Qarabağ müharibəsində ermənilərin xalqımıza qarşı
törətdikləri daha bir qətliama aid faktlar yayılıb.
Axar.az xəbər verir ki, araşdırmaçı-jurnalist Sultan Hümbətovun
yayımladığı "Ballıqayada soyqırım" adlı yazısında hadisələrin
gedişatı ardıcıllıqla göstərilir:
"1992-ci il mayın 18-dən sonra Ermənistan Silahlı Qüvvələri
tərəfindən işğal edilmiş Laçın rayonundan olan məcburi köçkünlər -
Abdullayev Abdulla Bədəl oğlunun, Hümbətov Vəzir İsmayıl oğlunun,
Məhərrəmov Kamil İbrahimxəlil oğlunun, Məhərrəmov Cəmil
İbrahimxəlil oğlunun, Mehdiyev Binnət Hümbət oğlunun, Mehdiyev
Hümbət Əbülqasım oğlunun, Mehdiyev Məhəmməd Əbülqasım oğlunun,
Mehdiyev Rəhbər Məhəmməd oğlunun ailələri Xanlar rayonunun (Göygöl
rayonu) ərazisində, Murovdağın ətəklərində, Sarıqaya deyilən
ərazidə doğma yurda - Laçına dönmək ümidi ilə müvəqqəti
məskunlaşdılar.
Alməmmədov Şəmil Alməmməd oğlunun və Alməmmədov Səxavət Şəmil
oğlunun ailələri isə Xızı rayonunun Fındığan kəndində məcburi
köçkün kimi yerləşdi. Ailələrin məskunlaşdıqları ərazilərin
heyvandarlıq üçün əlverişsiz olması səbəbindən yeni yurd yeri lazım
idi. Yaxın qohumluq əlaqələri olan bu ailələrin başbilənləri bir
yerə toplaşıb məsləhətləşdilər. Son nəticə olaraq Goranboy
rayonunun Ballıqaya kəndinin ərazisində Gülüstan meşəsi
yaxınlığındakı otlaq sahələrində məskunlaşmağı qərara aldılar.
Beləliklə, 1992-ci il avqustun son günlərində məcburi köçkünlük
həyatına yeni qədəm qoymuş, Azərbaycan Respublikasının müxtəlif
bölgələrində məskunlaşan, yuxarıda adları qeyd edilən 10 ailə
heyvandarlıq üçün daha əlverişli şərait yaratmaq məqsədi ilə həmin
ərazidə alaçıqlarda (çadırda) müvəqqəti məskunlaşdılar.
Ərazidə yerləşən ailələrdən olan qadınlar su gətirmək üçün
səhəng götürüb bulağa gedirlər. Bulaq başında olan zaman hiss
edirlər ki, sanki kimsə onları güdür. Ətrafda insan nəfəsi duyulur.
Geri dönəndə bu barədə evdəkilərə məlumat verirlər və buradan geri
dönmələrini ailə başçılarından xahiş edirlər. Lakin heç kəs bu
məsələyə inanmır. Qadınlara izah edirlər ki, hissləriniz sizi
aldadır. Beləcə, bir gün ötür, 28 avqust 1992-ci il tarixində,
səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin diversiya
qrupunun 10-12 nəfər üzvü alaçıqlarda yuxulayan dinc sakinləri
xüsusi amansızlıqla, iriçaplı silahlardan və qumbaraatanlardan
atəşə tutur. Atəşə tutulan yaşayış alaçıqları meyitlərlə birgə
tamamilə yandırılır.
Atəş sonunda dinc sakinlərdən 24-ü şəhid oldu, təsadüf
nəticəsində 5 nəfər ağır yaralandı, 4 nəfər isə yüngül xəsarətlər
aldı. Törədilmiş soyqırımda Abdullayev Abdulla Bədəl oğlu,
Abdullayev Fərman Abdulla oğlu, Abdullayeva Səadət Abdulla qızı,
Alməmmədova Kəmalə Şəmil qızı, Alməmmədova Minarə Əbülqasım qızı,
Alməmmədova Zeynəb Şəmil qızı, Hümbətov Bəxtiyar Vəzir oğlu,
Hümbətov Canpolad Vəzir oğlu, Hümbətov Elçin Vəzir oğlu, Hümbətov
İsmayıl Vəzir oğlu, Hümbətov Nəbati Vəzir oğlu, Hümbətova Gülnar
Vəzir qızı, Hümbətova Hürzaman Qara qızı, Mehdiyev Fikrət Hümbət
oğlu, Mehdiyev Hümbət Əbülqasım oğlu, Mehdiyev Mehdi Hümbət oğlu,
Mehdiyev Rəhbər Məhəmməd oğlu, Mehdiyeva Ayna Hümbət qızı,
Mehdiyeva Bəyim Aydın qızı, Mehdiyeva Gülayə Əli qızı, Məhərrəmova
Qənirə İbrahimxəlil qızı, Kəlbalıyeva Nübar Muradxan qızı,
Mehdiyeva Suraya Məhəmməd qızı, Vəliyeva Zeynəb Hüseyn qızı
şəhidlik zirvəsinə ucaldılar.
Soyqırım qurbanlarından ən kiçiyi 6 aylıq olub, ən yaşlısının
isə 93 yaşı var idi. Meyitlərin bir çoxu tamamilə yanaraq tanınmaz
hala düşmüşdü. Şəhid olanlar Azərbaycan Respublikasının müxtəlif
bölgələrində, Bərdə rayonunun inzibati ərazi vahidində yerləşən
Qaradəmirçi kəndində, Bərdə rayonunun Alpout və Nazırlı, Ağdam
rayonunun Güllücə kəndlərində dəfn olunub.
Alaçıqları xüsusi qəddarlıqla atəşə tutan erməni faşistləri heç
kəsin sağ qalmadığını zənn etsələr də, ailə üzvlərindən Məhərrəmov
Yaqub Cəmil oğlu, Abdullayeva Züleyxa İbrahimxəlil qızı,
Alməmmədova Şəhla Məhəmməd qızı, Mehdiyeva Lamiyə Rəhbər qızı,
Mehdiyeva Elxan Rəhbər oğlu, Mehdiyeva Məhəmməd Rəhbər oğlu,
Məhərrəmov Xoşbəxt Kamil qızı, Muradova Xuraman Məhəmməd qızı
ölümün cəngindən xilas oldu. Onlar ağır və yüngül olmaqla müxtəlif
dərəcədə zədələr almışdılar. Soyqırım zamanı yaralanmış 3 azyaşlı
uşaq hər iki valideynini itirib.
Erməni faşistlərinin törətdiyi soyqırımın dəhşətli səviyyədə
olmasına baxmayaraq, sonrakı illərdə nə dövlət orqanları, nə də
daxili və xarici KİV-də elə də böyük işlər aparılmadı. Hətta
qeyri-elektron və elektron KİV-də bəsit halda olan məlumatlara belə
rast gəlinmir. Ermənilər tərəfindən törədilmiş bu soyqırım
hadisəsinə aid açılmış cinayət işinin materialları və faktlar
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım
muzeyində qorunub saxlanılmaqdadır. Muzeydə soyqırıma aid hadisədən
sonra çəkilmiş bir neçə şəkildən düzəldilmiş kollaj və çox qısa bir
məlumat yerləşdirilib.
Yalnız xeyli müddət sonra, 2013-cü ildə "Laçın Yurdu" №2 (9)
jurnalının çapdan çıxmış "Şəhidlərimiz and yerimiz" adlı xüsusi
buraxılışında və 2016-cı ildə "Laçın Yurdu" №1 (19) jurnalında bu
soyqırım haqqında az da olsa, məlumat verilib. Bu materiallar
əsasında dəyərli ziyalımız Araz Yaquboğlu tərəfindən "Azərbaycanca
Vikipediya"ya məlumat yerləşdirilib. Bu istiqamətdə işləri davam
etdiririk.
Bir daha Ballıqayada baş vermiş soyqırım qurbanlarının əziz
xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara
rəhmət, yaxınlarına səbir diləyirik".