Yuxarı

“Arzum odur ki, əsərlərimi əlimdən alsınlar...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gerçəkləşməyən arzular" layihəsində

Arif Ərşad Sumqayıtda doğulub, əslən Qubadlıdandır. Hazırda Bakıda yaşayır, iş yeri isə Sumqayıtdadır. Qubadlıda ilk dəfə 28 yaşı olanda, əmisi, şair Əsgər Eyvazoğlunun dəfn mərasimində iştirak edəndə olub. Kövrək insandır. Kövrəkliyi şeirlərində və hekayələrində də boy verir. Onunla görüşüb arzularına işıq tutmaq istədik və soyuq payız günündə isti söhbətimiz belə alındı.

Sadəcə heç düşünmədim də

Hekayələrindən söz açdım, mövzularından bəhs etdim, o isə özünün şeir yaradıcılığından danışdı:

- Mən yaradıcılığa şeirlə gəlmişəm...

- Çoxdan yazmağa başlasan da, imzan çox gec göründü.

- Mən yazmışam, düzdü, amma üzə çıxarmamışam. Dostlar, özüm, yaxın dairə bilib bunu. Deyim ki, risk etməmişəm? Bu, düz olmazdı. Sadəcə, heç düşünmürdüm də yazdıqlarımı dərc etdirəm. Günlərin bir günü yazıçı dostum Əyyub Qiyasla görüşdüm, dedim ki, bəs yazım var, istəyirəm sənə göstərəm. Şeirlər idi. Əyyub əlyazmalarımı aldı, 15 gün sonra geri qaytardı, dedi, pis deyil, yaxşıdır. Sonra məni şair Ehtiram İlhamla da tanış etdi. Yaradıcılıq sferasında bu iki adam mənə çox yaxındılar. Məsləhətlər verirlər.

- Amma sən son vaxtlar daha çox nəsr nümunələri ilə göründün. Jurnallarda, qəzet səhifələrində, ədəbi portallarda...

- Bir gün Əyyub Qiyasa süjetli bir şeir oxudum. O da dedi ki, sən bu şeiri nəsrə çevir. Mən də özümü nəsrdə daha çox görürəm, nəinki şeirdə. Mən o şeirin məzmununu nəsrə çevirdim. Bəyəndi. Arada şeirlər də yazıram, amma ən çox nəsrə üstünlük verirəm. Bir şeir kitabım çıxıb, bir şeir, bir hekayə kitabım da çapa hazırdır.

Bu, genetik bir yaddaş idi

- Nə sizi vadar elədi ki, birdən-birə rabitə işçisi olaraq, işinizi-gücünüzü atıb yaradıcılıqla məşğul olduz? Başınızı aşağı salıb işləyirdiz, pulunuzu qazanırdız da...

- Heç də işimi-gücümü atmamışam. İşləyirəm də. Yazmaq əslində birdən-birə olmadı. Əmim Əsgər Eyvazoğlu yetmiş-səksəninci illərdə ədəbi mühitdə tanınmış şairlərdən biri idi. Mən uşaqlıqdan onun şeirləri ilə böyümüşəm. Onun bir kitabı çıxmışdı. Amma qəzet və jurnallarda daha çox dərc olunardı. Bu, genetik bir yaddaş idi. Yazı-pozuya maraq məndə təsadüfü deyil.

İddiasız insan məqsədsiz insandır

- Adamda belə təəssürat yaranır ki, siz dəstədən geri qalmamaq üçün yazırsız. Bir növ dəb halını alıb yazmaq...

- Dəb xətrinə çoxu yazır, mən də elə yazmalı olsaydım, indiyə qədər çoxdan yazdıqlarımı dərc etdirmişdim. Mənim başım oxumağa, təhsil almağa, işləməyə qarışıb. Sonra da ailə... Bu, daxildən gəldi, səmimi deyirəm, yazmaya bilmədim. İş otağımda çoxlu kitab var, hər dəfə vaxtım olduqca oxuyub mütaliə edirəm.

- Siz şeir yazıb sirdaşlarınızla, dostlarınızla paylaşdınız. Mətbuata gəlmədən öncə də şeirlər yazdınız. O zamanlar özünüzü harada görürdünüz?

- İddiasız insan məqsədsiz insandır. Məqsədi olmayan isə boş və mənasız insandır. Mən yaradıcılığa gələndə, şeir yazanda iddiam o deyildi ki, ad alam, ya da nəsə tanınam, məşhurlaşam. İddiam o idi ki, ürəyimi boşaldam.

- Mən oxucuyam, siz də içinizdə qalıb qalaqlananları yazırsız, sizcə mənim nəyimə gərəkdir ki, bütün bunları oxuyam?

- Əgər mən görsəm və bilsəm ki, mənim yazdığım hekayələri oxuyub yarımçıq saxlayırlar, yazmaram, yazdığımı isə ümumiyyətlə ortalığa çıxarmaram. Amma görürəm ki, mənim yazdığım hekayələr oxunur. Hekayələrimin ilk oxucusu çox vaxt Əyyub Qiyas olur. Əyyub isə sözə, ədəbi mətnə qarşı çox qəddardır. O demir ki, Arif mənim dostumdur, xətrinə dəyməyim. O deyir ki, Arif, bunu cır, tulla. Ya da deyir ki, təbrik edirəm, yaxşıdır. Nə xoş ki, bu vaxta qədər bir dəfə də olsa, mənə "cır, tulla" deməyib.

İçim rahat olur yazanda

- Yəqin yazılarınız dərc olunanda ürəyinizdən Xalq yazıçısı olmaq da keçib?

- Faiq bəy, mən heç o haqda fikirləşməmişəm. Sadəcə, içim rahat olur yazanda.

- Yaradıcılıq sizin işinizə mane olmur ki?

- Yox...

- Heç olubmu ki, yazdığınız zaman qonşu, ya da nəvə gəlib, mane olub, siz də nə yazacaqdız, necə yazacaqdız, unudasız?

- Olub. Elə də olub ki, belə hadisələr bəzən yazdığım hekayənin xeyrinə olub, bəzən də ziyanına...

Səviyyəsiz yazılar daha çoxdur

- Müasirlərinizdən kimləri oxuyursuz?

- İmkan düşdükcə sosial şəbəkələrdə, ədəbi portallarda dərc olunan şeirləri və hekayələri də oxuyuram. FB-də səviyyəsiz yazılar daha çoxdur. Oxuduqlarım, ürəyimə yatanlar isə Aslan Quliyevin hekayələri, Ramiz Qusarçaylının, Fərqanə Mehdiyevanın, Fəridə Ləmanın, Narıngül Nadirqızının, İbrahim İlyaslının və digərlərinin şeirləridir. Əli Kərimi lap tez-tez oxuyuram, Ramiz Rövşəni, Məmməd İsmayılı, Musa Yaqubu oxumamaq olar? Onların kitabları mənim stolüstü kitabımdır.

İki saata 1 qutu siqaret

- Günə neçə qutu siqaret çəkirsiz?

- Hekayə yazanda iki saata bir qutunu çəkib qurtarıram. Amma gün ərzində iki qutu çəkirəm.

- Sosial şəbəkədə fəalsız, xanımınız gecə yarıya qədər kompüterin arxasında olduğunuza görə qısqanmır ki sizi?

- Xeyr. Mənim bəxtim gətirib bu sarıdan. Həyat yoldaşım peşəkar jurnalistdir. Yazılarımı, şeirlərimi oxuyur, amma o heç vaxt mənim ilk oxucum olmayıb. Sonradansa yazdıqlarımı ona oxuyuram.

- O da bəyənir, həyat yoldaşınızdır axı, qəlbinizi qırmır da...

- Əksinə, o mənim yazılarımı bəzən bəyənmir. Televiziyada işləyib, indi nəşriyyatda işləyir. Ədəbi mühit, yaradıcılıq ona yad deyil, üç bədii kitabın və bir-neçə dərsliyin müəllifidir.

- Ədəbiyyatımız bu gün sizi qane edirmi?

- Bəli, qane edir. Bu gün ədəbiyyatımızda hüdud yoxdur, istənilən şeydən yazmaq olur, yetər ki, yaxşı yazılsın. Amma əvvəl belə deyildi. Mən bütün yaxşı bildiklərimi oxumağa çalışıram və hər yaxşı bir yazını oxuyanda bunu ədəbiyyatımızın uğuru sayıram. Düzdür, zövqlər müxtəlifdir...

- Heç olubmu ki, qadın oxucular yazınızı oxuyub sizə dostluq göndərsinlər? Və bu dostluq virtual dostluqdan real dostluğa çevrilsin?

- Olub, amma mən o dostluqları qəbul edə bilmərəm axı.

- Bu gün nə yazırsız?

- Demək olar ki, vaxtaşarı hekayələr yazıram, amma bir ilə yaxındır ki, bir roman üzərində işləyirəm. Allah qoysa, tamamlamaq üzrəyəm.

- Sizcə, AYB bu gün yazıçılara diqqət, qayğı göstərirmi?

- Əlbəttə. AYB gənclərə və yaşlı nəslin nümayəndələrinə illik təqaüd ayırıb. Yaşlı nəslin elə nümayəndələri də var ki, ömürlük təqaüd alırlar. Mən deyərdim ki, kifayət qədər qayğı və diqqət var.

- Maddi təminatınız necədir?

- Yaxşıdır. Bayaq dediyim kimi, yoldaşım da işləyir, mən də. Oğlum tələbədir, Şimali Kipr Türk Cümhuriyyətində oxuyur. Qızımı köçürmüşəm. İki nəvəm var. Dolanırıq da, şükür...

- Adam var dərddən, qəmdən problemlərdən bol olduğu üçün yazır, adam da var ki, əhli-keflikdən. Evi, işi, pulu... hər şeyi var, deyir hamı yazır, bəs mən niyə yazmayım ki?

- Yox, mən heç vaxt elə düşünüb yazmamışam.

- Sizcə tox yazıçı Viktor Hüqonun "Səfillər"ini yaza bilərmi?

- Əslinə qalanda yazı istedadla və zəhmətlə bağlıdır. Qraf Tolstoy öz dövrünün çox imkanlı və nüfuzlu adamlarından biri olub. Lakin buna baxmayaraq, bütün dövrlərin ən böyük imza sahiblərindən biridir. Mən bilən heç Hüqo da o qədər pis yaşamayıb. Yəni istedadlı adam nə istəsə yaza bilər. O ki qaldı mənə, mən şeirlərimdə o qədər də iddialı deyiləm, amma hekayələrim oxunur. Çünki yaşadıqlarımı, müşahidə etdiklərimi yazıram. Qalanı oxuculuqdur...

- 50 yaşı iki ildir ki, arxada qoymusunuz. Nələri arzulamışdınız, nələr yaşandı?

- Arzular müxtəlifdir, baxır hansı arzulardı.

- Yazar olaraq ən böyük arzunuz nədir ?

- Hər bir yazıçı kimi mənim də arzum odur ki, kitablarım çap olunsun və oxunsun. Müəllifin kitabları oxunursa, demək, zəhməti boşa getməyib.

- Kitabın çıxması üçün nə lazımdır?

- Birinci, yaxşı yazmaq lazımdı. Əgər sən yaxşı yazsan, heç xərcə düşüb kitab da çıxarmayacaqsan. Nəşriyyatlar əlindən alıb özləri çıxardacaqlar. Arzum odur ki, özləri əsərlərimi əlimdən alıb kitablarımı çap etsinlər .

- Hansı gerçəkləşməyən arzunuz var ki, bu gün tanıyanların yanında sizi sıxıntıya salır?

- Bu dəqiqə ən böyük arzum oğlumu evləndirməkdir. Bir vətəndaş kimi isə ən böyük arzum Şuşanı, Xankəndini azad görməkdir. Azərbaycan bayrağının Xankəndinin icra hakimiyyəti binasının başında dalğalandığı günü görəcəyimə inanıram. Təbii ki, dədə-baba yurdum Qubadlını da, digər işğal altında olan torpaqlarımızı da ziyarət etmək ürəyimdən sızıltı ilə keçir. Bir də Naxçıvanda heç olmamışam.

- Naxçıvan ki işğal altında deyil.

- Bilirəm, amma vaxt tapmamışam, yolum düşməyib ki, gedəm görəm. Bunlardır mənim hələ ki, gerçəkləşməyən arzularım...

Tarix
2014.11.27 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla