə necə yanaşırsınız?

- Mənim fikrimcə, sıxlıq heç vaxt keyfiyyəti azaltmamalıdır. Əksinə, düzgün planlaşdırma ilə sıxlıq şəhəri daha canlı və funksional edir. Məsələn, David Rudlin də bu barədə danışır və mən onun yanaşmasını dəstəkləyirəm. Qarabağda kənd və qəsəbələrin planlaşdırılmasında biz sıxlıqla keyfiyyətin balansını qorumağa çalışırıq – insanların həm rahat yaşayışı, həm də yüksək keyfiyyətli ictimai məkana çıxışı təmin olunur.

- Tarixi yaddaş və müasir şəhərsalma arasında balansı necə qoruyursunuz?

- Mənim üçün bu ən vacib prinsiplərdən biridir. Tarix və müasirlik qarşı-qarşıya qoyulmamalıdır. qədim abidələri, kəhrizləri, dağıdılmış binaları qoruyaraq onları müasir funksiyalarla birləşdiririk. Məsələn, bəzi binalar rekonstruksiya edilərək mədəniyyət mərkəzi və ya ictimai funksiyalara uyğunlaşdırılır. Bu yanaşma həm Azərbaycanın mədəni irsinin qorunmasına, həm də regionun gələcək inkişafına xidmət edir.

- Planlarınızda sosial rifah və ekoloji dayanıqlılıq necə əks olunur?

- Mən hesab edirəm ki, sosial rifah və ekoloji dayanıqlılıq ayrılmazdır. Bu baxımdan mənim yanaşmam Korlos (Carlos) Morenonun vurğuladığı ideyalarla üst-üstə düşür. Mənim üçün yaşıl enerji, alternativ mənbələr, təmiz nəqliyyat sistemi və məşğulluq imkanları bir-birini tamamlayır. Qarabağın dirçəlişi yalnız Azərbaycanın yox, bütövlükdə regionun sosial rifahına da təsir edir.

- Sizin layihələrdə yerli əhali ilə əməkdaşlıq hansı rolu oynayır?

- Mənim üçün əhalinin iştirakı çox vacibdir. Fikrimcə, dizayn yalnız o zaman güclü olur ki, insanlar özlərini orada görsünlər. Biz əhali ilə mütəmadi görüşlər keçiririk, onların ehtiyaclarını dinləyirik və planlara daxil edirik. Bu, həm sosial qəbul olunmanı təmin edir, həm də layihəni daha dayanıqlı edir.

- Komanda rəhbəri kimi rolunuzu necə xarakterizə edərdiniz?

- Mənim üçün komanda işinin dəyəri çox böyükdür. Layihələrimizin uğuru hər zaman komanda əməkdaşlığının nəticəsidir. Şəhərlərin baş planlarında da, kəndlərin müfəssəl planlarında da hər bir üzvün zəhməti olmadan nəticə əldə etmək mümkün olmazdı. Mənim rolum ideya xəttini müəyyənləşdirmək, komandanı ruhlandırmaq və hər kəsin özünü dəyərli hiss etməsinə şərait yaratmaqdır. Sevdiyim iş həm də sevdiyim komanda ilə mümkün olur — birlikdə çalışanda layihələr daha güclü, innovativ və dayanıqlı olur.

- 2023–2025-ci illərdə siz eyni zamanda həm Bakı Dövlət Layihə İnstitutunda, həm də “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunda Şəhərsalma şöbəsinə rəhbərlik etmisiniz. Bu unikal dövrün iş həyatınızdakı əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Bu illər mənim karyeramın ən məsuliyyətli, eyni zamanda ən məhsuldar mərhələsi oldu. Rəsmi olaraq Bakı Dövlət Layihə İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərirdim, lakin paralel olaraq “Azərmemarlayihə” İnstitutunda da müqavilə əsasında eyni vəzifəni icra edirdim. Əslində isə hər iki aparıcı dövlət institutunun baş planlarının və müfəssəl planlarının koordinasiyası mənim üzərimdə idi. Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin bərpası, eləcə də Naxçıvanın ümumi planı kimi strateji layihələrdə həm müəllif, həm də koordinator qismində çıxış etdim. Bu, təkcə peşəkar etimadın göstəricisi deyil, həm də ölkəmizin inkişaf strategiyasına birbaşa təsir imkanım idi. Mənim üçün bu, həm böyük məsuliyyət, həm də unudulmaz şərəf idi.

- Siz həm də gənc memarların inkişafına xüsusi diqqət ayırırsınız. AzMİU tələbələrinin təcrübə proqramlarında hakim və mentor kimi fəaliyyətiniz barədə danışa bilərsinizmi?

- Mənim üçün gənc həmkarların yetişdirilməsi milli peşə borcudur. AzMİU tələbələrinin 14 həftəlik məcburi təcrübə proqramlarında onları izləmək, istiqamətləndirmək və qiymətləndirmək mənim üzərimə düşən əsas vəzifələrdən biridir. Bakı Dövlət Layihə İnstitutu və “Azərmemarlayihə” institutunda onlarla tələbənin real layihələrdə iştirakına şərait yaratmışam. Onların peşəkar bacarıqlarını formalaşdırmaq, məsuliyyət hissini gücləndirmək və şəhərsalmaya yeni baxış qazandırmaq ən böyük məqsədim olub. Bununla yanaşı, Azərbaycan Memarlar İttifaqının Gənclər Komissiyasında da aktivəm və burada gənc memarlarla mütəmadi görüşlər keçirir, onlara məsləhətlər verirəm.

Gənc həmkarlarıma tövsiyəm odur ki, yalnız texniki biliklərlə kifayətlənməsinlər. Ən əsası, insanı mərkəzdə görmək, mədəni irsə hörmət etmək və ekoloji dayanıqlılığa diqqət yetirməkdir. Bu prinsiplər onları həm peşəkar, həm də cəmiyyət üçün dəyərli mütəxəssisə çevirəcək.

- Gələcək vizyonunuz nədən ibarətdir?

- Mənim vizyonum yalnız Qarabağla məhdudlaşmır. Mənim məqsədim post-münaqişə və təbii fəlakətlərdən zərər çəkmiş ərazilərdə yeni həyatın qurulması üçün beynəlxalq səviyyədə nümunəvi modellər təqdim etməkdir. Mən istəyirəm ki, şəhərlər yalnız yaşayış məkanı yox, insan rifahının, sosial bərabərliyin və ekoloji davamlılığın simvoluna çevrilsin. İri ölkələrin balanssız inkişaf etmiş şəhərlərinə də yeni yanaşmalar gətirmək niyyətindəyəm. Mənim üçün vacibdir ki, gələcəyin şəhərləri alternativ enerji, rəqəmsal texnologiyalar və insan yönümlü urbanizm prinsipləri üzərində qurulsun. Mən inanıram ki, bu yanaşmalar sayəsində mənim işim təkcə Azərbaycanın deyil, qonşu ölkələrin də sosial-iqtisadi inkişafına təsir göstərəcək və Şərq ilə Qərbi birləşdirəcək strateji baxışın bir parçasına çevriləcək.

Tarix
2025.02.08 / 01:03
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Bakı müharibəni bitirmək istədi, Paşinyan razı olmadı - Köçəryan

Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya...

F-16-ların göyərtəsindən Bakı belə görünür - Video

İlham Əliyevin güclü liderliyinin göstəricisi... - Ərdoğan

Azərbaycan razılıq verərsə, görüş olar... - Uraloğlu

Ceyhun Bayramov Azərbaycan xalqını təbrik etdi

Eşq olsun Azərbaycan bayrağına! - Prezident

Türkiyə XİN Azərbaycanı təbrik etdi

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım etdi

Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla