Bakıda yeni "Lamborghini" avtomobilinin "Huracan LP
610-4 Spyder" modeli satışa çıxarılıb.
Fins.az-ın məlumatına görə, təqdimat
mərasimində çıxış edən "Lamborghini"nin Bakıdakı rəsmi dilerinin
rəhbəri İbrahim Əhmədov yeni modelin əvvəlki "Lamborghini Gallardo
Spyder" modelinin davamı olduğunu bildirib.
Avtomobilin damı 3 rəngdə təqdim edilir
Avtomobil ilk dəfə 2015-ci ildə Frankfurt avtoşousunda təqdim
olunub. İbrahim Əhmədov bildirib ki, yeni modelin ən cəlbedici
xüsusiyyəti onun yeni yumşaq üstüdür. Belə ki, avtomobilin damı
qara, qırmızı və qəhvəyi rənglərində təqdim edilir. Bundan əlavə,
karbon lif və aliminium işləmələr sayəsində avtmoblinin çəkisi də
azalaraq 1542 kiloqram olub. Bu isə modelin daha sürətli olmasına
imkan yaradıb.
Şəhər yollarında 18 litr yanacaq işlədir
Yeni "Huracan LP 610-4 Spyder" 610 at gücündə 5.2 l həcmli
mühərriklə təhciz edilib. Avtomobili 100 km/saat sürəti 3,4
saniyəyə yığır. Maksimum sürəti isə 324 km/saatdır. Avtomobil şəhər
yollarında 18 litr, qarışıq olaraq isə 12-13 litr yanacaq
işlədir.
Yeni "Lamborghini" 275 min avroya satılır
Avtomobilin qiymətinə gəlincə, İ.Əhmədov bildirib ki, yeni
"Huracan LP 610-4 Spyder" 275 min avroya satılır. Əlavə təhcizatdan
aslı olaraq avtomobilin qiyməti bu qiymətdən aşağı və ya yuxarı ola
bilər. Avtomobilə 3 illik zəmanət verilir.
Bakıda 5 "Lamborghini" satılıb
Qeyd edək ki, "Huracan LP 610-4 Spyder" Bakıda satışa çıxarılan
sayca 6-cı "Lamborghini"dir. 2014-cü ildən indiyə kimi Bakıda
"Aventador", "Gallardo", "Huracan" modellərində 5 avtomobil
satılıb.
İranlılar "Lamborghini"ni Bakıdan almaq
istəyir
İbrahim Əhmədov bildirib ki, Bakıda satılan "Lamborghini"
avtomobillərini qonşu ölkələrdən də sifariş etmək istəyənlər var.
Məsələn, İranda bu avtmobillərin rəsmi nümayəndəliyi fəaliyyət
göstərmir. İran vətəndaşları Bakıdan bu avtomobilləri sifariş etmək
istəyirlər. Qonşu ölkədə qoyulan qadağalara görə, onlar
"Lamborghini" modellərini Bakıdan ala bilmirlər. Bununla yanaşı,
İran və Gürcüstandan "Lamborghini" avtomobillərinin servisi ilə
bağlı müraciətlər edilir. Və "Avtolux Azərbaycan" şirkətinin
əməkdaşları bu ölkələrdə də səyyar xidmət göstərir.