Yuxarı

"Hər gün 60-70 şəhid və yaralı..."

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsinin bugünkü qonağı Məmmədov Zakir İsmayıl oğludur. O, 1964-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Burada boya-başa çatıb. Texniki peşə məktəbini bitirdikdən sonra 1982-1984-cü illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olub. 1988-ci ildə ermənilərin kəndlərimizə hücumlarına qarşı əliyalın mübarizə aparıb. Birinci Qarabağ müharibəsi veteranıdır. Ailəlidir.

Beyin qapağım götürülüb...

- Zakir bəy, necə oldu müharibəyə getdiniz? İlk döyüşlərə qatılmağınızı xatırlayırsınız?

- Əvvəla, sizləri salamlayıram. Axar.az saytını çox bəyənirəm, daim oxuyuram. Mən ilk günlərdən bu döyüşlərin ortasında olmuşam. Özüm ermənilərlə sərhəd kənddə doğulmuşam. İnsan necə imkan verər ki, doğulub boya-başa çatdığı torpaqdan göz görə-görə qovulsun? Mən hələ 1988-ci ildə "Daşlaşma dövrü" deyilən vaxtdan torpaqlarımızın müdafiəsinə qalxmışam.

- Bu "Daşlaşma dövrü" nədir? Oxucularımız iddia edirlər ki, Qarabağda döyüş 1991-ci ildə başlayıb. Amma sizlər 1988-ci ildən başladığını deyirsiniz.

- "Daşlaşma dövrü"nün nə olduğunu Qarabağda erməni hücumuna, terroruna məruz qalanlar yaxşı bilirlər. "Daşlaşma dövrü" hələ 1988-ci ildə ermənilərin bizim kəndlərimizə, insanlarımıza hücumuyla başlayan dövrə deyilir. O vaxt hər kəndin əhalisi özünümüdafiə dəstələri yaradıb sərhədyanı kəndlərimizi qoruyurdu. 10 adama bir quş tüfəngimiz var idi. Erməniyə "lapatka", daş, taxta ilə müqavimət göstərirdik. Bax bu, "Daşlaşma dövrü" sayılır. Hə, keçək batalyona gedib könüllü üzv olduğum vaxtlara. 1992-ci ildə rəsmi olaraq könüllülər batalyonları yaradıldı. Mən bölüyün baş çavuşu kimi fəaliyyətə başladım. Mənə döyüşçülər arasında "straşina rota" ləqəbi qoymuşdular. İndi də o ləqəblə çağırırlar. Döyüşdüyüm müddətdə iki dəfə yaralanmışam. Beyin qapağım götürülüb. İki yaralanmamın heç birini sənədləşdirməyi özümə sığışdırmamışam. O vaxt yaralanan əsgər o qədər qürurlu idi ki, dostlarını qoyub hospitalda yatmağa, əlil sənədi almağa yaxşı baxmırdı. Mən Qarabağda qarşılıqsız döyüşmüşəm. Döyüşdüyüm müddətdə evli idim, həyat yoldaşım qadın xalatları, paltarları tikirdi, birtəhər dolanırdıq.

Dedi ki, bilirəm, öləcəm...

- Mümkünsə, bizə döyüş xatirələrinizi danışın...

- Mən beşinci taborun ikinci bölüyündə xidmət etmişəm. Bizim döyüş yoldaşlarımızın demək olar ki, hamısı eyni yolu keçib. İlk dəfə Canyataq, Gülyataq, Mehmanlı kəndləri uğrunda döyüşlər olub. Bizdə elə əhval-ruhiyyə vardı ki... Məsələn, bizə deyirdilər ki, Mehmanlı kəndi alınacaq, sonra nahar edəcəyik! Bax belə idik. Ən dəhşətli döyüşlərimiz "Kökəltmə" deyilən yerdə olub. O döyüşlərdə əsgərlərimdən biri yaralanmışdı. Gəldim bunun keyfini açmağa. Dedim ki, əsgər, əgər sən bir güllə ilə öləcək qədər zəifsənsə, dünəndən öl. Qayıdıb mənə dedi ki, komandir, insafın olsun, mənə ikisi dəyib, amma yaşayıram. O əsgərim bu gün də sağdır.

- Döyüş zamanı sizə son sözünü deyən olubmu?

- Belə şeylər müharibədə çox olur. Mingəçevirdən Müşfiq adlı əsgərim vardı. Uşaqlar öz aralarında bir-birinə ləqəb qoyurdular. Bizim Müşfiq çox qorxaq olduğundan ləqəbini "Bayavik" qoymuşdular. Kökəltmə döyüşündə başqa bir komandir mənə dedi ki, sənin bu "Bayavik"ini özümlə döyüşə aparacam. Dedim, əlbəttə, götür apar. Bir də gördüm bu Müşfiq (Bayavik) gəlib dedi ki, komandir, mən döyüşə gedirəm, bilirəm, öləcəm, məni şəhid qardaşımın yanında dəfn edərsiniz. Yazıq 200 metrlik təpə döyüşünə getdiyi kimi də qayıtdı. Amma daha sonra şəhid oldu, onu PK ilə vurdular. Hospitala aparsam da, yaşamadı... Bu, mənim heç unuda bilmədiyim hadisə idi. Deməli, bu "təpə" dediyimiz yerdə hər gün bizə əmr verirdilər ki, gedin oranı alın. Alırdıq, amma kömək gəlmirdi deyə, erməni hücum edib qaytarırdı.

Çox faciəvi vəziyyət idi

- Yaralandığınız anı necə xatırlayırsınız?

- Bir şey danışım: Fərrux dağına hücum zamanı dəhşətli yağış yağırdı. Bizdə Əli həkim var idi. Onun dayısı oğlu "Maykl" ləqəbli oğlan öldü, amma Əli həkim döyüşü, uşaqları qoyub dağdan düşmədi. Baxın, bizim vaxtımızda belə bir kişilik, iradə, əhval-ruhiyyə vardı. Mən özüm Şellidə yaralanmışam. Erməni tankı atdı, elə bil, məni götürüb çırpdılar asfalta. İkinci dəfə isə qollarımdan, bədənimdən yaralandım. Əgər mümkünsə, yaralanmağım haqda danışmayım, çünki mənə pis təsir edir.

- Hansı döyüşlər sizə qarşı amansız olub?

- Bizdə Hafiz adlı biri var idi. Atası, anası onu bir başqa cür istəyirdi. Həmin Hafiz bu döyüşlərdə şəhid oldu. Təpə döyüşlərində, demək olar, hər gün 60-70 nəfər yaralı, şəhid çıxarırdım. Çox faciəvi vəziyyət idi. Hər gün postda duran uşaqlara deyirdilər ki, Təpə deyilən yeri alın. Bizim bir hərbi hissə komandirimiz var idi, 3-4 niva gətirmişdi. Uşaqlara deyirdi ki, kim oranı alsa, bunun birinin açarını ona verəcəm. Uşaqlar da elə bil, bir-biriləri ilə yarışa girirdilər.

Xanım döyüşçülər qorxmaz idilər

- Sizinlə eyni postda xanım döyüşçülər var idimi?

- Hə, əlbəttə, xanım döyüşçülər də vardı. Onlar çox qorxmaz idilər. Birinin adı Tutu idi, o biri Şəlalə. Tutu Zaqataladan idi. Onun vasitəsiylə uşaqlara kənd toyuğuna qədər gəlirdi, başqa yardımlar da olurdu. Heç bir batalyonda olmayan dərman bizdə tapılırdı. Hamısı Tutunun sayəsində idi.

- Bəs nə vaxt təxris olmusunuz? Mülki həyata qayıtdıqdan sonra ailənizi necə dolandırmısınız? Hal-hazırda dövlətin hansı imtiyazlarından yararlanırsınız?

- 1996-cı il may ayının 1-də təxris olmuşam. İkinci qrup Qarabağ əliliyəm. 430 manat dövlət təqaüdü alıram. Ailəmlə baş-başa verib yaşayıram, bir ev qaraltmışam, kimsəyə əl açmamışam. Yenə savaş olsa, hamıdan qabaqda gedərəm. İstərdim, bugünkü gənclik də torpağını qarşılıqsız qorusun, sevsin.

Tarix
2015.07.29 / 09:28
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla