Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Dekabr 2017


Dəlilik və mistika arasında yaşayan Edqar Po

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kütlə içində tənha olmaqdan dəhşətli tənhalıq yoxdur"

Edqar Allan Po

"Diaqnoz: Ruhi tarazlığın pozulması. Tam diaqnoz təsbit etmək mümkün deyil. Simptomlar: Qaranlıqdan qorxur, yaddaşını itirir, həmişə təqib olunma maniyası içində yaşayır, hallüsinasiyalar görür".

EdqarAllan Ponun xəstəliyi haqqında haqqında həkim rəyi

1849-cu il oktyabrın 3-də ABŞ-ın Baltimor şəhərində Cozef Uolker adlı birisi küçədə sərxoş vəziyyətdə uzanıb sayıqlayan və bərbad görkəmli bir adamla rastlaşır. Adamın təcili köməyə ehtiyacı olduğu ilk görünüşdə bəlli olduğu üçün Uolkerin ona yazığı gəlir və yerdə sərxoş uzanmış səfili xəstəxanaya çatdırır. Xəstəxanının həkimi demək olar ki, huşsuz vəziyyətdə sayıqlayan şəxsi tanıyır. Sərxoş və anlaqsız şəxs Amerikanın tanımış yazarı və şairi, buna baxmayaraq, ədəbi mühitdə hər kəsin nifrət etdiyi Edqar Allan Po idi.

Elmira ilə evlənəcəkdi

Sentyabrın 27-də Po Riçmonddan Nyu-Yorka yola düşmüşdü. Daha doğrusu, o öz toyundan qaçmışdı. Ölümündən iki gün əvvəl ilk eşqi Elmira ilə evlənəcəkdi. Lakin sonradan panikaya qapılaraq fikrini dəyişmiş və qaçmağa qərar vermişdi.

Prezident seçkisində "karusel"də

Qatara minərkən cibində həyatı boyunca ilk dəfə qazandığı 1500 dollar vardı. Lakin bir həftə sonra Baltimorda küçədə tapılırkən cibində bir qəpik belə yoxdu. Onun bir həftə boyunca haralarda olduğunu bu gün belə bilinmir. Ehtimal olunur ki, dəlilik həddində olan yazıçıdan həmin günlərdə keçirilən prezident seçkisində "karuseldə" istifadə ediblər və bunun üçün onu davamlı olaraq içiriblər…

Qədirbilməz oğulluq

1826-cı ildə Riçmond universitetinin tələbəsi Edqar yeni il bayramına evə gəlir. Əslində isə, universitetdən qovulub. Çünki əyyaş tələbə Ponun çoxlu qumar borcları var və atalığı Allan onun bu borclarını ödəməkdən qəti imtina edib. Universitetə qayıdacağı halda onun qumar borclarına görə həbs olunması qaçılmaz olacaq.

Evə döndükdən sonra analığı onu çox isti qarşılasa da, atalığı bütün qəzəbini oğulluğunun üstünə tökür. Edqar məcburən atalığının qarşısında boyun əyir özünü zorla saxlasa da, susur. Analığı onu ovundurmağa çalışır. Amma bir neçə gündən sonra evdə əsil tufan qopur. Gənc Edqar atalığı Con Allanı vuraraq evi tərk edir.

Edqarı özündən çıxaran sevdiyi qız Elmiranın əlindən çıxmasıdır. Yeniyetmə Edqar Sara Elmira Royter adlı qızı dəlicəsinə sevir. Qızda ona eyni münasibət nümayiş etdirir. Lakin milyoner Con Allanın Edqarı kasıb Elmira Royterlə evləndirmək fikri yoxdur. Buna görə də mister Royteri pulla ələ alan Allan Edqarın Elmiraya yazdığı məktubları əldə edir və qıza tamam başqa məktublar yazdırır. Bundan sonra isə atası Elmiranı ərə verir.

