Yuxarı

“Bu partlayış bu gün köməyimizə çox çatır...”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəstun Mücərrəd 1973-cü ildə İranın Ərdəbil şəhərində anadan olub. Təbriz Azad İslam Universitetində sosiologiya fakültəsinin magistratura pilləsini bitirib. O, 1994-cü ildən ədəbi fəaliyyətə başlayıb.

Şair-yazıçı Ərəstun Mücərrədin Axar.az-a müsahibəsini təqdim edirik:

- Ərəstun bəy, son zamanlar yaradıcılığınız nə yerdədir?

- Antoni Giddens modernitəni qədim yunan zamanında işlədilən “caqarnaut” adlı böyük arabaya bənzədir . “Caqarnaut” hərəkət etdikdə çarxları altında əzilməsin deyə, hamı onun göyərtəsinə minirmiş, yoxsa qarşısında dayanan hər kəsi əzib keçirmiş. Modernitə belədir, ayaqlaşmaq lazımdır. Lakin yeniliyə olan aşırı meyl artıq bizim kimi keçid dövrünü yaşayan ölkələrdə hər işi yarımçıq qoymaqda böyük rol oynayır. Dolaşıq ictimai əlaqələr dövründə və habelə metanerişenlərin danıldığı bir çağda yazıçının yaradıcılığı çox vaxt natamam düşüncələrlə əhatələnir. Bu isə ədəbi yaradıcılıq prosesinə təsirsiz ötüşmür. Bu təsirin nəticələri Güneydə bir yandan qeyri-rəsmi dildə yazan və bir yandan isə son yazıçılıq üslublarını həyata keçirmək istəyən bir yazıçıya ikiqat çətinliklər yaradır. Bir sözlə, ən qabaqcıl təfəkkür sahəsilə ayaqlaşmaq həvəsi ucbatından işlərim çox vaxt yarımçıq qalır... Ancaq buna baxmayaraq, necə deyərlər şairlik və yazıçılıq aktivliyini qorumağa çalışıram. Öncələr çağdaş ədəbi dünyamıza ithaf etdiyim yeni şeir forması olan “nano şeir” üslubunu daha da bəzi müasir ədəbi tələblərə cavab verə biləcək şəkildə təkmilləşdirməyə çalışıram. Həmçinin yeni formada dahi şairimiz Məhəmməd Füzulinin məşhur əsəri əsasında yazdığım “Leyli və Məcnun” pyesini teleradio tamaşası qəlibində verilişə buraxılmasını planlaşdırırıq. Öncə sizin dəyərli saytınızda adı çəkilən bəzi kitablarımı da, son əl gəzdirmələrdən sonra çapa verməyə hazırlayıram. Bu qədər.

- Oxucularınızla nə dərəcədə təmasda olursunuz?

- İyirmi ildən artıqdır ki, ədəbiyyat dünyası ilə əlaqədəyəm. Bir vaxtlar şeirlərim və yazılarım var olan (indi bunların çoxu yoxdur) dövrü mətbuatda çap olunurdu. Vaxtı ilə Ərdəbil şəhərində yayımlanan “Avaye Ərdəbil”, “Yarpaq”, Xiyav şəhərində çap olunan “Vəravi” və tələbə dərgiləri olan “Dan yeli”, “Qartal”, habelə Muğan bölgəsində yayımlanan “Nedaye Moğan” dərgisi və Bakı şəhərində nəşr edilən “Alatoran” ədəbi jurnalı və sonralar virtual dünya həyatımıza ayaq açdığında daha da geniş oxucu kütləsini ehtiva edən çeşidli internet səhifələri, ədəbi saytlar, bloqlar, Feysbuk, son zamanlar İranda yayqın olan Teleqram kanalları vasitəsi ilə hörmətli oxucularla zaman-zaman ünsiyyətdə olmuşuq.

- Güneyli oxucular orada yaranan ədəbiyyata nə dərəcədə maraq göstərirlər?

- Ana dilində rəsmi təhsil almamaq problemlərini nəzərə alsaq, təəssüf ki, ədəbiyyat dünyamız bir qədər mütaliə və oxucu gərginliyi ilə hələ də əlbəyaxadır. Çoxlarına bu dildə oxuyub düşünmək təbii ki, çətindir. Ancaq buna baxmayaraq, bu gün Azərbaycan ədəbiyyatına maraq artmaqdadır. Güneydə demək olar ki, öz ana dilimizdə işıq üzü görən kitablar ən azı kəmiyyət baxımından çoxalmaq üzrədir .

- Azərbaycanda Güney ədəbiyyatına maraq var və buna bütöv ədəbiyyatımızın tərkib hissəsi kimi baxılır. Bəs güneylilər Azərbaycan ədəbiyyatına nə münasibət bəsləyir?

- Virtual aləmin vasitəsilə yaranmış informasiya partlayışı bu gün xüsusilə bizim köməyimizə çatır. Qabaqlar əldə etmək imkanı çox az olan Azərbaycan yazıçılarının və şairlərinin əsərlərini bu gün Azərbaycan ədəbiyyatı maraqlıları çox asanlıqla əldə edir. Böyük dramaturq Cəfər Cabbarlının əsərlərindən tutmuş Yusif Vəzir Çəmənzəminli, Mirzə İbrahimov, Elçin Əfəndiyev, Xəlil Rza, İsmayıl Şıxlı, Anar Rza, Mövlud Süleymanlı, Əkrəm Əylisli, Afaq Məsud, Kamal Abdulla, Ramiz Rövşən, yeni nəsil yazıçı və şairlərindən Rasim Qaraca, Vahid Qazi, Nərmin Kamal, Günel Mövlud, Sevinc Pərvanə və sairələrin qiymətli əsərlərini tapmaq olduqca asanlaşıb. Bu gün yuxarıda sadaladığım yazar və şairlərin bir çoxunun əsərləri pdf və elektron kitab şəklində ən tez bir müddətdə oxucu tərəfindən əldə edilə bilir. Bu kitabların bir çoxu “Köçürgə” proqramı vasitəsilə az bir zamanda latincadan ərəb əlifbasına köçürülüb, nisbətən rahat oxunula və yaxud çap oluna bilir. Ən çox Azərbaycan ədəbiyyatı ilə məşğul olan yazıçı və şairlərin marağını qazanır. Təbii ki, bu işlərin hamısı Azərbaycan ədəbiyyatına olduqca yüksək bir rəğbət və xoş bir münasibətdən irəli gəlir.

- Güneydə müasir ədəbiyyatda fəlsəfi cərəyan daha çox hansı istiqamətdədir?

- Bəlkə bu barədə örnək üçün bir yazılı əsər kimi işıq üzü görmüş və hansısa fəlsəfi bir düşüncə daşıyan kitabı göstərmək, hələlik çətin olar. Ancaq bütövlükdə baxsaq, ən yeni ədəbiyyatda qərb filosofları Antoni Giddens, Jak Derrida, Slavoy Jijek, Mişel Fuko, Umberto Eko, Pyer Burdye və J.F.Lyotard kimi modern və postmodern nəzəriyyəçilərin təsirlərini açıq aşkar görmək olur.

Tarix
2016.12.29 / 09:18
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Fiqaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla