"Modus Vivendi" Strateji Araşdırmalar Mərkəzinin
direktoru, Ermənistanın Kanadadakı keçmiş səfiri, nüfuzlu politoloq
Ara Papyan bir az əvvəl Dağlıq Qarabağ ətrafındakı vəziyyət, eləcə
də Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlarla
bağlı bir sıra maraqlı açıqlamalarla çıxış edib.
Virtualaz.org
məlumatına görə, sabiq səfir etiraf edib ki, Ermənistan tərəfi 7
rayonu güzəştə gedəcək və qarşılığında Dağlıq Qarabağ üçün aralıq
statusu alacaq: "İstəsəniz, bunu qarşılıqlı güzəştlər kimi də
xarakterizə etmək olar. Yəni deyəcəklər ki, biz 7 rayonda, onlar
isə Dağlıq Qarabağ üçün status məsələsində güzəştə getdilər və
üstəlik gələcəklə bağlı əlavə vədlər də verdilər.
Məgər bu müqayisə ediləcək güzəştlərdir? Əlbəttə, yox! Bu
qarşılıqlı güzəşt deyil, təslim olmaqdır!"
Erməni politoloq daha sonra deyib: "Azərbaycan Prezidenti İlham
Əliyev ilk mərhələdə 5, sonrakı mərhələdə daha 2 rayonu, üçüncü
mərhələdə yenə 5 rayonu, dördüncüdə Zəngəzuru, beşinci həmlədə isə
İcevanı götürmək istəyir. Və belə də olacaq.
Heç kim şübhə etməsin: həmin güzəştlərdən sonra İlham Əliyev tək
Qarabağla qane olmayacaq. Əliyev həmişə sözünə sadiq olub və artıq
neçə ildir o, bəyan edir ki, vaxtilə itirdiklərinin hamısını
götürmək istəyir. O heç vaxt deməyib ki, mənə hansısa ərazini
qaytarın, mən qane olum. Heç vaxt deməyib".
Ara Papyan əmindir ki, Ermənistan və Azərbaycan arasında hərbi
balans rəsmi Bakının xeyrinə dəyişib: "Biz həmçinin indiki
Ermənistan hakimiyyətinin bu balans bərpa etmək iqtidarında
olduğunu görmürük. Bunu faktlar və rəqəmlər də sübut edir... Artıq
sübut olunub ki, Ermənistanı hər gün orta hesabla 100 nəfər
birdəfəlik tərk edir. Aprel müharibəsində 100 əsgər itirməyimizi o
vaxt böyük ürək ağrısı ilə qəbul etdik. Bəs indi-hər gün 100
vətəndaşımızı itirəndə ürəyimiz niyə ağrımır? Axı mahiyyətcə fərqi
yoxdur ki, biz insanlarımızı harada və necə itiririk: Və bu bizim
hökumətin heç nəyə qadir olmadığını sübut edən ən yaxşı
göstəricidir."