Bütün bunlar məlum olduqdan sonra isə Edqarın səbri tükənir və o, atalığından hesab tələb edir…

Edqar Po atalığının qapısını çırpıb getdikdə on yeddi yaşı tamam olmamışdı. O bu varlı evə 3 yaşında girmişdi. Bir daha mehriban analığını qucaqlamayacaq və bir neçə dəfə geri dönməyə cəhd eləsə də, atalığı hər dəfə "qədirbilməz" övladlığını qovacaqdı. Öldüyü zaman belə, Con Allan oğulluğuna qara qəpik buraxmayacaq, Allanının milyonları ikinci arvadına qalacaqdı.

Səfilliyin və bitib-tükənməyən tənhalığın başlanğıcı

Evdən çıxdıqdan sonra Edqar analığının yolladığı cüzi pulla Bostona öz səadətini axtarmağa yola düşür. Harda olmasından asılı olmayaraq, ayaqüstə şeirlər yazır və Avropaya romantik və fantastik səfərləri xəyal edir. (Po 6 yaşından 14 yaşına qədər atalığı və analığı ilə birlikdə Avropada yaşamış və orda təhsil almışdı. Uşaqlığında kitablara olan dəlicəsinə marağı ilə hər kəsi təəssübləndirirdi və uşaq vaxtı yazdığı şeirləri ilə ədəbiyyatçılardan zəhləsi gedən atalığını əsəbiləşdirirdi).

Bostona gəldikdən sonra Po təsadüfən tanış olduğu gənc nəşriyyat sahibinin sayəsində ilk kitabını – "Teymurləng və başqa şerlər" kitabını nəşr edir. Müqəddimədə bildirir ki, bu şerləri hələ 14 yaşı olmamışdan əvvəl yazıb. Ədəbiyyat tənqidçilərinə görə, Po təcrübəsizliyini gizlətmək üçün bu fənddən yararlanıb. Əslində isə 18 yaşlı müəllifin şeirləri Amerikada və dünyada yeni bir ədəbi üslubun başlanğıcdır. Buna baxmayaraq, onun ilk kitabı demək olar ki, heç satılmır və gənc Edqarın pul qazanmaq ümidləri suya düşür.

Atalığa yalvarışlar

Pulsuz-parasız qalan Edqar dilənçi vəziyyətinə düşür. Günlərlə ac qalan gənc çıxış yolunu orduya sıravi əsgər olaraq yazılmaqda görür. Lakin ordunun ağır şəraitinə gözə bilməyən və mənən sınan Edqar "əziz ata"sına (Po atalığına yazdığı məktublarda ona belə müraciət edir), onu bu zillətdən qurtarmaq üçün müraciət edir. Edqarın ilk məktubunu Allan cavabsız buraxır. Ancaq üçüncü və dördüncü dəfə Edqar atalığına yalvardıqdan sonra Allan rəhmə gəlir. Ancaq oğulluğunun qarşısında şərt qoyur. Edqar hərbi məktəbdə təhsil alacaq, ədəbiyyatla məşğul olmayacaq və zabit olacaqdı. Edqar razılıq verir və atalığı sıravi əsgər Ponun ordu ilə müqaviləsinin pozulması üçün gərəkən məbləği ödəyir.

Evə döndüyü zaman isə onu ciddi xəyal qırıqlığı gözləyir. Uzun müddət xəstə olan analığı o evə dönəndən bir neçə həftə əvvəl vəfat edir. Edqar Ponu Con Allana bağlayan bağ qırıldığı üçün artıq onların bir yerdə olması da imkansız görünür. Edqar atalığı ilə müqaviləsini pozub zabit olmaqdan imtina edir və nəticədə yenidən özünü küçədə görür.

Analığının ölümündən bir il sonra Edqar yenidən atalığının evinə qayıtmağa cəhd edir. Bunun üçün o, Hərbi Akademiyaya belə daxil olur. Lakin artıq ikinci dəfə evlənən Allanının yeni arvadı hansısa köçəri aktrisaının oğlunu evə qəbul etməyi düşünmür. Allanla aralarında anlaşılmazlıq və soyuq münasibət onun bu evdə qalmasını imkansız edir. Hərbiçi olmağa nifrət edən Ponun davranışlarına görə onu Hərbi Akademiyadan qovurlar.

Və Edqar yenidən səfalətlə çiyin-çiyinə addımlamağa məhkumdur…

Ponun maniyaları

1930-cu ildən başlayaraq Po gələcəyə olan ümidlərini qeyb etməyə başlayır. O içir və tez-tez depressiyaya düşür. Həddindən artıq içməsi ilə yanaşı Edqar həşişə də qurşanır. Həşiş çəkdikdən sonra çox vaxt qorxulu hallusunasiyalar görür. Qorxu onun bütün ruhunu sarır. Ona elə gəlir ki, hamı onu təqib edir. Qorxusunu yenmək üçün daha çox içir və dəli həddində cürbəcür oyunlar çıxarır.

Qırmancla döydüyü qızı axtarır

Məşhur argentinalı yazar Xulio Kortasar "Edqar Ponun həyatı" məqaləsində onun dəlilik maniyalarından birini təsvir edir. 1842-ci ildə dəli vəziyyətində olan Po birdən uşaq vaxtı qırmancla döydüyü Meri Devero adlı qızı xatırlayır. Meri artıq ərə gedib. Buna baxmayaraq, Edqar soraqlaşaraq qadının evini axtarıb tapır və onun evində biabırçılıq edir. Meri və bacılarını bıçaqla hədələyən Po qadınların ona mahnı oxumasını tələb edir. Nəhayət çağrılmamış qonaq getdikdən sonra olanları Edqarın xalası missis Klemmə xəbər verirlər.

Ancaq bir neçə gündən sonra Edqarı axtarmaqdan əldən düşən missis Klemm bacısı oğlu və yeznəsini qonşuların köməyi ilə meşə kənarında dalğın və anlaqsız vəziyyətdə tapır. Edqar heç bir şey xatırlamır və hansı Meri Deverodan söhbət getdiyini belə anlamır.

Bəzi araşdırmaçılar ehtimal edirlər ki, Edqar Po impotent olub. Ona görə də o normal insanlar kimi həyatını qura bilməyib və məcburən özünün qorxunc və dəhşətli qeyri-normal dünyasını yaradıb. Onun ümidsizllüyü və həyata küskünlüyü də məhz seksual çatışmamazlığından doğub.

Həmçinin Ponun ədəbi şöhrət axtarması və intellektual aktivliyi onun atalığının onu uşaq vaxtı alışdığı varlı həyatdan məhrum etməsi ilə əlaqədardır. Edqar Ponun həyatını ətraflı araşdıran Cozef Kratçın fikrinə görə, seksual problemləri olan Edqar Ponun həmçinin sosial rahatlıqdan məhrum olması onu dəli həddinə gətirən əsas psixoloji səbəblərdən biri olub. Ponun cinayətkar və mistik xəyalları da məhz bundan doğub.

"Qədirbilməz oğulluq" qan qohumlarının ağışına qayıdır

Hərbi Akademiyadan qovulan Edqar Po Nyu-Yorka yola düşür. Orada özünün üçüncü şeirlər kitabını nəşr etdirir. Lakin yenə də onun kitabını alan olmur və tam ümidsizlik içində olan və demək olar ki, aclıqdan ölən Edqar Po özünün qan qohumlarının yanına getməkdən başqa çarə düşünə bilmir. Bundan əvvəl o bir daha orduda sıravi əsgər olaraq qulluq etmək üçün müraciət edir. Lakin onu orduya belə almaqdan imtina edirlər.

1831-ci ildən sonra Baltimorda doğma xalası missis Klemmin evində yaşamağa başlayır. Baltimora gələr-gəlməz böyük qardaşı vəfat edir. Bundan sonra missis Klemm onun tək havadarı və anası olacaq. O, xalasını Maddi adlandıracaq. Və Maddi olmasaydı, yəqin ki, dünya ədəbiyyatının vazkeçilməz isimlərindən biri olan Edqar Allan Po da yaranmayacaqdı…

Maddi və dahi Po

Edqardan fərqli olaraq yoxsulluq Maddi üçün adi həyat şəraiti idi. Yoxsulluğundan heç də narazı deyildi və tədricən Edqar xalasının yanında normal həyat yaşamağı öyrənir. Həddindən artıq varlı həyatdan dilənçi vəziyyətinə düşən Edqar nəhayət ki, öz taleyi ilə razılaşır. Artıq demək olar ki, içmir və ciddi həyat tərzi keçirir. Amma bütün vaxtını ədəbiyyata sərf eləsə də, onu demək olar ki, heç kim çap etmir. Buna baxmayaraq, Edqar xalasının yanında ən xöşbəxt günlərini yaşayır.

Birdən-birə onun sakit həyatının yenidən dağılmaq təhlükəsi yaranır. Edqarın köhnədən qalan bir borcuna görə həbs olunmaq təhlükəsi yaranır. Vəziyyətdən çıxmaq üçün Edqar Con Allana məktub yazaraq ona yalvarır. Allan onun borcunu ödəyir, amma sonuncu dəfə.

Edqar Po dilənçi həyatı yaşamaqda davam edir. 1834-cü ildə atalığının ağır xəstə olduğunu eşidir. Vəsiyyətnamədə ona pay ayrılmasını təmin etmək üçün Po təcili yığışıb atalığının evinə gedir. Allanın ikinci arvadı onu evə buraxmaq istəməsə də, o, qulluqçuları itələyib atalığının otağına qalxır. Atalığı onu görər-görməz bağırıb dəhəşətli lənətlər yağdırmağa başlayır. Qulluqçular onu sürüyüb küçəyə atırlar…

Tezliklə qəzetlər Con Allanının öldüyünü yazırlar. Beləliklə, Edqarın atalığının mirasından pay almaq və kübar həyatı yaşamaq ümidi birdəfəlik məhv olur. Bütün ömrü boyu atalığı ilə mübarizə aparan Edqar Con Allana sonuncu dəfə məğlub olur. Amma Edqarın qələbəsi hələ irəlidədir. O, öldükdən sonra atalığına qalib gələcək və doğurdan bir dahi olduğunu bütün dünyaya sübut edəcək…

13 yaşlı qızla izdivac

Edqar bütün gücünü yazmağa sərf edir. 1933-cü ildən başlayraq o, Baltimorun ədəbi dairələrində tanınmağa başlayır. Mistik və qorxu janrında yazdığı hekayələr ilə uğur qazanır. Məşhurlaşdıqdan sonra Edqar pamfletləri ilə o dönəmin amerikan ədəbiyyatının aparıcı nümayəndərini təhqir edir. Buna görə də ədəbiyyatçılar arasında onu heç kim sevmir və düşmənlərinin sayı hər gün artır.

1836-cı ildə gizlicə Maddinin qızı Virciyniya ilə evlənir. Edqarın 27, Virciniyanın isə 13 yaşı var. Digər qohumları Edqarı lənətləsələr də, Maddi onlara xeyir-dua verir. Balaca Virciniya öz ərinə tapınır və məşhur yazıçının arvadı olduğu üçün özünü xöşbəxt hesab edir. Lakin hələ də Edqarın Virciniyaını doğurdan sevib-sevməməsi bəlli deyil. Bəzi araşdırmaçılar hesab edir ki, Edqar bir qədər ağıldan kəm olan xalası qızına öz seksual problemini gizlətmək üçün evlənib və onların arasında intim əlaqə heç bir vaxt olmayıb.

Evləndikdən bir neçə il sonra Edqarın qorxuları yenidən qayıdır və o yenidən içməyə başlayır. Tez-tez evdən gedir və uzun müddət kənarda yaşayır, bəzən isə səs-küylü qalmaqallar yaradır. Belə qalmaqallardan biri Ponun qadın yazarlar Elizabet Ellet və Frensis Oqsuda yazdığı sevgi məktubları ortaya çıxdıqdan sonra yaşanır. Virciniya Klemm onunla seksual əlaqəsi olmayan ərinin başqa qadınlara sevgi məktubu yazmasını özünə ağır dərd edir. Daha sonra 1842-ci ildə Meri Devero ilə yuxarıda bəhs olunan qalmaqal yaşanır. Buna baxmayaraq, Edqar yazmaqda davam edir.

1842-ci ildə Virciniya Klemm Po vərəmə tutulur. 1947-ci ildə ölür. Virciniyaının ölümünü Po ağır keçirir və bundan sonra demək olar ki, o tam olaraq nəzarətdən çıxır. Həkimlər ona içməyi qadağan eləsələr də, içir və yenidən hallusunasiyalar görməyə başlayır.

Artıq Edqar Ponun ruhi tarazlığı tamamilə pozulub. Buna baxmayaraq, yenə də yazmaqda davam edir.

Edqar Ponun intellektual mirası

1935-ci ildən başlayaraq Edqar Po yaradıcılığında inanılmaz sıçrayış edir. O ədəbiyyata o zamana qədər heç kimin gətirmədiyi yeni janrlar və üslublar gətirir. Buna baxmayraq, əyninə geyməyə normal pencəyi belə olmur. Artıq onu çap etsələr də aldığı qonorar qəpik-quruşdan ibarətdir…

Öz yaradıcılığı ilə Po dünya ədəbiyyatına iki yeni janr gətirib. Birincisi qorxu və dəhşət (mistika) janrı, ikinci isə detektiv. Etiraf olunmalıdır ki, hər iki janr 20 və 21-ci əsrin ən populyar janrlarından biridir. Lakin romantik ədəbiyyatın nümayəndəsi olan Edqar Ponun ən böyük üslub tapıntısı insan psixologiyasının araşdırılmasıdır. Ponun yaradıcılığı psixo-analitik təcrübələrin təməlini qoydu və 20-ci əsrdə Ziqmund Freydin nəzəriyyələri ilə psixo-analitika ayrıca elm sahəsinə çevrildi. Tipik içki düşkünü olan və ruhi sarsıntılar isində içində yaşayan Po əslində ədəbiyyatın yeni araşdırma sahələrinin təməlini qoydu və simvolizm, modernizm, həmçinin postmodernism kimi ədəbi janrlar Edqar Ponun yaradıcılığının ştrixləri ilə yola çıxdı.

Bəzilərinə görə Edqar Po süjetlərini bilinməyən hansısa alman yazıçının əsərlərindən oğurlayıb. Bu, doğru olsa belə, Ponun yaradıcılığındakı psixoloji ştrixlər onun məhz yaşadığı həyatın psixoloji təsviridir.

Edqar Po ilk sevgisindən qaçır

Virciniya öldükdən sonra Edqar iki dəfə evlənməyə cəhd edir. Birinci dəfə nişanlandığı qadın onun dəlicəsinə özündən çıxmasının şahidi olub evlənməkdən imtina edir.

Daha sonra isə tale Edqarı ilk sevgisi Elmira ilə üz-üzə gətirir. Elmira artıq dul qadındır və keçmiş sevgililər arasında yenidən sevgi hissləri alovlanır. Onlar evlənməyə qərar verirlər və toy yaxınlaşdıqca Edqar Ponun qorxuları artmağa başlayır. O, davamlı olaraq hallusunasiyalar görür və ruhi pozğunluğu son həddə çatır.

1949-cu ilin payızında bir zamanlar oxuduğu Riçmond universitetində "Peoziya prinsipləri" adlı leksiya oxumağa dəvət alır. Leksiyadan sonra ona heç bir zaman qazana bilmədiyi qonorar verirlər. Oxuduğu leksiyadan 1500 dollar alan Po yeni həyata başlamaq üçün Elmiradan qaçmağa qərar verir. (Ehtmal olunur ki, onu qaçmağa məcbur edən əsas səbəb impotent olmasıydı).

Riçmonddan Nyu-Yorka getmək üçün yola çıxan Edqar Allan Ponun qatara mindikdən sonra yaşadıqları hər kəsə sirr olaraq qalır. Ehtimal olunur ki, içkinin həkimlər tərəfindən tamamilə yasaqlanmasına baxmayaraq, Edqar qatarda içməyə başlayıb və elə qatardaca sərxoş vəziyyətdə hansısa dələduzların diqqətini cəlb edib. Hər halda onu bir həftədən sonra tapdıqda cibində qara qəpik də yoxdu.

Edqar Ponun mənşəyi

Məşhur Amerika yazarı Edqar Allan Po köçəri teatr truppasında doğulmuşdu. Onun atası Devid Po irland mənşəli idi. Anası Elizabet Arnold Po isə ingilisdi.

Edqar 1809-cu il yanvarın 19-da teatr truppasında anadan olmuşdu. O, anadan olduqdan bir neçə gün sonra isə anası yenidən səhnəyə çıxmışdı. O, səyyar aktyor ailəsi olan Poların ikinci uşağı idi. İki il sonra atası onları ataraq truppanı tərk edir. Vərəm olan anası üçüncü uşağa hamiləydi. Bir neçə aydan sonra teatrda üçüncü uşağını doğan Elizabet Po daha bir neçə aydan sonra vərəmdən ölür.

Yetim qalan uşaqların böyüyünü xalası aparır. Üçüncü doğulan uşağın taleyi haqda heç nə bəlli deyil. (Hər halda ehtimal olunur ki, o, körpəykən ölüb.) Edqarı isə uşaqları olmayan varlı Allanlar ailəsi uşaqlığa götürür. Allan atasını heç bir zaman xatırlamır. Anasını isə dumanlı şəkildə xatırladığını qeyd edir.

Qibtə olunmayacaq həyatın sonu

Edqar Allan Po 1949-cu il oktyabrın 19-da səhər saat 5-də anlaqsız vəziyyətdə öldü. Öldükdən sonra onun ölümü haqqında müxtəlif şayiələr yayıldı. Bəziləri onun siflisdən, bəziləri isə alkoqoldan zəhərlənməsini iddia edirdilər. Ölümündən sonra yazılan nekroloqda belə o, əyyaş və narkoman adlandırıldı.

Öləndən sonrakı xoşbəxtlik

Ponu Baltimorda kiçik bir qəbirstanlıqda dəfn etdilər. Dəfnində bir neçə adam iştirak edirdi. 1875-ci ildə isə artıq bütün dünyada məşhur olan yazıçının nəşini çıxarıb ikinci dəfə dəfn etdilər və qəbrinin üzərinə abidə qoydular. Arvadı Virciniyanı Klemmi, xalası və qaynanası missis Klemmi də onun yanında ikinci dəfə torpağa tapşırdılar.

Onun həyatı dəlilik və mistik xəyallar içində keçmişdi və yəqin ki, Allanların evində yaşadığı uşaqlıq illərindən savayı həyatının xoşbəxt dönəmi olmamışdı.

Po ölərkən 40 yaşı tamam olmuşdu və yaşadığı həyat heç də həsəd aparılacaq bir həyat deyildi…

Tarix
2013.11.12 / 12:23
Müəllif
Azər Qaramanlı
Şərhlər
loading...
Digər xəbərlər

Brejnev bircə ona “sən” deyə bilmirdi

Bir Sevil Nuriyeva, bir Mübariz Mənsimov var, onlar da...

“Mənə bərk-bərk sarıl” dedi, dünyam qaraldı... - Foto

Ermənilər bundan sonra yalvarmağa başladılar - Varis

KQB atamın o əsərini evdən apardı – Kərimzadə

Bolqarıstanda Bakı ilə bağlı reportaj yayımlandı - Foto

Mən fövqəlinsanam: Aqşindən Seymura qədər, hamısı... - Herisçi

Bizim Ağa müəllim: SSRİ-dən qorxmayan köhnə kişi - Foto

Ateistlərlə dindarların cəmləşdiyi məkanda müqəddəs gün – Foto

Fədayə Laçın hamısını üstələdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla