Ana səhifə Gündəm |
Azərbaycan prezidenti İlham Əliyev, dövlət rəsmiləri və ictimai xadimlər Vaqif Səmədoğlunun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.
AzərTAc-ın məlumatına görə, nekroloqda deyilir: "Azərbaycan
mədəniyyətinə ağır itki üz verib. Müasir Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Vaqif
Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov) 2015-ci il yanvarın 28-də
ömrünün 76-cı ilində vəfat edib.
Vaqif Səmədoğlu 1939-cu il iyun ayının 5-də Bakı şəhərində anadan
olub. O, 1956-cı ildə Bülbül adına musiqi məktəbini bitirərək
Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə ali
təhsil alıb, sonralar Moskvada Çaykovski adına Konservatoriyada
ixtisas kursu keçib.
Əmək fəaliyyətinə 1963-cü ildən etibarən Azərbaycan Dövlət
Konservatoriyasında müəllim kimi başlayan Vaqif Səmədoğlu
1968–1973-cü illərdə "Azərbaycan Sovet Ensiklopediyası" Baş
redaksiyasında incəsənət şöbəsinin müdiri, 1973–1975-ci illərdə
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenarist,
1978–1982-ci illərdə "Yazıçı" nəşriyyatında redaktor, 1982–1985-ci
illərdə yenidən Cəfər Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasında ədəbi hissə müdiri vəzifələrində çalışıb,
1992–1994-cü illərdə isə Azərbaycan Yazıçılar Birliyinin müstəqil
"Oğuz eli" qəzetinin baş redaktoru işləyib. Vaqif Səmədoğlu
2000–2010-cu illərdə iki çağırış Azərbaycan Respublikası Milli
Məclisinin deputatı seçilib. Həmin dövrdə o, Azərbaycan
Parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə
heyətinin üzvü olub.
Ötən əsrin 60-cı illərində ölkəmizdə ədəbi mühitə yeni ab-hava
gətirən istedadlı sənətkarlardan biri olaraq Vaqif Səmədoğlu yarım
əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli
töhfələr verib. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında
yeni poeziyanın xüsusi mərhələsini təşkil edir. Sənətkarın
əsərlərində mənalandırdığı hər bir ifadə Azərbaycan xalqının zəngin
ədəbi-bədii irsi, milli folklorun tükənməz imkanları və dünya
ədəbiyyatının nailiyyətləri ilə əlaqəlidir. Səmədoğlu həyat və
zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrin
özünəməxsus üslubda bənzərsiz mənzərəsini və poetik tapıntılarla
dolu zəngin aləmini yaratmışdır. O, müraciət etdiyi rəngarəng
mövzularda vətənin parlaq obrazını daim diqqət mərkəzində
saxlayırdı.
Ədəbi tənqidin həmişə fikir poeziyası kimi yüksək dəyərləndirdiyi
Vaqif Səmədoğlu lirikası bəşəriliklə milliliyi özündə
birləşdirməklə, mənalı yaşamağa çağırması və düşünməyə sövq etməsi
sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Müasir
dövrlə ahəngdar surətdə sıx bağlanan sənətkar ənənə ilə
novatorluğun vəhdətində, sərbəst şeirin də imkanlarından istifadə
edərək, müasir insanın psixologiyasının dolğun və əhatəli təsvirinə
nail olub. Səməd Vurğunun ədəbi varisi olaraq doğma dilin tükənməz
imkanlarından ustalıqla bəhrələnən şairin sözlərinə bu gün də
sevilə-sevilə oxunan çox sayda mahnılar bəstələnib.
Vaqif Səmədoğlu teatr və kino üçün yüksək sənətkarlıq
keyfiyyətlərinə malik silsilə əsərlərin müəllifi idi. Bədii
vasitələrin əlvanlığına və təsir gücünə görə seçilən, diqqəti
taleyüklü mənəviyyat problemlərinə yönəldən bu əsərləri ona
dramaturq şöhrəti gətirmişdi. Ölkənin və cəmiyyətin həyatında baş
verən proseslərə dərin vətəndaşlıq duyğusu ilə yanaşan Vaqif
Səmədoğlu, eyni zamanda, ictimai xadim kimi də tanınırdı. O,
azərbaycançılıq məfkurəsindən çıxış edərək mədəniyyətimizin
inkişafı, milli mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün
qüvvə və bacarığını əsirgəmirdi.
Vaqif Səmədoğlunun ədəbi və ictimai-siyasi fəaliyyəti dövlət
tərəfindən yüksək qiymətləndirilib. O, müstəqil Azərbaycan
Respublikasının ali təltifləri olan "Şöhrət", "Şərəf" və "İstiqlal"
ordenlərinə layiq görülüb.
Görkəmli şair, tanınmış ictimai xadim və səmimi insan Vaqif
Səmədoğlunun əziz xatirəsi xalqımızın qəlbində həmişə
yaşayacaq.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Kamal Abdullayev
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Anar Rzayev
Nizami Cəfərov
Səməd Seyidov
Fikrət Qoca
Çingiz Abdullayev
Söhrab Tahir
Nəriman Həsənzadə
Sabir Rüstəmxanlı
Zəlimxan Yaqub
***
Mərhumun cənazəsi vidalaşmaq üçün 2015-ci il yanvarın 29-da saat 12.00-dan 14.00-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında (Füzuli meydanı, 1) qoyulacaqdır.
Tarix
2015.01.28 / 21:44
|
Müəllif
Axar.az
|