Baş nazirin babası Əli
Kamalın nəvəsi Boris!
Hörmətli mətbuatımız xorla eyni xəbəri
verir…
Əli Kamalın nəticəsi Boris Conson İngiltərənin xarici işlər
naziri olub. Ulu babası Osmanlıda daxili işlər naziri idi, nəticəsi
kraliçanın xarici işlər naziri oldu.
*
Doğru.
*
Amma bu, hamısı deyil.
*
Doğru tərəfi budur… Əli Kamal 1903-cü ildə İsveçrədə özündən 10
yaş kiçik Vnifredə aşiq olub. Vnifredin anası ingilis, atası
isveçrəli idi. Evləndilər. Nigahı Papa kəsdi. Vnifred müsəlman
olmadı, amma Əli Kamal həyat yoldaşına "Fitrət" adı verdi. İlk
uşaqları bir aylıqkən öldü. Sonra Səlma, sonra Osman doğuldu.
1909-cu ildə Fitrət 26 yaşında vəfat etdi. Əli Kamal depressiyaya
düşdü, bir müddət Londonun Uimbldon rayonunda yaşamağa çalışdı,
amma yaşaya bilmədi. Uşaqlarını qayınanası Marqaretə əmanət etdi,
"vəziyyət düzəlincə, uşaqları yanıma aparacağam", - dedi. İstanbula
döndü. Birinci Dünya savaşı başladı. İstanbul işğal olundu.
Məmləkət yanğın yerinə döndü. Uşaqları gətirə bilmədi. Nənə
Marqaret uşaqları ingilis kimi böyütdü. Osman adını dəyişib,
Vilfred oldu. Zabit oldu, pilot oldu. İkinci Dünya müharibəsində
göstərdiyi şücaətə görə, İngiltərə Yüksək Ləyaqət Medalı aldı.
Evləndi, oğlu oldu. Oğlu da evləndi, Boris doğuldu… İndi
deyəcəksiniz ki, Boris adında ingilis olar? Rus adına bənzəyir axı?
Haqlısınız… Tam adı Aleksandr Boris de Pfeffel Conson… Anası ilə
atası Meksikada tətildə ikən anası hamilə olur, doğuş əlamətləri
yavaş-yavaş başlayır. Həyəcanlanırlar. Doğuşu Meksikada etmək
istəmirlər. Hava limanında tələm-tələsik bilet axtararkən bir
rusiyalı iş adamı yaxşlıq edir, özünə aid Nyu York biletini onlara
bağışlayır. Doğuş Nyu Yorkda olur. Xeyirxah rusun xatirəsinə Boris
adı əlavə olunur. Boris böyüyür, jurnalist olur, siyasətə atılır.
Mühafizəkarlar Partiyasından millət vəkili olur, London meri olur.
Və Xarici İşlər naziri olur.
*
Yaxşı, bəs natamam tərəf nədir?
*
O da bu…
*
Jurnalist idi Əli Kamal.
İngilis nökəriydi.
Vəhdəddin ilə birlikdə İngilis Dostları Dərnəyinin qurucusu
idi.
Milli mübarizəyə düşmən idi.
"Avropa ilə başa çıxmağı hansı Asiya qövmü bacara bildi ki, biz
də bacara bilək", - deyə, məqalələr yazılırıdı. Bugünkü AB-çilər
kimi, avropalıların başımızda üstündə durmasını istəyirdi.
*
Mustafa Kamala nifrət edirdi, millətin başının bəlası olaraq
görürdü. "Onunla salamlaşmaq quldura əl uzatmaqdır", - deyirdi.
Hətta… "Dəlmə-deşik bir ordu, döyüşüb dururlar. Ağıllarına nə gəldi
edirlər, "tam azadlıq istəyirik", deyib dururlar, halbuki ərəb nə
demiş, "əlhəkmü limən qalebe" - qalibin dediyi olar, bu qədər
sadə", - deyirdi.
*
Sürətini azalda bilmir, Mustafa Kamalçıları "sevinclə" belə
təsvir edirdi: "Canları yanır, əhvalları çox pisdir, çoxu
ayaqyalındır. Təchizatları zəifdir, gəl ki, bir neçə yük maşınları
var, amma heç birini istifadə etmək olmaz. Mühərrikləri xarabdı,
təmir etmək olmur. Yanacaqları yox, ehtiyat hissələri yox, daşımaq
üçün yalnız camışları var. Mustafa Kamalçılar faydalı bir işə
yaramaz, şükür, sayları azdır, xəstələnmiş üzv kimi kəsib
atılmalı!".
*
Belə xain idi.
*
"Sərsəri" deyirdi Mustafa Kamala… "Mədəniyyət dünyasını
əleyhimizə çevirmək üçün Anadoluda inanılmaz dəliliklər, cinayətlər
törədilir", - deyirdi. "Eyy müsəlman qardaşlarımız, təşkilat-i
milliyəyə aldanmayın. Bolşevik başı daşıyan yurdsuz sərsərilərdir
bunlar", - deyirdi. "Bu millətçi məxluqlar qədər başları əzilmək
istəyən ilanlar xəyal edilə bilməz, düşmən onlardan min kərə
yaxşıdır", - belə deyirdi.
*
Nəticədə…
Cavabını ağır ödədi.
Linç edildi.
*
Övladlarını İngiltərədə qoyub İstanbula gələndə ikinci dəfə
evlənmişdi. Özü 44 yaşında ola-ola Topxana marşalı Zəki Paşanın 18
yaşlı qızı Səbihə ilə nikaha girmişdi. Bir oğlu da olmuşdu.
*
Əli Kamal öldürüləndən sonra Səbihə oğlu ilə İsveçrəyə getdi.
Oğlu hüquq təhsili gördü, universiteti bitirən kimi "məmləkətə
dönəcəyəm", - deyə, təkid etdi. Ailə böyükləri etiraz etdi, "səni
orada yaşatmazlar", - deyə, dil tökdülər, amma nə fayda… Mindi
qatara, Ankaraya gəldi. İngiliscə, almanca, fransızca bilən
təcrübəli bir gənc idi. Xarici İşlər Nazirliyinin məmur imtahanına
girdi, qazandı.
*
Prezidentimiz İsmət İnönü idi. İmtahanı qazananların sənədlərini
gətirdilər, masasına qoydular. Birinin üzərində "mənfi" qeydini
gördü. "İşə götürülməsi uyğun deyil", yazılmışdı. Açdı sənədi,
oxudu. Qırmızı qələmlə bildirilirdi, Əli Kamalın oğlu idi…
*
"Mənfi"nin üstündən xətt çəkdi, "müsbət" etdi. "Uyğun deyildir"
sözünün üstündən xətt çəkib "uğun edirəm", yazdı, imzaladı.
"Dövlətə kin yaraşmaz, biz bu cümhuriyyəti qanla qurduq, amma
insanlıqla böyüdəcəyik, - dedi və əlavə etdi: - Mən bunu Atatürkdən
öyrəndim".
*
Millətçilər…
Bax budur.
*
Əli Kamalın oğlu Zəki Kuneralpdı. Paris, Bern, London, Madrid
səfirimiz oldu. Xarici İşlər Nazirliyinin katibi oldu. Ancaq Əli
Kamal ABŞ-ın təsiri ilə şərqdəki şəhərlərimizi qızıl qarşılığında
ermənilərə satmağımızı məsləhət görürdü… Qədərə baxın ki, oğlu
Madriddə məhz ASALA-nın hücumuna məruz qaldı – xidməti avtomobilinə
atəş açıldı. Zəki Kuneralp avtomobildə deyildi. Həyat yoldaşı Necla
Kuneralp, bacanağı, təqaüddə olan səfir Bəşir Balçıoğlu və
ispaniyalı sürücü Antonio Torres həyatını itirdi.
*
Bitmədi…
Əli Kamalın nəvəsi, Zəki Kuneralpın oğlu Səlim Kuneralp babasına
açılan yolla getdi. Stokholm və Seul səfirimiz oldu, AB-də daimi
təmsilçimiz oldu, Dünya Ticarət Təşkilatında təmsilçimiz oldu.
*
Çünki…
Bu cümhuriyyəti quran millətçilər onlara "başı əziləsi ilan,
kəsilib atılmalı xəstə üzv", deyən, "edam" edilmələrini istəyən
vətən xaininin cinayətini övladlarına çəkdirməmiş, sahib çıxmış,
bağrına basmış, səndən-məndən ayırmamış, ayrı-seçkilik
etməmişdi.
*
Və bu cür vəziyyətdə…
"Əli Kamalın nəticəsi İngiltərə Xarici İşlər naziri oldu", deyə
tərifləyə-tərifləyə yazan, o biri nəvəsini yazmayan, o biri
nəvəsindən bir cümlə belə bəhs etməyən hörmətli mətbuatımız
millətçilərə nə deyir?
*
İrqçi, faşist, inqilabçı, xəstə təfəkkürlü deyir.
*
Ay sizi…
2016-cı il istehsallı Əli Kamalçılar!
(Uyğunlaşdırdı: Hacı Qulu)