Bakı-Tiflis-Qars dəmiryol xətti ilə sərnişinlərin
daşınması üçün Azərbaycan Türkiyədən daha 30 vaqon
alacaq.
Bunu Trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı
Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov
deyib. Onun sözlərinə görə, artıq bununla bağlı danışıqlar
yekunlaşıb və vaqonlar sifariş olunub.
Sözügedən qatarlarda sərnişinlərin rahatlığı üçün ən yüksək
şəraitin qurulacağını deyən N.Əzməmmədov qeyd edib ki, vaqonlar
Azərbaycana 2016-cı ildə gətiriləcək: "Qatarlar bir mərtəbəli
olacaq. Müasir standartlara uyğun bütün şəraitə malik olacaq
qatarlarda "wi fi" sistemi ilə yanaşı, bir sıra başqa yeniliklərin
də olacağı istisna olunmur. Sərnişinlər Bakıdan Qarsa bir günə gedə
biləcəklər. Amma bir müddət sonra isə yəqin ki, sərnişinlər mənzil
başına bundan daha tez gedib çıxa biləcəklər".
N.Əzməmmədov gediş haqqı qiymətlərinin Türkiyə və Gürcüstanla
razılaşdırılacağını qeyd edib.
QSC rəsmisi həmçinin qeyd edib ki, bu ilin sonuna kimi
Bakı-Tbilsi-Qars kəməri ilə artıq yüklərin də daşınmasına
başlanılacaq. Onun sözlərinə görə, bu istiqamətdə son tamamlama
işləri aparılır: "2015-ci ilin sonları bizim ilk qatarlarımız
Türkiyə sərhədinə gedib çıxacaq. Bizim standartlar Avropadakından
fərqli olduğu üçün Axalkalakidə arabacıqların dəyişdirilməsi
stansiyası tikilir. Həmçinin yeni körpünün inşası da aparılır.
İşlər yekunlaşandan sonra bu dəmir yolu xətti ilə 5 və ya 6 milyon
yükün daşınması nəzərdə tutulur. Sonrakı illərdə isə 15 milyona
qədər yükün daşınması planlaşdırılır".
Qeyd edək ki, BTQ dəmiryol xətti layihəsi 68 km-i Türkiyə
ərazisindən, 30 km-i Gürcüstan ərazisindən, həmçinin Gürcüstanda
Tbilisi-Axalkalakidə 183 km sahənin rekonstruksiyası daxil olmaqla
98 km uzunluqda Qars-Axalkalaki dəmir yolunun tikintisini nəzərdə
tutur.