Yuxarı

“Nizamini ateist kimi təqdim edirdilər” - Müzakirə

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ədəbiyyat qəzeti"nin "Müzakirə Saatı" layihəsində "Çağdaş ədəbiyyatşünaslıqda klassik irs məsələləri" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, tənqidçilərdən Elnarə Akimova, İradə Musayeva, Səadət Şıxıyeva, İmamverdi Həmidov, Ataəmi Mirzəyev iştirak edib.

Axar.az sözügedən müzakirəni təqdim edir:

I hissə

Bizim olanlara sahib çıxmalıyıq - qaynaqlarla, faktlarla...

Elnarə Akimova: - Əvvəla, hər kəsi salamlayıram. Təşəkkür edirəm ki, vaxtınızın bu dar məqamında imkan tapıb bura təşrif buyurdunuz. Bu gün müzakirə predmeti kimi "Klassik irs məsələləri" haqqında danışmağa qərar verdik. Biz çağdaş ədəbiyyatın problemlərini aktuallaşdırarkən, bir imperativ kimi daim qarşımıza qoyurlar ki, klassik ədəbiyyatı bilmədən müasir ədəbiyyatı dəyərləndirmək, yəni onun üzərində qurulan hörgünü anlamaq çətindir. Bu, təbii ki, belədir, yəni bütün hallarda düzgün bir fikirdir. O zaman klassik irslə bağlı problemlərin üzərinə diqqət çəkmək zamanıdır. Bu sahədə hansı problemlər mövcuddur? Məlumdur ki, sovet dövründə klassik bədii irsi dəyərləndirmədə sinfilik, xəlqilik kimi kateqoriyalar əsas meyar idi, klassik əsərlərə müasir don biçilərək ədalətli padşah uğrunda mübariz, mübariz ateist, zəhmətkeş kütlələrin tərənnümçüsü, xalqlar dostluğunun tərənnümçüsü kimi təqdim olunurdu. Bəs milli müstəqillik dönəmindən sonra miflər büsbütün dağıldımı, yoxsa ifratlar başqaları ilə əvəzləndi? Siyasi müdaxilənin neqativ təzahürləri olan qəliblərin, klişe edilmiş təsəvvürlərin aradan qalxması üçün elmi fikir inadlı mübarizə meydana qoya bildimi? Əgər qoydusa, bu mübarizənin əsasında hansı meyarlar dayandı? Yoxsa, hümanitar düşüncənin illərdir canına hopmuş yanlış təsəvvürlər, şüuraltı qənaətlər, vərdişlər tarixi yaddaşı yeni reallıqlarla obyektiv dəyərləndirməyə mane oldu? İstərdim, Səadət xanımdan başlayaq.

Səadət Şıxıyeva: - Elnarə xanım, təşəkkür edirəm bu cür maraqlı bir mövzuya müraciət etdiyinizə görə. Qoyulan sual, həqiqətən də, yerindədir və illərdir elə məni də bu düşündürür. Çünki Sovet dövründə klassik irsin öyrənilməsinə qoyulan tələblər, qəliblər tamamilə fərqli idi. Və sizin dediyiniz o məsələlərə daha başqa cəhətlər də əlavə edərdim. Məsələn, Sovet dövründə sosioloji təhlil ön planda idi və mütləq bizim şairlərimiz sadə, əməkçi insan ailəsindən çıxmalı idi, o dairələrin marağını müdafiə etməli idi, bizim şairlərimiz mütləq ictimai motivlərə toxunmalı idi. Toxunmayıbsa belə, biz mütləq onda nə isə axtarıb dövrünün haqsızlığına etirazmı, dövrünün hakim dairələrinə bir qarşıçıxmamı və s. axtarıb tapırdıq. Biz deyəndə mən, ümumiyyətlə, tədqiqatçıları nəzərdə tuturam, təbii ki. Amma əlbəttə, sovetlər dağılandan sonra bütün bu dəyərlər arxa plana keçdi və əhəmiyyətini də itirdi, haqlı da olaraq itirdi. Çünki bizim şairlərimizi, onların əsərlərini bu gün bizim üçün əhəmiyyətli edən hər şeydən öncə söz sənətidir, sənətkarlıqdır, onların özünəqədərki fikir dünyasına bağlılığı və özündən sonra gələnlərə hansı ədəbi istiqaməti verməsidir. Bizim üçün əsas olan budur. Bu 25 ilin ərzində, az müddət də deyil, bu sahədə çoxmu işlər görülüb? Təəssüf ki, yox. Az iş görülüb. Çox az iş görülüb və bu, bizim əslində ədəbiyyatşünaslığımızın ən ağrılı, ən problemli və ən mürəkkəb sahəsidir. Ən mürəkkəb sahəsidir, çünki bir neçə dil bilmək tələb olunur bizdən. Bizim klassiklərimiz bir dildə, yəni təkcə ana dilində deyil, eyni zamanda Şərqin geniş yayılmış iki populyar dili: ərəb dili və fars dilində də yazıb-yaradıblar. Bu, tədqiqatçıdan bu iki dilə bələdliyi, heç olmasa, birinə mükəmməl bələdliyi tələb edir. Bundan başqa, bizim klassiklərimiz dövrünün elmlərinə mükəmməl şəkildə bələd olublar və bir qismi bu gün belə bizi elmi bilikləri ilə heyrətləndirir. Biz onların o fikirlərini açmaq üçün, heç olmasa, onlar qədər olmasa belə, onlara yaxın səviyyədə həmin biliklərə bələd olmalıyıq. Və bu biliklər poetikaya nə verib, poetika bu biliklərdən qaynaqlanaraq nələr qazanıb? Biz bunları dəyərləndirməliyik. Amma çox təəssüf ki, son illərdə, xüsusilə Orta əsrlərin tədqiqində bir pərakəndəlik, sistemsizlik, haradasa köhnələrin söylədiklərini təkrarlamaya çox güclü meyil və ya bir-birini təkrarlama özünü göstərir. Və ən zərərlisi, ən qorxulusu, bizim alimlərin xarici ölkə alimlərinin kölgəsinə çevrilməsidir. Yəni əgər Nəsimini, Füzulini və ya Nizamini xarici ölkə tədqiqatçıları araşdırırsa, bizim alimlər çox zaman nəinki onların fikrinə qarşı çıxmır, əksinə, onların kölgəsinə sığınaraq, şairlərimizi onların baxış bucağından tədqiq edirlər. Amma bu, nə qədər düzgündür? Azərbaycan bu gün müstəqil bir dövlətdir. Azərbaycanın bu gün özünün müstəqil dövlət maraqları var və biz tədqiqatçılar da, hər şeydən öncə, buna uyğun tədqiqat aparmalıyıq. Nəsimi irsinin tədqiqatçısı kimi deyə bilərəm ki, Azərbaycandan kənara çıxanda Nəsimi bizim deyil. Nəsimi Türkiyənindir, Türkmənistanındır, İranındır və digər yerlərindir. Və bu fikir qarışıqlığına qarşı çıxmaq üçün, əlbəttə, tədqiqatçıdan çox böyük fədakarlıq, zəhmət, bilik, gərgin axtarış tələb olunur. Eləcə də, Nizami. Niyə bizim tədqiqatçılar hər zaman gözləməlidirlər ki, İranda Nizami və ya Xaqani haqqında tədqiqat işi çap olunsun və bizdə də onun icmalı nəşr olunsun? Niyə? Bizim alimlərimiz tam tərsi, digərlərinə öz elmi biliklərini diktə edəcək səviyyədə olmalıdırlar. Amma bunun üçün də, yenə dediyim kimi, çox gərgin əmək, dərin və çoxcəhətli bilik tələb olunur. Hələ ki, qısaca bunu deyə bilərəm.

Elnarə Akimova: - İmamverdi müəllim, müstəqillik illərində qədim və Orta əsrlər ədəbiyyatını daha düzgün şəkildə, təhriflərə yol vermədən öyrənmək imkanı əldə olundu. Bu fürsətdən yararlana bildikmi? Azərbaycan ədəbiyyatının qədim və Orta əsrlər mərhələsinə yeni baxış nəzəriyyəsi formalaşdımı? Məsələn, hansı konkret faktları göstərə bilərik? Yenidən, təkrar nəşr olunan və ya yenidən yazılan ədəbiyyat tarixi çoxcildliklərində, dərsliklərində nə dəyişdi?

İmamverdi Həmidov: - Bilirsiniz, mən hər şeydən əvvəl qoy bir az sərbəst hiss eləyim özümü, bu sual daxilində qalmayım. Mən əvvəlcə, "Ədəbiyyat qəzeti"nin son uğurlarını qeyd etmək istəyirəm. Demək, bu qəzet, həqiqətən, bədii ədəbiyyatla ədəbiyyatşünaslıq elminin, ədəbiyyatın bütövlüyünü ortalığa qoyur. Həm həcm baxımından, həm də orada verilən məqalələr baxımından. Bunu heç cürə deməmək olmaz. Hətta haradasa oxudum, türk aləmində həcmcə ən geniş bir qəzetdir - 32 səhifədir. Yəni bu çox yaxşı uğurdur və biz də alqışlayırıq və eyni zamanda hesab edirik ki, borcluyuq bu prosesdə iştirak edək və sizlərə kömək edək. Yadımdadır, təsəvvüflə bağlı bir söhbət olmuşdu. Deyəsən İradə xanım da iştirak eləmişdi.

İradə Musayeva: - Mən müzakirədə olmamışam, amma Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsərinə yeni baxış", bir də "İmadəddin Nəsimi müasir ədəbiyyatşünaslıqda" mövzusunda məqalələrim çap olunub "Ədəbiyyat qəzeti"ində. Orda sufizm məsələsinə toxunulub. Yəqin o yadınızda qalıb. Bir də "Nizami Gəncəvinin mənzum romanları" adlı irihəcmli bir məqaləm var. Klassik ədəbiyyatla bağlı...

Elnarə Akimova: - O söhbətin predmeti postmodernizm və irfan məsələsi idi. Nəriman Qasımoğlu və Aydın Talıbzadə "Üz-üzə" rubrikasında yanaşma sərgiləmişdilər.

İmamverdi Həmidov: - Səadət xanım çox yaxşı dedi, mən də şəxsən şərikəm onun dediklərinə. Bilirsiniz, klassik ədəbiyyatın öyrənilməsində, deyərdim indi boşluq var. Yəni söhbət o deyil, deyək ki, Ədəbiyyat İnstitutunda bizim planlarımız var, onları işləyirik, amma orada biz tam sərbəst şəkildə bütün istədiklərimizi həyata keçirə və onu həll eləyə bilmirik. Məsələn, deyək ki, mənim, yaxud şöbədəkilərin məşğul olduğu dövr Qətrandır, Xətib Təbrizidir - böyük şəxsiyyətlərdir, Nizami də daxildir, Xaqani də. Bax, bunların sırasında yeganə olaraq mərhum Qafar Kəndli Xaqaninin həyatı, dövrü və elmi tərcümeyi-halını ortalığa qoyub. Bax, tədqiqat odur. Həqiqətən də, bu böyük bir işdir. Özü də o Azərbaycan daxilində deyil, dünya xaqanişünaslığında seçilən, görünən bir tədqiqat işidir. Qafar Kəndli demək olar ki, bütün ömrünü həsr edib, yəni burada olan ömrünü ona həsr elədi. Və nəticədə belə bir tədqiqat işi ortaya çıxdı. Mən istəyərəm ki, bizim klassiklər haqqında elə tədqiqatlar ortalıqda olsun. Amma bizim hələ istədiyimiz kimi tədqiqatlar yoxdur.

Elnarə Akimova: - Ataəmi müəllim, fikriniz var?

Ataəmi Mirzəyev: - Mən bir məsələni də vurğulamaq istəyirəm ki, sovet ideologiyasının tələblərindən biri də bu idi ki, klassiklərin hamısını ateist kimi təqdim eləyək. O məqam gəzilirdi. İstər Nəsimini, istər Füzulini, Nizamini sanki ateist kimi qələmə vermək istəyirdilər. Onlardan nümunələr, beytlər götürüb onu başqa bir yozumda yozaraq ateist kimi qələmə vermək istəyirdilər. Amma müstəqillik qazandıqdan sonra, yəni bu klassik ədəbiyyatda mən deyərdim ki, mövcud sovet ideologiyasından fərqli bir yanaşma var idi. Artıq müstəqillik qazanandan sonra klassiklərimizin yaradıcılığında dini ədəbiyyatla bağlı motivlər - islamla bağlı, şübhəsiz ki, Qurani-Kərimlə bağlı məqamlar, yaxud Nizaminin poemalarının elə hamısının başlanğıcları, minacat, nət və s., eləcə də Füzulinin özünün islam dininə, islam müqəddəsliyinə münasibəti, hansı ki, qəsidələrinin çoxunda məhz həmin mövzular işlənirdi, demək olar ki, öz əksini tapırdı.

Səadət Şıxıyeva: - Yadıma düşmüşkən, bir müdaxilə edəcəyəm, üzr istəyirəm. O baxımdan Nizami də, Füzuli də müəyyən anlamda xoşbəxt şairlər idi. Çünki onların o dini məzmunlu mətnləri sovet dövründə çap olunurdu. Amma məsələn, "Dəhnamə"də vəziyyət daha acınacaqlıdır. Bilirsiniz ki, "Dəhnamə"nin giriş qismi var və o giriş hissəsi də elə dini ənənəyə uyğun şəkildədir: əvvəla, Allahın tövhidi, ondan sonra minacat, 12 imamın, Həzrəti-Əlinin mədhi verilir. Amma bizlərə Xətainin bu əsəri necə təqdim olunurdu? Xətainin "Dəhnamə"si sanki "Bahariyyə" ilə başlayır. Yəni bilirsiniz, elə həmin sovet dövrünün ideologiyasından çıxış eləyib bizim klassiklərimizi bəzən bu cür natamam şəkildə bizə tanıdıblar. Buyurun!

(Ardı var)

Tarix
2016.06.25 / 22:20
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla