5 iyun ölkəmizdə dənizçilərin peşə bayramı – "Dənizçi
günü"dür. Həyatını çətin və şərəfli peşəyə həsr etmiş,
cəmiyyətimizin fəal üzvləri olan və iqtisadiyyatımızın inkişafında
böyük rol oynayan dənizçilər peşə bayramlarını hər il olduğu kimi,
bu il də böyük ruh yüksəkliyi ilə qeyd edir.
"Dənizçi günü" Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 19 iyun 2014-cü il tarixli 565 nömrəli sərəncamı ilə təsis
edilmişdir. Həmçinin Beynəlxalq Dəniz Təşkilatının 20 dekabr
2011-ci il tarixli qətnaməsi ilə də hər il dünyada 25 iyun
tarixində "Dənizçilər günü"nün qeyd olunması barədə qərar qəbul
edilib.
Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, peşə bayramı
münasibətilə Azərbaycan Respublikasının Dövlət Dəniz
Administrasiyasının və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı
Səhmdar Cəmiyyətinin kollektivi Fəxri xiyabanda Ümummilli Lider
Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla
yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar. Həmçinin
görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da
xatirəsi yad edilərək məzarı üstünə gül dəstələri düzülmüşdür. Daha
sonra Şəhidlər xiyabanı ziyarət edilmiş, Vətənimizin suverenliyi və
müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin məzarları üzərinə
gül dəstələri düzülmüş, onların xatirəsinə ucaldılmış "Əbədi məşəl"
abidəsi önünə əklil qoyulmuşdur.
"Dənizçi günü" münasibətilə Azərbaycanda dəniz nəqliyyatının
inkişafında xidmətlərinə görə bir qrup dənizçi Prezident İlham
Əliyevin imzaladığı sərəncamla "Əməkdar mühəndis" fəxri adına layiq
görülmüş, "Tərəqqi" medalı ilə təltif edilmişlər.
SSRİ dağıldığı zaman bir çox ölkələrin donanmaları israf olunsa
da, Azərbaycanda bu sahə məhz dövlətçiliyimizin banisi Ümummilli
Lider Heydər Əliyevin sayəsində qorunub saxlanılmış, dəniz
nəqliyyatı sektorunda əsaslı islahatlar həyata keçirilmişdir. Daha
sonra, müstəqilliyimizin ilk illərində böyük neft layihələrinin, o
cümlədən "Əsrin müqaviləsi"nin icrası, Bakı-Tbilisi-Ceyhan neft
ixrac kəmərinin istifadəyə verilməsindən sonra vaxtı ilə Ümummilli
Lider Heydər Əliyevin uzaqğörən siyasətinin bəhrəsi hiss
olunmuşdur. Onun dövlətçilik ideyalarının davamı olaraq
genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatımızın strateji
cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatında da həyata
keçirilməkdədir. Prezident İlham Əliyevin tapşırıq və tövsüyyələri
əsasında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin
formalaşdırılması, onların təhlükəsizliyinin təmini, yük
daşımalarında rəqabətədavamlı, çevik bir sistemin yaradılması,
dəniz limanlarının, habelə Gəmiqayırma zavodu, gəmi təmiri
müəssisələrinin işi daha da təkmilləşdirilmişdir. Hazırda
respublikamızda fəaliyyət göstərən dənizçilik şirkətlərində,
limanlarda, gəmi təmiri və inşası müəssisələrində, habelə
dənizçilərin hazırlanmasını həyata keçirən tədris müəssisələrində
ümumilikdə 20 min nəfərdən çox dənizçi çalışmaqdadır.
Dövlət başçısı cənab İlham Əliyevin gərgin əməyinin nəticəsi
olaraq respublikamızda iqtisadiyyatın bütün sahələri ilə yanaşı
dəniz nəqliyyatı sahəsinin sürətli inkişafı, dövlətimizin tranzit
nəqliyyat dəhlizlərinin formalaşmasında iştirak etməsi, eləcə də
peşəkar dənizçilərin hazırlanması istiqamətində atılmış addımlar
Beynəlxalq Dəniz Təşkilatının və dünyanın qabaqcıl dəniz
dövlətlərinin ekspertləri tərəfindən müsbət qiymətləndirilmiş, bu
sahədə uzun illər ərzində ölkəmizin formalaşdırılmış nüfuzu qorunub
saxlanılmışdır. Belə ki, "Dənizçilərin hazırlanmasına, onlara
diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli
Beynəlxalq Konvensiya"nın tələblərinə dair Beynəlxalq Dəniz
Təşkilatının mütəxəssislərinin apardığı yoxlamaların nəticəsi
müsbət qiymətləndirilmişdir. Dənizçilərin hazırlanması, onların
bilik, bacarıq və səriştəliliyinin qiymətləndirilməsi, eləcə də
sertifikatlaşdırılması sisteminin tətbiqi üzrə Dövlət Dəniz
Administrasiyasının fəaliyyətinə dair hesabata Beynəlxalq Dəniz
Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin (2016-cı il 11-20 may
tarixlərində) 96-cı sessiyasında baxılmaqla Azərbaycan qurumun "Ağ
siyahısı"nda yer almışdır. Bu isə respublikamızda dənizçilərə
verilən diplom və sertifikatların bütün dəniz dövlətləri tərəfindən
tanınması üçün normativ hüquqi baza olacaqdır.
Qədim və zəngin dənizçilik tarixinə malik olan respublikamızda
qabaqcıl dəniz dövlətləri ilə rəqabətədavamlı dəniz nəqliyyatı
sahəsinin formalaşdırılması bu sahədə yeni-yeni uğurların əldə
olunacağını və davamlı inkişafın təmin ediləcəyini əminliklə
söyləməyə imkan verir.