Azərbaycanda xarici investisiyaların cəlb olunması üçün
regionlarda idarəetmədə sahəsində ciddi islahatların aparılacağı
ilə bağlı xəbərlər yayılıb.
İstiqlal.az saytının məlumatına görə, rayonları özündə
birləşdirən vilayətlərin yaradılacağı deyilir. İslahatlara səbəb
kimi də ölkə prezidentinin icra başçılarına investorları cəlb
etməklə bağlı tapşırığının icrasında hələ ki irəliləyiş
olmamasıdır.
Məlumata görə, hazırkı bürokratik sistem, rayon icra
başçılarının korperativ maraqları, ən başlıcası isə iri biznes
qruplarının maraqlarını qoruması əlverişli biznes mühitinin
formalaşmasını əngəlləyir. Bunun üçün regional idarəetmə qaydaları
dəyişməli, bürokratik maneələr aradan qaldırılmalıdır. Ən mühümü
isə icra strukturları oliqarxiyanın nəzarətindən çıxarılmalı,
birbaşa siyasi hakimiyyətin idarəçiliyinə verilməlidir. Bunun
üçünsə indiki ərazi vahidlərinin dəyişdirilməsi, vilayətlərin
yaradılması nəzərdə tutulur.
Bildirilir ki, ölkədə 13 vilayətin yaradılması nəzərdə tutulur.
Mərkəzi Sumqayıt, Quba, Şamaxı, Şirvan, Lənkəran, Beyləqan, Bərdə,
Göyçay, Qəbələ, Yevlax, Gəncə, Şəki, Şəmkir olmaqla, 13 vilayət
yaradılacaq. Beləliklə, ölkədə Bakı və Naxçıvan MR də daxil
olmaqla, 15 regional ərazi vahidi olacaq.
"Vilayətlərin yaradılmasında bir məqsəd də mərkəzi hakimiyyətin
yükünü azaltmaq və regional idarəedicilərin funksiyalarını
artırmaq, dövlət xərclərini optimallaşdırmaqdır. Hesablamalara
görə, bir rayon icra hakimiyyətinin saxlanılma xərcləri normalda
bir vilayət rəhbərliyinin saxlanılması üçün tam yetərlidir.
İkincisi, nazirliklərin yerli şöbələrinin də birləşdirilməsi
nəzərdə tutulur ki, bu da büdcə xərclərinə əhəmiyyətli dərəcədə
qənaət imkanları yaradır. Nəhayət, vilayətlərin idarəetmə xərcləri
mərkəzi büdcə hesabına deyil, yerli resurslar hesabına
qarşılanacaq" - deyə mənbə bildirib.
Ekspertlər gözlənilən dəyişikliklərin həm müsbət, həm də mənfi
nəticələrinin ola biləcəyini vurğulayırlar. Bu yolla büdcə
xərclərinin azalacağı bildirilir. Amma eyni zamanda işsizlik
probleminin daha da artacağı qeyd olunur.
Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq
komitəsinin üzvü Vahid Əhmədov çoxdan belə müzakirələrin getdiyini
söyləyib: "Hakimiyyət dairələrində də bu cür söhbətlər gedir.
Azərbaycanda bu idarəetmə sahəsində çox ciddi qüsurlar var. Kiçik
əhalisi olan yerlər var ki, rayon statusu qazanıblar. Məsələn,
10-15 min əhali yaşayır, amma rayon statusu alıb. Bu yerlərə də
büdcə vəsaitləri xərclənir. Büdcə vəsaitlərinə qənaət etmək,
idarəetməni təkmilləşdirmək üçün bu islahatlara ehtiyac ola bilər.
Məsələn, Azərbaycanın 9 iqtisadi zonasını elan etdilər və buna da
uyğun olaraq, "Regionların iqtisadi-inkişaf proqramı" qəbul edildi.
Bütün bunlar idarəetmə strukturunun dəyişdirilməsi prosesidir.
Bunlar mütəmadi olaraq Azərbaycanda həyata keçirilir. Bu
baxımdan, belə təkliflərin olması istisna deyil. Bunun nə qədər
real olub-olmaması dövlət başçısının səlahiyyətində olan məsələdir.
Son sözü o deyəcək. Ola bilər ki, idarəetmə strukturunu
təkmilləşdirmək üçün belə addım atılsın, struktur dəyişikliyi
aparılsın. Dövlət büdcəsinə qənaət üçün də müəyyən ixtisarlar baş
verə bilər. İdarəetməni daha çevik şəkildə aparmaq üçün bu cür də
addımlar atıla bilər. Elə yerlər var ki, rayon kimi fəaliyyət
göstərməsinə ehtiyac yoxdur. İqtisadi vəziyyəti tələb edir ki,
digər rayonla birləşsin. Bütün bunların faydalılıq əmsalı
yoxlanılmalıdır. Bu proseslər birdən-birə aparılmır. Elə bir
dəyişiklik olmalıdır ki, insanların həyat tərzinə, yaşayışlarına
müsbət təsir göstərsin. Daha çevik idarəetmə mexanizmi olmalıdır
ki, orada problem yaranmasın. Dəyişikliyin inanmıram ki, mənfi
tərəfi olsun. Amma struktur dəyişikliyi olanda, əlbəttə, müəyyən
ixtisarlar olur. Ciddi problemlərin olacağına inanmıram".
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc
Quliyev bu cür dəyişikliklərin səmərə verdiyini qeyd edib: "Biz
daim demişik ki, paralel qurumlar aradan qaldırılmalıdır.
Bələdiyyələrin statuslarının yerli icra nümayəndəliklərinin
hesabına artırılmasının tərəfdarı idik. Tədricən icra
hakimiyyətlərinin tamamilə ləğv olunması üçün parlamentdə dəfələrlə
çıxışlarım olub. Bu baş verərsə, paralelik aradan qalxar,
idarəetmədə əhalinin daha çox hissəsi iştirak edər. Bu həm də
onlara hüquq verməkdən başqa, məsuliyyət də verir. Seçkili orqanlar
məsuliyyəti üzərlərinə götürür, dotasiyalar verilmir, yerli vəsait
hesabına idarəetmə olur. Nəticədə məsuliyyət artır, çünki təyinat
olmur. İndiki halda müəyyən inzibati dəyişikliklər etmək, bir neçə
rayonun birləşdirilməsi, məncə, doğru olar.
Şişirdilmiş qurum indiyə qədər var idi. Hətta mən Nazirlər
Kabinetinin də paralelik yaratdığı düşüncəsindəyəm. Prezident
Administrasiyası mövcuddur və onsuz da müəyyən istiqamətləri idarə
edirlər. Vilayətlər yaradılarsa, işsiz qalan insanları müəyyən
sahələrdə işlə təmin etmək mümkündür. İş yerləri adı altında bu
qədər şişirdilmiş aparatlara, məncə, ehtiyac yoxdur. Bir çox
nazirliklərin də birləşdirilməsi, yaxud ləğv olunması qaçılmazdır.
İndiki halda qeyri-neft sektorunun inkişafına bu qədər diqqət
ayrılırsa, düşünürəm ki, dəyişiklik nəticəsində işsiz qalanları bu
və ya digər sahələrə yönəltmək mümkündür".