"Buta" sığorta şirkəti avtomobilini sığortaladığı
vətəndaşın başına dərd açıb.
Axar.az xəbər verir ki, "Hunday Sonata" markalı avtomobilini
"Buta" sığorta şirkətində "kasko" sığortası etdirən sürücü Namiq
Ramazanov indi şirkətə ödədiyi pul qarşılığında maşınını təmir
etdirə bilmir. Yaxınlarda qəza törədən sürücü sığorta şirkətinə
zəng etsə də, ona qanunla nəzərdə tutulmuş yardımı göstərməyiblər.
Üstəlik, maşınını da əlindən almaq istəyiblər. Belə ki, qəzadan
sonra sığorta şirkətinin əməkdaşları avtomobili "Hunday Servis"ə
apararaq təmir xərclərini hesablayıblar. Servisdən sığorta
şirkətinə bildirilib ki, təmir 7300 manata başa gələcək. Sığorta
şirkəti N.Ramazanova zəng edərək iki versiya təklif edib: ya təmir
üçün lazım olan pulu ödəyək, ya da şirkət özü təmir etsin.
Sürücü birinci variantla razılaşıb və sığorta şirkəti bu seçimi
qəbul edib. Ancaq bir neçə gün sonra sığortadan sürücüyə təkrar
zəng edərək təmir xərclərinin baha başa gəldiyini bildiriblər.
Şirkət bu dəfə də sürücüyə təklif edir ki, onlar ancaq 4 min manat
ödəyə bilərlər. Bununla razılaşmasa, avtomobili şirkət öz istədiyi
servisdə təmir edəcək.
Sürücü sonuncu variantla razılaşıb.
"Maşın ya bizdə qalır, ya da özün təmir etdir"
Ancaq "Buta" sığorta şirkəti bir aydır avtomobili özündə
saxlayır. Sürücü qeyd edir ki, şirkət avtomobilini təmir
etdirməkdən də imtina edir:
"Bu günlərdə zəng edib dedilər ki, maşının 70 faizdən çoxu
əzildiyi üçün təmiri baha başa gələcək. Ona görə də ya sənə 6800
manat veririk və maşın da bizə qalır, ya da gəl maşınını götür, heç
nə etməyəcəyik".
Sürücü deyir ki, maşını sığortalamaq üçün "Buta"ya 366 manat
ödəyib. Bunun qarşılığında isə sığorta şirkəti qəza baş verərsə,
7500 manat ödəməyi öhdəsinə götürüb.
Qanunvericilik nə deyir?
Sığorta qanunvericiliyinə görə, əgər sığortalanan avtomobilin 75
faizi və daha çox hissəsi zədələnibsə, o zaman sığorta şirkəti
həmin maşını müştəridən alıb yerinə eyni ildə istehsal edilmiş eyni
markalı maşın verməlidir. Ancaq "Buta" sığorta vətəndaşın
hüquqlarını pozaraq ona cüzi məbləğdə təzminat ödəyib, maşınını
əlindən almaq istəyir.