44 günlük müharibə Azərbaycanın torpaq bütövlüyünü təmin etdi, ərazilərin mütləq əksəriyyətinin işğaldan azad olunmasına yol açdı, Şuşa salnaməsi ilə başa çatdı və savaşın ən mühüm dövründə Azərbaycan Ali Baş Komandanı, Prezident İlham Əliyev Orduya “dayan” əmrini verdi. Bu, həmin dövr üçün kifayət qədər böyük iradə və cəsarət tələb edən hadisə idi.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.
Onun sözlərinə görə, dünya tarixində məşhur bir formul var: savaşı həmişə sən başlaya bilərsən, amma onu başa çatdırmaq bəzən həmin dövlətin və yaxud hökumətlərin iradəsindən asılı olmur:
“Xalqımız, dövlətimiz və ordumuz ən müasir silahlarla bu savaşa atılarkən onun qısa bir vaxtda uğurla başa çatacağına inanırdı. Çünki bütün müstəvilərdə, xüsusilə diplomatik, siyasi, o cümlədən informasiya məkanında və bağlı qapılar arxasında bu işğalı uzun on illər bərqərar edən, onun qorunub saxlanmasında rol oynayan dövlət adamları, beynəlxalq təşkilatlar və siyasətçilərin qarşısında ilk növbədə millətimizin lideri dayanırdı.
Lakin Xankəndinin bir addımlığında Ordunun dayandırılması öz-özlüyündə həm də strateji planda bir rəhbərin prosesi nə dərəcədə planlaşdırdığının ifadəsidir. Adətən Şərq məkanında, belə coğrafiyalarda gedən müharibələrdə üçüncü, dördüncü dövlətlərin prosesə qoşulması savaşın coğrafiyasını genişləndirir, münaqişə beynəlxalq xarakter alır. Toqquşmalar, daha çox dövlətin müharibədə iştirakı bütövlükdə o əraziləri tamamilə darmadağın edir. Amma biz 44 günlük Zəfər savaşımızdan danışarkən onun ən mühüm nailiyyətini ən qısa vaxtda, ən az itki ilə maksimum nəticə kimi qiymətləndiririk.
Çünki sonrakı dövrdə, yəni Qarabağ qələbəmizdən sonra regionda istər Rusiya-Ukrayna, istərsə də İran ətrafındakı qlobal savaşlar sübut etdi ki, müharibənin məhz zamanı da çox böyük önəm daşıyır”.
Deputat vurğulayıb ki, həmin dönəmdə artıq bəzi ərazilərin azad edilməsinin relyef baxımından daha böyük itkilərə yol açmasının qarşısını almaq üçün ölkə rəhbəri tamam fərqli bir taktika seçdi:
“Mən sizə deyə bilərəm ki, 10 noyabr sənədi, bəyannaməsi imzalanarkən faktiki olaraq Qubadlının, Zəngilanın da bəzi kəndləri hələ tam azad edilməmişdi - nəinki Ağdam, Laçın və Kəlbəcərdə, eləcə də müxtəlif lokal bölgələrdə erməni qoşun birləşmələri qalırdı.
Ondan sonrakı dönəmdə, artıq 2020-2023-cü illər arasında Azərbaycan lideri tamam fərqli bir siyasət apardı.
Diqqət edin, öncə mühüm strateji yüksəkliklərə nəzarət tam bərqərar olundu. Yəni, Qırxqız yüksəkliyi, Fərrux yüksəkliyi, ondan sonrakı digər müxtəlif adsız hərbi zirvələrdə və mövqelərdə Azərbaycan Ordu birləşmələri tam yerləşdi - hansı ki, regiona sülhməramlı qüvvələr yerləşdirilmişdi, onların da məqsədləri hamıya bəlli idi.
Xankəndiyə kifayət qədər böyük maliyyə imkanlarına malik Ruben Vardanyanın desant kimi atılması həm Qərbin, həm də Kremldə müxtəlif dairələrin planlarını həyata keçirmək üçün növbəti separatizm layihəsi idi. Vardanyanın üzərində qurulan ssenari bilavasitə Köçəryanın vaxtilə Qarabağda uğur qazanıb separatçılığa rəhbərlik etməsi planının yeni variantı idi.
Lakin o planları ölkə rəhbəri pozdu. Dediyimiz kimi, növbəti mərhələ məhz Kəlbəcər istiqamətində, neytral ərazilərdə 2022-ci ilin 12-14 sentyabrında baş verdi. Xatırlayırsınız, həmin dövrdən bu yana ermənilər artıq beynəlxalq məkanda bəyan edirdilər ki, biz onların rəsmən tanınmış ərazilərinə müdaxilə etmişik. Halbuki sərhədsiz bir vəziyyət yaratmışdılar. Tanımaq istəmirdilər o dedikləri, istinad etdiklərini - hansı ki, biz uzun onillər məhz o aktların, qətnamələrin üzərində dayanırdıq. Amma elə ki neytral hissələrdə də toqquşma baş verdi, bundan sonra artıq üçüncü mərhələ başladı.
Düşünürəm ki, bu da İlham Əliyevin müharibə modeli kimi bir nümunədir. Laçın-Xankəndi yolunun dinc aksiyaçılar vasitəsilə bağlanması ilə o əraziyə daşınan qanunsuz silahlar və emissarlar, təxribatçılar, xarici agentura mərkəzlərinin qarşısı alındı.
Beləliklə, Xankəndidə həmin reinteqrasiyaya çağırış etdiyimiz Şahramanyan və onun çevrəsində olan separatçı rejim təmsilçiləri Paşinyanı da tanımayıb, görüşləri Yevlax əvəzinə Bolqarıstanın mərkəzi Sofiyada keçirilməsini tələb etdilər. Lakin nəticə artıq bəllidir.
Gördüyünüz kimi, bir günlük antiterror tədbirləri dünya tarixində də görünməmiş hadisədir: o ərazinin, infrastrukturun dağılmadan nəzarətimizə qaytarılması baş verdi.
İndi biz görürük ki, yaxın Şərqdə nələr baş verir. Azərbaycan beynəlxalq humanitar hüquqa uyğun olaraq savaş apardı və bütün Xankəndi və digər ərazilərimizdə suverenlik, Konstitusiyanın ali prinsipləri bərqərar edildi.
Beləliklə, faktiki olaraq ermənilərin də oradan könüllü çıxması, daha artıq dərəcədə, məhz Ermənistanda hakimiyyət uğrunda savaşa getmələrinin nəticəsində erməni məsələsi Azərbaycan coğrafiyasından çıxdı. Ermənistan artıq “real Ermənistan” proqramına keçməli oldu. Mifik “dənizdən dənizə Ermənistan” kimi planlar, ideologiyalar tarixin arxivinə atıldı.
Ondan sonra dövlət başçısı beynəlxalq məkanda daha da güclənmiş bir Azərbaycanın iradəsini 2025-ci ilin 8 avqustunda Ağ Evdə tanıtdırdı. Bu, qələbəmizin legitimliyinin qəbul edilməsi demək idi və nəticə etibarilə, Xankəndi üzərində qurulan və azərbaycanlıların iradəsinin bərqərar edilməsi fonunda Qafqazlarda sülh erasının başlanması mümkün oldu.
Artıq Bakı-İrəvan arasında ticarət məhdudiyyətləri ortadan qalxıb və bu, öz-özlüyündə göstərir ki, İlham Əliyev təkcə müharibə yox, həm də sülhün sərkərdəsidir. Bu ifadə tamamilə yerinə düşür.
Zaman-zaman hər kəs əmin olacaq ki, bu qələbənin tariximiz üçün, gələcəyimiz üçün necə böyük qlobal əhəmiyyəti var”.