Hər adam pilot ola bilərmi?
Bu peşənin incəliyi, onların seçimi, keçdikləri yol oxucuların
marağındadır. Yeni
Müsavat pilot olmaq istəyənlərin keçməli olduğu yol barədə
arayış hazırlayıb. Maraqlıdır, hər bir adam pilotluq edə bilərmi?
Bu, nə dərəcədə mümkündür? Pilotlar hansı yoxlama, imtahanlardan
keçir, hansı bacarıqlara, fiziki, psixoloji hazırlığa malik
olmalıdır?
Ondan başlayaq ki, pilot, xüsusi və ya professional olaraq bir
hava nəqliyyat vasitəsini istifadə edən, sövq və idarə edən
adamdır. Mülki və ya əsgəri havaçılıq sektorlarında işləyirlər və
ya hobbi olaraq uçuş reallaşdırarlar.
Pilotlar oxuduqları təhsilə görə xüsusi pilot lisansı (PPL),
ticari pilot lisansı (CPL) və ya hava yolu nəqliyyat pilotu lisansı
(ATPL) sahibi ola bilərlər. ATPL lisansı ən əhatəli ticari lisans
olub, digər lisansları da əhatə edər. Bir pilot öz ölkəsində
oxuduğu lisans və dərəcələndirmələri bağlı olduğu havaçılıq
nüfuzlarının icazə verdiyi ölkələrdə istifadə edə bilər.
Psixologiyası sağlam deyilsə...
Pilot olmaq hər hansı bir müraciət, forma və ya kağızdan daha
önəmli bir şərtdən keçir. İlk növbədə insanın psixoloji sağlam
olması lazımdır. Təbii ki, mükəmməl bir insan yoxdur. Amma buna
görə kiminsə cəsarətini qırmağa da gərək yoxdur. Lazımlı testlər və
müəyyən müddət sonucunda pilot olmağa haqq qazanmaq mümkündür.
Məsələn, qonşu Türkiyədə pilotluq anlayışını əsgər və ya sivil
olaraq iki bölümdə incələməyə ehtiyac var. Əsgər pilot olmaq üçün
öncəliklə hava hərb məktəbində 4 il təhsil almaq lazımdır. Bu, həm
də "necə f16 pilotu olmaq olar" sualının cavabı kimidir. Bundan
sonra Türkiyə Silahlı Qüvvələri tərəfindən verilən mütəxəssis
təhsili alınır. Burada situasiyaya uyğun olaraq, təkamül helikopter
idarəedicisi kimi başqa təhsillər də alına bilir.
Yuxarıda dediyimiz kimi, təhsil sonucunda pilot olmağa namizəd
seçilənlər öncə yardımçı pilot, sonra da kapitan pilot ola
bilirlər. Amma təhsildən sonra özəl uçuş dərsləri verən kurslara da
qatılmaq şərtdir. Burada da lazımi kriteriyaları keçmək, lazımlı və
məcburi təhsili tamamlayaraq testlərdən keçmək gərəkir. Ancaq
bundan sonra hava yolu şirkətlərində işləməyə başlamaq olar.
Bundan başqa, lisey məzunlarının da ala bildiyi "ultralight
pilot" təhsilləri var. Bunlar kiçik həcmli təyyarələr üçün təhsil
verən kurslardır.
Sağlamlıq sertifikatları isə o qədər də asanlıqla verilmir.
Yaddan çıxarmaq olmaz ki, bunun üçün böyük həkim heyəti,
həssaslıqla nəzərdən keçirilən analizlər və ciddi psixoloqlar
ordusu var. Bundan başqa, xarici dil bilgisi də xüsusi
kriteriyalardan sayılır.
Pilot olmaq üçün lazımlı kriteriyaların siyahısına diqqət
yetirək. Pilot olmaq istəyən şəxs:
18 yaşdan yuxarı olmalıdır.
Bu iş üçün sağlamlıq arayışı almalıdır.
Beynəlxalq qaydalara görə yoxlamadan keçməsi şərtdir.
Bundan sonra xüsusi pilot təhsili deyilən bir təlimdən keçmək
lazım gəlir . Bu təlim 50 saat davam edir. Bununla paralel, 80
saata yaxın bir yer dərsi də keçmək şərtdir.
Bu təhsili bitirəndən sonra pilotlara beynəlxalq dərəcəsi olan
bir pilot dərəcəsi verilir. Bundan sonra qanunda göstərilən şərtlər
daxilində uçuş icazəsi də qazanılır.
Bunu davam etdirmək istəyənlər SPL, yəni, ticari pilot təhsilinə
davam etmək olar.
Narkotik və alkoqol asılılığının olmaması da şərtlər
sırasındadır.
Türk Hava Yollarında xarici pilotlar artıb
Daha bir maraqlı detal. Dünyada ən çox ölkəyə səfər düzənləyən
şirkət kimi tanınan "Türk Hava Yolları" ilə uçmaq istəyən əcnəbi
pilotların sayında son illər artım yaranıb.
THY-də ən çox çalışmaq istəyən xarici pilotlar almanlardır.
Onlardan sonra sıyahıda yunanlar, ispanlar, italyanlar, hollandlar,
belçikalılar və ingilislər yer alır. Ümumilikdə isə THY-də 158
əcnəbi pilot çalışır. Pilotluq üçün lazımi kriteriyalara sahib olan
əcnəbi pilot namizədləri müraciətlərinin ardınca təkrarən bir
testdən keçirlər. Pilot namizədlərinin haqlarında ədliyyə
orqanlarında arxiv qeydləri alınır. Bu, onların daha öncədən
məhkumluğu, axtarışda olub-olmadığını üzə çıxarmaq üçündür. Yaşayış
yerindən arayış, ICAO Annex-1’deki və JAR FCL-3-dəki "ticari hava
yolu pilotu şərtləri"nə uyğunluq, son 1 il içində uçuşlarına 6
aydan çox fasilə verməməsi və lazımi səviyyədə ingilis dili
bilgisinin olması şərtlər sırasındadır.
Birinci pilot biznes klass yeməyi yeyir, ikinci
isə...
Amma bu, pilotlarla bağlı bilməli olduğumuz yeganə məlumat
deyil. Bəzi fərqli detallara da diqqət edək:
1.Pilotlar fərqli yeməklərlə qidalanır. Ekipaj üzvlərinin
hamısının birdən zahərlənməsi riskini azaltmaq üçün 1-ci pilot
biznes klass yeməkləri ilə qidalanır, 2-ci pilota isə digər
yeməklər verilir.
2. "Boeing-747" 6 mln-dan çox detaldan ibarətdir və ən məşhur
sərnişin və yük daşıma təyyarəsidir. Onu tez-tez "Səma kraliçası"
və ya "Cambo Cet" (Jumbo Jet) adlandırırlar. Təyyarənin 6 mln-dan
çox ehtiyat hissəsi pilot komandasının nəzarəti altında olur və bu
hissələr knopkalar vasitəsi ilə idarə olunur.
3. İnsanların 80%-i uçuşdan qorxur. Akrofobiya yüksəklik
qorxusudur. Aerofobiya isə məhz təyyarələrə qarşı olan qorxudur və
bunu yüksəklikdən olan qorxu ilə (akrofobiya) qarışdırmaq düzgün
deyil. Çünki akrofobiyadan əziyyət çəkən insanlar hətta 1 metrlik
yüksəklikdə də qorxu keçirdə bilər.
4. Boeing-747-nin hər bir mühərriki 4000 kq ağırlığındadır. 4000
kq ağırlığında olan hər bir mühərrikin qiyməti isə 8 mln. dollar
dəyərindədir.
5. Dünyada ən sıx və yüklənmiş hava limanı; Beynəlxalq
Hardsfil-Cekson Atlanta hava limanı sərnişin daşımalarında ən çox
yüklənmiş hava limanıdır (1998-ci ildən bu günə qədər hər gün 260
min sərnişin). 2012-ci ildə bu hava limanı təxminən 95 mln.
sərnişin qəbul edib.
6. "Boeing-747" təyyarəsinin sürəti. Dünyada ən çox tanınan
təyyarənin sürəti də özü kimi heyrətləndirir : 955 km/saat.
7. Dünya əhalisinin cəmi 5%-i hava nəqliyyatından istifadə edib.
Avia-sferanın sürətli inkişafına baxmayaraq zəif inkişaf etmiş
ölkələrin əhalisi bu xidmətdən məlum səbəblərə görə istifadə edə
bilmir.
8. Təyyarənin köhnəliyi vaxtla yox, onun həyata keçirdiyi
hermetizasiya tsiklləri ilə ölçülür. Adətən 20 yaşlı təyyarənin
hesabında 51 min uçuş saatı və 75 min hermetizasiya tsikli var.
Əgər təyyarə uzunmüddətli uçuşlar həyata keçirirsə, o zaman o,
hermetizasiya tsikllərinə daha az məruz qalır. Təbii ki, helə
təyyarələr öz kompaniyalarına 20 ildən çox xidmət göstərir.
9. Dünyada ən çox uçuş həyata keçirən insan; "United Airliness"
Tom Staneri "daimi müştəri" adlandırır. Belə ki o, 2012-ci ildə 1
mln. mil məsafəni təyyarədə uçuş zamanı olub. Uçuşların hamısı
"United Airliness" kompaniyasının təyyarələrində, 1-ci klassda
həyata keçib. Tom Staner 59 yaşlı satış üzrə təmsilçidir və onun öz
sözlərinə istinadən uçuşların çoxu işgüzar uçuş olub.
10. Dünyada ən sürətli təyyarə. "Lockheed SR-71 Blackbird"
pilotla idarə olunan ən sürətli reaktiv təyyarə hesab olunur. Onun
sürəti 3530 km/saat-a qədər arta bilir. Bu rekord ilk dəfə pilot
U.Coerz və T.Morqan tərəfindən təyin olunub...
Azərbaycanda pilotların durumu ilə bağlı vəziyyət də nəzarət
altındadır. Bu barədə zaman-zaman AZAL sözçüləri səviyyəsində
mediaya açıqlamalar verilir. Ümumiyyətlə, Azərbaycanda mülki
aviasiya sahəsinə ümumi nəzarət və rəhbərliyi Uçuşların
Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA) edir. Təyyarələri idarə
edən pilotların seçilməsində isə beynəlxalq standartlar, Beynəlxalq
Mülki Aviasiya Təşkilatının (ICAO) müəyyən tələbləri var. Bundan
başqa, Azərbaycanda pilotlar hələ Milli Aviasiya Akademiyasına
(MAA) qəbul olunanda öz qabiliyyətlərinə, sağlamlığına və bir sıra
digər məsələlərə görə seçilirlər. Əgər abituriyentlər bu meyarlara,
şərtlərə cavab vermirlərsə, o zaman onlar müvafiq fakültələrə qəbul
olunmurlar. Daha sonra isə pilotların psixoloji durumunda və
sağlamlığında ümumən baş verə biləcək dəyişiklikləri nəzarətdə
saxlamaq üçün onlar mütəmadi olaraq tibbi müayinədən keçirilirlər.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya poliklinikasında
xüsusi komissiya var. Həkim-uçuş ekspert komissiyası pilotları
xüsusi diqqət mərkəzində saxlayır. Pilotlar hər uçuşdan qabaq
mütləq komissiyada müayinədən keçirlər.
Hətta bəzi hallarda həmin komissiya bəzi pilotların uçuşa
çıxmalarına qadağalar qoyub. Belə ki, pilot israrla 25 min saatlıq
uçuş təcrübəsinin olduğunu və yenə də uçmaq istədiyini bildirib.
Lakin onun sağlamlığında kiçik də olsa qüsur olduğundan dərhal
uçuşdan kənarlaşdırılıb. MAA-nın "Uçuş mühəndisliyi (Pilot)" və
"Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi
(Dispetçer)" ixtisaslarına Heydər Əliyev Beynəlxalq Aeroportu
Aviasiya poliklinikasının Həkim-uçuş ekspert komissiyasında xüsusi
tibbi müayinə keçmiş, Azərbaycan vətəndaşlığı olan 23 yaşına qədər
abituriyentlər qəbul edilirlər. Bundan başqa, həmin abituriyentlər
MAA-da "Psixofizioloji peşə seçimi" və "Fiziki hazırlıq" üzrə
xüsusi qabiliyyət müsabiqələrindən keçirlər. Daha sonra da kursant
olarkən onların psixofizioloji və fiziki durumları daim nəzarətdə
saxlanılır. Beynəlxalq tələblərə uyğun olaraq bu sahədə yeni
qaydalar hazırlanır.