Ana səhifə Yazarlar |
Qonşunun kimliyi istər şəxsi planda, istərsə də dövlətlərarası münasibətlərdə mühüm önəmə malikdir. Tarixi proseslərin nəticəsində hazırkı müstəqil Azərbaycan Respublikası bütün quru ərazilərdə əzəli torpaqları ilə həmsərhəddir. Bizimlə eyni taleyi bölüşən nadir ölkələr var. Bəlkə də biz yeganə belə dövlətik. Bunun səbəbləri barədə uzun-uzadı yazmaq və danışmaq mümkündür. Amma acı da olsa, bu günün reallığı ondan ibarətdir ki, bu tarixi torpaqlarımızın hər biri (Arazdan cənubdakı torpaqlarımız, Borçalı, Dərbənd, Qərbi Azərbaycan) siyasi çəkisindən, dünyanın geosiyasi arxitekturasında tutduğu yerdən, iqtisadi, hərbi potensialından asılı olmayaraq BMT-nin tanıdığı müstəqil dövlətlərin ərazisinə daxildir.
Azərbaycan Respublikası Çar Rusiyasının XIX əsrdə Cənubi Qafqaza köçürdüyü ermənilərə hədiyyə etdiyi Azərbaycan torpaqlarında qurduğu Ermənistan istisna olmaqla yerdə qalan bütün dövlətlərlə mehriban qonşuluq münasibətinə malikdir. Təbii ki, strateji müttəfiqimiz, qardaş Türkiyə səviyyəsində olmasa da, Gürcüstanla, Rusiyayla, İranla da dinc, qarşılıqlı hörmətə əsaslanan, milli maraqlarımızın qorunmasını hədəfləyən münasibətimiz var. Birmənalı və inamla söyləmək olar ki, Azərbaycan mərd qonşudur. Hər zaman qonşularının çətin vaxtlarında onların yanında olub. Bu barədə geniş təhlillər aparıb onlarla, yüzlərlə faktı nümunə göstərmək olar. Bir sözlə, qonşularımızın hamısı sadə dildə ifadə etsək, Azərbaycandan yarıyıblar.
Bu çərçivədə Azərbaycanın Gürcüstanın iqtisadi həyatına verdiyi töhfələr xüsusi ilə qabarıq şəkildə diqqəti çəkir. Eyni zamanda 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi zamanı və ondan sonra Azərbaycanın rəsmi Tiflisə və gürcü xalqına verdiyi dəstəyin də sıradan bir hadisə olmadığını unutmaq olmaz...
Ermənistanın ölkəmizə qarşı 12 iyulda başlayan sonuncu hərbi təcavüzü zamanı qonşularımızın özünü necə aparması, hərbi təcavüzə hansı reaksiyanı verməsi ekspertlərin, eləcə də bütün vətəndaşlarımızın diqqətdə saxladığı ən vacib məsələlərdən oldu. Təəssüf ki, qonşularımızın hamısı bu sınaqdan üzüağ çıxa bilmədilər...
Yadıma bilirsiniz nə düşdü? 1987-ci ilin soyuq fevral günlərinin birində Ağdam rayonunun Mahrızlı kəndində anadan olan Rahib Məmmədov adlı azərbaycanlı əsgərin Gürcüstanın Xobi rayonunun Çaladidi kəndinin sakinlərini dəhşətli selin ağuşundan alıb xilas etməsi...
Bu hadisə o zaman yalnız Gürcüstan və Azərbaycanı deyil, bütün SSRİ-ni silkələmişdi. Vicdanlı gürcülər isə düşünürəm ki, hələ də gənc azərbaycanlının bu böyük fədakarlığını unutmayıblar.
Çaladidi kəndindəki dəhşətli vəziyyəti görən BTR-lərin bir neçəsi xilasetmə işinə qatılmaqdan yayınırlar. İki BTR özünü suya vurur ki, onlardan da birini Rahib Məmmədov idarə edirmiş.
Rahib Məmmədov BTR-lə su basmış kəndə daxil olub, xeyli sakini ölümün cəngindən xilas edir. Bir qədər sonra digər zirehli texnika ciddi ziyan görərək suda batmaq təhlükəsi ilə üzləşir.
Bunu görən Rahib Məmmədov Çaladidi sakinlərini təhlükəsiz yerdə düşürüb təcili olaraq əsgər yoldaşlarını xilas etməyə yollanır. Çox çətinliklə digər BTR-i xilas edir. Ancaq suyun səviyyəsi artmaqda davam etdiyindən xilasetmə işləri çətinləşir və hərbçilər mümkün təhlükəni əsas gətirərək xilasetmə işlərini dayandırmaq istəyirlər. Lakin kənddə hələ də adamların qaldığını bilən Rahib Məmmədov iki rus zabitlə birgə yenidən kəndə gəlir və 8 nəfəri BTR-in üzərinə yığaraq yola düşür. Suyun səviyyəsi daha da artdığından Rahib Məmmədovun BTR-i idarə etməsi çox çətinləşir. Bu azmış kimi yolda BTR-in lüləsi körpünün üst örtüyünə ilişir və zərbədən əyilir. BTR suyun axınının əksi istiqamətində ilişdiyindən Rahib nə qədər çalışsa da, vəziyyətdən çıxa bilmir. Su BTR-in içinə dolmağa başlayır. Rahib Məmmədov BTR-in üzərində olanlara özlərini quruya atmağı tapşırır. Özü isə BTR-lə körpünün dəmiri arasında qalıb qəhrəmancasına həlak olur. Azərbaycanlı Rahib Məmmədov həyatı bahasına rəsmi olaraq 28, kənd sakinlərinin dediyinə görə isə 40-dan çox gürcü və svanı xilas edir.
Bəli, bizim üçün qonşuluq hər zaman dəyərli olub. Özü də tarixin bütün dövrlərində. Bununla bağlı orta əsrlərdən nə qədər desəniz, misal çəkmək olar. Amma təssüf ki, bəxtimizə namərd qonşu hökumətlər (xalqlar yox) də çıxır.
1139-cu ilin sentyabrında güclü zəlzələ Gəncə şəhərini dağıdanda gürcü çarı Demetre hücum edib şəhəri talayır, hətta Gəncə qapısını da oğurlayıb özü ilə aparır. İndiki Gürcüstan hökumətinin hansı ənənənin davamçısı olduğunu bilmirəm, amma onlar da hazırda Ermənistanın silahla təhcizatında (xüsusi ilə Azərbaycana qarşı Tovuz istiqamətində xain hücumlar etdiyi bu günlərdə) tranzit rol oynamaqdan imtina etməyiblər...
P.S. Bir neçə gün öncə əhalisinin 91% azərbaycanlı olan Sarvan (Gürcüstanın Marneuli adlandırdığı şəhər və eyniadlı rayon) rayonunun mərkəzində mitinq edib Gürcüstan vətəndaşı olan yerli azərbaycanlıları təhdid edən svanların soydaşlarımız barədə təhqiramiz çıxışlarını dinlədikdən sonra Rahib Məmmədovun qəhrəmanlığını yenidən xatırladım...
Tarix
2020.07.21 / 17:29
|
Müəllif
Elməddin Behbud
|
Türk düşmənçiliyi: Armen yazdı, Zurabişvili niyə paylaşdı? - Foto |
||
Hər bir türkün iki vətəni var: Biri öz dövləti, digəri... |
||
Dünyaya üç cümləlik şahanə türk mesajı! |
||