İşğalçı Ermənistanın müdafiə naziri müharibə başlayacağı
halda Azərbaycanı yenə də SCAT tipli raketlərlə hədələyib. Qeyd
edək ki, son vaxtlar ermənilər SSRİ-dən qalma həmin raketlərin
adını tez-tez çəkir və lazım gəlsə Azərbaycanı bununla
vuracaqlarını bildirirlər.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Eldar
Namazov isə Yeni Müsavat-a bildirib ki, Ermənistanın SCAT
məsələsini qabartması əsassız və gülüncdür: "Ermənilərin aprel
savaşından sonra yeganə təbliğatı SCAT raketlərinin üzərində
qurulub. Hər addımda bəyan edirlər ki, Ermənistanın SCAT tipli
raketləri var, onlar Azərbaycanı həmin raketlə vurarlar. Həqiqətən
də ermənilərdə SCAT tipli raketlər mövcuddur. SCAT tipli raketlərin
üzərində 1960-cı illərin sonralarında işlər aparılıb. 1970-ci
illərin əvvəlindən istehsal edilməyə başlayıb. Rusiyanın Votkin
zavodu həmin raketləri istehsal edirdi. 1988-ci ildə isə SCAT tipli
raketlərin istehsalı dayanıb. Ona görə ki, o dövrdə artıq
köhnəlmiş, müasir tələblərə cavab verməyən raketlər sırasına daxil
edilmişdi. Həmin raketləri hətta müasirləşdirmək də mümkün
olmamışdı. SCAT raketlərinin istifadə müddəti 22 ildir. Ən
axırıncı-1988-ci ildə istehsal edilən SCAT raketlərin də istifadə
müddəti artıq 2010-cu ildə bitib. Ermənilərdə olan həmin raketlər
isə 1980-ci illərin əvvəlində istehsal edilən raketlərdir və
onların müddəti təxminən 15 il əvvəl başa çatıb. Yəni Ermənistanın
Azərbaycanı SCAT-la hədələməsi əslində boş bir hədədir".
E.Namazov xatırlatdı ki, SSRİ SCAT tipli raketləri ABŞ-la
münasibətlərin az qala müharibə həddinə çatdığı dövrdə istehsal
etmişdi. Bu raketlərin istehsalı nüvə silahı və kimyəvi silahları
atmaq məqsədilə düzəltmişdilər. Ona görə də bu raketlər hədəfi
dəqiq vurmur: "Səddam Hüseyndə də SCAT raketləri çox idi. 90-dan
artıq SCAT raketini ABŞ ordusuna qarşı atmışdı. Lakin cəmi ikisi
hədəfi qismən vura bilmişdi. Qalanları hədəfdən xeyli uzaqlara
düşmüşdü. Odur ki, Ermənistan müddəti bitmiş, hədəfi vura bilməyən
raketi Bakıya tərəf atsa, həmin raketlər gedib Həştərxanda,
Oktaouda partlaya bilər. SCAT tipli raketlərdən artıq Ermənistandan
başqa demək olar ki, bütün dövlətlər imtina edib. O raketlər
yararsızdır. Görün indi bu ermənilər özlərinə nə ilə təskinlik
verirlər və bizi nə ilə qorxudurlar. Gülüncdür. Bu yaxınlarda SCAT
məsələsi ilə bağlı bir erməniyə cavab verməli oldum. Dedim ki, siz
SCAT-la yalnız bir cür təbliğat apara, öyünə, deyə bilərsiz ki,
dünyada ən qədim raketlər Ermənistandadır. Azərbaycan ordusunda isə
hərbi texnika, raket, silah təchizatı baxımından ən müasir
silahlar, raketlər və texnika ilə təchiz edilib. Bizim ordumuz həm
də bu baxımdan Ermənistan ordusundan qat-qat güclüdür. Ordumuz
Ermənistanın təsəvvürünə gələ bilməyəcək müasir tələblərə cavab
verən silahlara malikdir. Ermənilər isə hələ də bizi SCAT-la
hədələyir. Ciddiyə almaq lazım deyil".