Onlar haqda artıq filmlər də çəkilib. Gizli "ovçular" –
ABŞ pilotsuz təyyarələri dünyanın fərqli nöqtələrində Amerikanın
düşmənlərini "ovlayır". Ən son olaraq mayın 21-də Taliban lideri
Molla Mansur ABŞ pilotsuz aparatlarının endirdiyi zərbələr
nəticəsində öldürüldü.
Hələ 2013-cü ildə BMT-nin rəsmi hesabatlarında ABŞ pilotsuz uçan
aparatlarının (PUA və ya "Dron") zərbələri nəticəsində 400-ü
Pakistanda olmaqla dünya üzrə 500-dən artıq dinc insanın öldüyünü
açıqlamışdı. Aradan 3 il keçib və yəqin ki, rəqəmlər daha da artıb.
Amma dəqiq çalışan silah olaraq PUA-ların öldürdüyü cinayətkar,
terrorçu sayı dəfələrlə çoxdur. Təkcə Pakistanda Barak Obama ABŞ
prezidenti olduqdan sonra aktiv fəaliyyət göstərən PUA-lar əl-Qaidə
və Taliban liderləri də daxil olmaqla yüzlərlə terrorçu
öldürüb.
Dağların əvəzolunmaz "ovçuları"
İlk pilotsuz təyyarənin 100 il əvvəl planlandığı bilinsə də, bu
gün haqqında bəhs edəcəyimiz silahlı və terrorçu ovlayan uçan
pilotsuz aparatlar ilk dəfə 2001-ci ildən fəaliyyətə başlayıb. Ona
qədər daha çox kəşfiyyat, təhqiqat, araşdırma kimi fərqli sahələrdə
istifadə olunan PUA-ların ilk silahlı versiyası olan "MQ-1
Predator" 2001-ci ildə Pakistan və Özbəkistandakı bazalarda
uçuşlara başlayıb. Hədəf isə məlum idi: Əfqanıstanda "əl-Qaidə" və
Taliban silahlılarını məhv etmək. ABŞ ordusu dağlarda Taliban
silahlıları ilə savaşda faktiki olaraq uğur qazana bilmirdilər.
Çünki ərazinin relyefi döyüş texnikaları üçün uyğunsuz idi,
üstəlik, talibançılar bölgəni çox yaxşı tanıyır və daha əvvəl
sovetlərə qarşı tətbiq edilən taktikanı indi amerikalılara qarşı
tətbiq edirdilər. Hətta helikopterlər belə canlı qüvvə itkisi
baxımından dağlarda gözlənilən effekti vermirdi.
Ancaq bunun əvəzinə pilotsuz uçan aparatlar uzun müddət havada
qalır və dağların arxasında, ən uzaq kəndlərdə belə talibançıları
izləyir, daha sonra isə effektiv zərbə ilə məhv edir. Getdikcə
PUA-ların fəaliyyət əraziləri genişləndi. İndi onlar Əfqanıstanla
yanaşı, Pakistan, Yəmən, İraq, Afrika ölkələrində (Somali) və
nəhayət, Suriya ərazilərində istifadə olunur.
Nevadada otur, Əfqanıstanda vur
PUA-lar savaşlara 2002-ci ildə daxil olsalar da sürətlə
artırlar. 2002-ci ildə, yəni fəaliyyətə başladığı zaman ABŞ ordusu
və kəşfiyyat (CİA) 167 PUA-ya sahib olduğu halda hazırda planetin
"qaynar nöqtələrində" 12 mindən çox "hava ovçuları" dolaşır. Ancaq
hələlik ABŞ ordusunda silahlı PUA-lar ümumi pilotsuz aparatların 1
faizini təşkil edir. Və təbii ki, bu rəqəm ildən-ilə böyüyür.
Son illərin sürətli inkişafı nəticəsində hazırda dünya silah
bazarında PUA-ların çəkisi ümumu bazarın 5 faizini təşkil etsə də,
bu rəqəm sürətlə artır. Qərb silah ekspertlərinə görə, 2023-cü ilə
qədər 90 milyard dollara çatacaq. Xüsusən də silahlı "dron"lar
bahalı olduğu üçün məsrəflərin daha da artacağı gözlənilir.
ABŞ pilotsuzlarının 90 faizi Nevada ştatında yerləşən bazalardan
idarə olunur. Burda "pilotlar" Pakistandakı, Yaxın Şərqdəki hərbi
bazalardan qalxan qurğuları idarə edir, kəşfiyyat, araşdırma
uçuşları həyata keçirir və ələ keçən yaraqlıları raket zərbələri
ilə məhv edir. Bu zaman hərbçilərin işi yalnız bu aparatların
havaya qalxması və enməsini təmin etmək, eləcə də endikdən sonra
yenidən silahlandırıb, yeni uçuşa hazırlamaqdan ibarət olur.
Bununla da faktiki olaraq yeni savaşlarda "əsgər izi" olmur.
Təbii ki, hələlik döyüşçülərin birbaşa əməliyyatlarından imtina
etməkdən söhbət gedə bilməz. Ancaq hətta bu zaman belə dəqiq hədəf
müəyyən edilməsi, əməliyyat zamanı hərbçilərə bilgi və kəşfiyyat
dəstəyi məhz PUA-lardan gəlir.
Artıq ABŞ-la yanaşı, İsrail, Britaniya, Fransa, Almaniya, Rusiya
kimi ölkələrdə də silah daşıya bilən böyük həcmli pilotsuz uçan
aparatlar istehsal edir. Kiçik model insansız uçan aparatları isə
artıq kiçik texnologiya şirkətləri də istehsal edir və sərbəst
bazarda satılır.
Artıq silahlı uçan aparatların da siyahısı böyüyüb. Daha əvvəl
əsas silah hesab olunan "Predator"un ölçüsü 500 kiloqram
ağırlığında idi və maksimum 1080 km uça bilirdisə, ABŞ istehsalı
olan son model X-47B PUA-ları 6,3 ton ağırlığındadır və 12,5 min
metr yüksəkliyə, 3380 km uzağa uça bilir. Ancaq hələlik X-47B
aparatları döyüş əməliyyatlarına buraxılmayıb.
Pilotsuz uşan aparatların ''əl işi''
Qeyd edək ki, pilotsuz uçan aparatlardan savaş məqsədilə ABŞ
Müdafiə Nazirliyi ilə yanaşı Mərkəzi Kəşfiyyat İdarəsi (ingiliscə
CİA) da istifadə edir. Amerika kəşfiyyatı izlədiyi, çox axtarılan
terrorçuları məhz bu aparatlar vasitəsilə məhv edir. 2011-ci ildə
əl-Qaidə liderlərindən olan Ənvər əl-Əvlaki Yəməndə CİA-ya məxsus
PUA-ların atdığı "Cruise" raketləri vasitəsilə məhv edilmişdi.
ABŞ-ın Yaxın Şərqdə, xüsusən də Yəməndə pilotsuz aparatlarla həyata
keçirdiyi əməliyyatların əsas bazası Səudiyyə Ərəbistanı ərazisində
yerləşən hərbi bazadır. 1991-ci ildə Körfəz müharibəsi zamanı
qurulan bu bazada hazırda 5-10 min arası hərbçinin olduğu ehtimal
edilir. ABŞ pilotsuz aparatları bu bazadan qalxaraq qonşu Yəməndə
kəşfiyyat və antiterror əməliyyatları həyata keçirir.
Ancaq hələlik rəsmən açıqlanmasa da, Suriya və İraq ərazilərində
ABŞ pilotsuzlarının fəaliyyət göstərdiyi ehtimal olunur. Çünki
hazırda bu bölgələrdə qanlı savaş gedir və İŞİD, "əl-Qaidə" kimi
terror qrupları bu ərazilərdə yayılıb. Mümkün deyil ki,
amerikalılar İraq və Suriya ən çox axtarılan terrorçuları
izləməsin. Eyni sözləri İsrail haqda da demək olar. Keçən aylarda
Suriyada "Hizbullah" komandirlərinin öldürülməsi ssenariləri PUA
"əl işinə" daha çox bənzəyirdi, nəinki silahlıların atdığı top
atəşlərinə.
Gələcəyin silahı
Bir çox ekspertlərə görə, gələcəyin savaş maşınları məhz PUA-lar
olacaq. Artıq məşhur F-16 qırıcılarının da pilotsuz şəkli
hazırlanıb. QF-16 adlandırılan qırıcılar saatda 2414 km sürət
yığmaq və 15 min metr yüksəyə qalxmaq imkanına malikdir. Yeni nəsil
qırıcıların əsas üstünlüyü pilotların təyyarədə deyil, kənarda
olmasıdır. Məhz bu imkanları ilə pilotsuz aparatlar daha az yanacaq
sərf etmək, daha yüngül olması (pilot üçün nəzərdə tutulan
konstruksiyaların olmaması nəticəsində - K.R) səbəbi ilə daha çox
silahlanma, nəhayət, canlı itki riskindən qorunması ilə daha üstün
bir texnologiya olaraq dünya ölkələrinin diqqətini çəkir.
Savaş vəziyyətində olan Azərbaycan ordusu da bir neçə ildir
hərbi arsenalında PUA-lar əlavə edib. Azərbaycan əsasən İsraillə bu
sahədə əməkdaşlıq edir.
Musavat.com