Ana səhifə İdman |
Hövsan Olimpiya Kompleksində ölüm hadisəsinin qeydə alındığı yarış qaydasız döyüş yox, pankration üzrə Azərbaycan çempionatı olub.
Bu barədə Report-a kompleksin direktoru Məmməd Eyvazov məlumat verib.
Onun sözlərinə görə, hadisə vaxtı rəhbərlik etdiyi idman qurğusunda eyni vaxtda 3 növ - pankration, üzgüçülük və sambo üzrə yarış keçirilib. M.Eyvazov hadisənin ani baş verdiyini bildirib: "Mən olaydan xəbər tutanda gördüm ki, idmançını maşına qoyub poliklinikaya aparırlar. Huşunu itirdiyi vaxt isə ona ilkin tibbi yardım göstərilərək naşatır spirti verilib. Poliklinika yaxınlıqda olduğundan, "Təcili yardım" maşınının idman zalından kənarda gözlədilməsinə ehtiyac olmayıb. Elə özləri tez maşına qoyaraq aparıblar".
M.Eyvazov bildirib ki, kompleks rəhbəri olaraq yarış zamanı baş
verənlərə cavabdehlik daşımır: "Biz yarışın keçirilməsinə şərait
yaradırıq, təşkilatçı isə Azərbaycan Pankration, Qrapplinq və MMA
Federasiyasıdır".
Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti
Azad Əsgərov "Report"a açıqlamasında hamının xoşagəlməz hadisədən
təsirləndiyini bildirib: "Biz dövlət qeydiyyatından keçmiş
federasiyayıq və artıq 8-ci ildir çempionat keçiririk. Pankration
isə peşəkar yox, həvəskar idmançılar arasında keçirilir. Bu dəfə də
idmançılar yarışa çıxmazdan öncə tibbi arayış almışdılar. Bu,
hamının başına gələ biləcək bir qəzadır. Hamımız hadisədən
təsirlənmişik, başımızı itirmişik. Valideyni də deyir ki, oğlumun
27 yaşı var, yarışa gedib. Başına belə iş gəlib".
A.Əsgərov hadisəni belə nəql edib: "Dünyasını dəyişən idmançı
Ramin Zeynalovun rəqibi sumqayıtlıdır. Hər ikisi idmançıdır, uşaq
deyil, 27 yaşları var. Müxtəlif idman növləri üzrə medal və
diplomlarla təltif olunublar. 18-dən aşağı yaşları olsaydı,
deyərdik ki, yarışa aldadıb çıxarıblar. Həkimdən də tibbi
arayışları var idi. Hadisə də hansısa zərbə nəticəsində yox,
güləşdikləri vaxt baş verdi. Kadrlar internetə qoyulub. O biri
bunun ayağına girdi və yıxıldılar. Bu zaman rəqibi onun sinəsi
üstünə düşdü. Həkimlər də gələrək ilkin tibbi yardım
göstərdirlər".
Federasiya rəsmisinin sözlərinə görə, "Təcili yardım" maşını
gələnədək idmançını özləri yaxınlıqdakı poliklinikaya aparıblar:
"Ora getdiyimiz vaxt "Təcili yardım" maşını gəldi. "Təcili yardım"
qapının ağzında dayana bilməz ki... Hansı həvəskar yarışda "Təcili
yardım" maşını bayırda dayanır? Maşın gələnədək özümüz bayıra
çıxardıq ki, bəlkə ürəyi sıxılıb, hava alsın. Oradan da
poliklinikaya apardıq. Həmin vaxt hələ keçinməmişdi. Biz kömək
göstərmək istədik".
Hazırda faktla bağlı araşdırmanın getdiyini deyən A.Əsgərov hər şeyə ekspertiza rəyindən sonra aydınlıq gələcəyini bildirib.
Qeyd edək ki, martın 27-də Hövsan Olimpiya Kompleksində keçirilən Azərbaycan çempionatı vaxtı ölüm hadisəsi baş verib. Quba rayonunun 27 yaşlı sakini Ramin Zeynalov döyüş vaxtı ölüb.
Tarix
2015.03.28 / 21:28
|
Müəllif
Axar.az
|