Ukraynada və Krımda baş verən hadisələrlə bağlı
"Axar.az"ın suallarını Krım Azərbaycanlıları Diaspor Təşkilatının
rəhbəri Rəhim Hümbətov cavanlandırır.
Strateji obyektlər naməlum hərbçilərin əsarətindədir
- Krımda vəziyyət hazırda necədir?
- Gərgin olaraq qalmaqdadır. Praktiki olaraq yarımada boyunca
hərbi maşınlar, BTR-lər hərəkət edir. Strateji obyektlər hərbi
formalı naməlum şəxslər tərəfindən mühasirəyə alınıb.
- Bəs Ukrayna güc strukturları hardadır?
- Ukrayna parlamentinin üzvü Pyotr Poroşenko dünəndən Krıma
gəlib. O, Ukrayna hakimiyyəti tərəfindən danışıqların aparılmasına
təhkim edilib. Poroşenko hətta bildirdi ki, danışıqlara
mühafizəçisiz gəlib. Xatırladım ki, yarımadada Ukrayna güc
strukturu nümayəndələrinə rast gəlmək mümkün deyil. Görünür,
mərkəzi hakimiyyət məsələni dinc yolla həll etməyə çalışır. Yəqin
məlumatınız var, BMT Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə
çağırdı, ABŞ prezident Barak Obama bu anneksiyanı qınayan bəyanatla
çıxış etdi.
Küçədən güllə səsləri eşidilir
- Dünən Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu
Ukraynaya gəldi. Verilən məlumata görə, o, Krım tatrlarının
liderlərindən biri Mustafa Krımoğlu ilə görüş keçirib. Nələr
müzakirə olunub?
- Davudoğlu hələ Krıma gəlməyib. Hansı nəticələr olacaq, deyə
bilmərəm. Bu arada avropalı rəsmilərin Krıma səfərləri gözlənilir.
Ancaq onlardan kiminsə gəlməyi barədə hələ məlumat yoxdu.
- Küçələrdə güllə səsləri eşidilirmi? Ölənlər, yaralılar
barədə səhih məlumata maliksinizmi?
- Güllə səsləri hərdən eşidilir, amma ölən yoxdur.
Yəhudilərə ölüm!
- Krımın rus və tatar əhalisinin qarşılıqlı münasibəti
necədir?
- Bu yöndə vəziyyət hələ ki, stabildir. Lakin səhər saatlarında
Krım Yəhudiləri Assosiasiyasının rəhbəri Anatoli Qendin mənə
məlumat verdi ki, sinaqoq qapılarına təhqiredici işarələr çəkiblər.
Naməlum şəxslər "yəhudilərə ölüm" şüarları yazıblar. Düşünürəm ki,
Krım tatarları düzgün mövqe tutaraq, özlərinin münaqişəyə
sürüklənməsinə imkan vermirlər. Onlar iri aksiyalar keçirmilər,
sadəcə, kiçik bölmələr məscid və önəmli obyektləri mühafizə
edirlər. Hələlik Krım xalqları arasında qarşıdurma yoxdur.
Yarımada bütövlükdə rusların əlindədir
- Vladimir Jirinovski gəlmişdi və olduqca qalmaqallı
açıqlama verdi. Sakinlərin reaksiyasını öyrənmək maraqlı
olardı...
- İnsanlar Jirinovskini yaxşı tanıyırlar. Heç kim müharibə
istəmir. Onun sözlərinə baxan yoxdu.
- Amma onu alqışlarla qarşıladılar...
- O, Sevastopola gəlmişdi. Bildiyiniz kimi, bu şəhərin
əhalisinin əksəriyyəti ruslardır. Orda, demək olar ki, Krım
tatarları yoxdu.
- Ola bilərmi ki, bu şəhər separatçı rusların hərbi
məntəqəsinə çevrilsin?
- Buna ehtiyac da yoxdu. Çünki yarımada onsuz da bütövlükdə
rusların əlindədi.
- Rus hərbi qoşunlarının Krımdan çıxarılmasını
proqnozlaşdıra bilərsinizmi?
- İnanın, demək çətindi, proqnoz vermək də mümkünsüzdü. Amma bir
məqamı aydın görmək olar ki, deyəsən, rus hərbçiləri bura
birdəfəlik gəliblər. Ukraynaya məxsus hərbi hissələri ələ
keçirirlər. Əlavə qüvvələr gətirilir.
Əli silahlılar heç kimlə danışmır
- Son günlərin təkrar-təkrar verilən suallarından:
küçələrdəki əli silahlı hərbçilər niyə sadə insanlarla
danışmırlar?
- Ona görə ki, onlara elə tapşırıq verilib. Deyilib ki, yalnız
tapşırıqlarını yerinə yetirsinlər.
- Onlar yerli ruslarla da danışmırlar?
Tatarlar yeni hökuməti legitim saymır
- Praktiki olaraq, heç kimlə...
- Krımdakı ruslar deyir ki, Kiyevdəki yeni iqtidarı
qəbul etmirlər və onların tələblərini yerinə yetirməyəcəklər. Bəs,
tatarlar nə deyir bu barədə?
- Krım tatarları başdan olduğu kimi, Ukraynanın ərazi
bütövlüyünü dəstəkləyirlər. Amma əlavə edim ki, Krım Tatarları
Məslisi yarımadadakı yeni hökuməti legitim saymırlar.
- Ruslar buna görə, tatarları qınayırlarmı?
- İnsanlar başa düşür ki, hər bir tərəfin öz mövqeyi var...