PKK simpatizanı Sırrı Sürəyya Öndər millətimizi və
Azərbaycanı ağır şəkildə söydü; torpaqlarımızı Kürdüstan
adlandırdı; soydaşlarımız onu məhkəməyə vermək üçün hərəkətə
keçdilər...
Türkiyə kürdlərinin siyasi təşkilatı Xalqların Demokratik
Partiyasının başçılarından olan Sırrı Sürəyya Öndərin Feysbuk
sosial şəbəkəsindəki səhifəsində Azərbaycan kürdlərini təhqir
etməsi ciddi qalmaqala səbəb olub. S.S.Öndərin öz səhifəsində
Urmiya gölünü Doğu Kürdüstan gölü, Güney Azərbaycanın qərbindəki
torpaqları Doğu Kürdüstan kimi təqdim etməsindən sonra Azərbaycan
türkləri ona etirazlarını bildirib, tarixi türk torpaqlarını
kürdlərin adına çıxmasını pisləyiblər.
Güney Azərbaycan fəallarından Azərbaycan Milli Dirəniş
Təşkilatının təmsilçisi Ankarada yaşayan Məcid Cavadı Sırrı Süreyya
Öndere Facebookda mesaj yazaraq Urmiyanın Kürdüstan yox, Güney
Azərbaycan ərazisi olduğunu bildirib.
Bundan sonra S.S.Öndər 400 min-ə yaxın təqibçisi olan səhifədə
bütün Azərbaycan türklərini təhqir edib. Ünvanımıza ağır küçə
söyüşlər yazan kürdçü lider Azərbaycan türklərini "türkiyəlilərin
əmri ilə hərəkət edən köpəklər" adlandırıb.
Bu haqda açıqlama verən Uluslararası Güney Azərbaycan Türkləri
Konseyinin təmsilçilərindən Zaur Bayramlı deyib ki, məsələni hüquq
müstəvisinə çıxararaq Sürəyya Öndərin üzr istəməsini tələb edirlər.
Hələlik sosial şəbəkədəki həmin səhifəni Sırrı Süreyya Önderin
özünün, yoxsa yaxınlarından birinin yönətdiyi aydınlaşdırılır:"385
min təqibçisi olan bir səhifənin Öndərin bilgisi olmadan idarə
edildiyi inandırıcı görünmür. Biz Azərbaycan türklərinə qarşı bu
davranışa görə məsul olan şəxslərin qanunla cəzalandırılmasını
tələb edirik".
GAMAC-ın (Güney Azerbaycan Milli Azadlıq Cebhesi) Ankara
təmsilçisi Mahbub Amrahi artıq Sırrı Süreyya Önderin Güney
Azərbaycan torpaqlarını kürd torpaqları kimi təqdim etməsi və
Azərbaycan türklərinin ünvanına səsləndirdiyi təhqirlərlə bağlı
Ankara Baş Prokurorluğuna şikayət ərizəsi göndərib.
Yada salaq ki, Mahbub Amrahi bir neçə ay öncə XVI əsr Osmanlı
tarixindən bəhs edən "Möhtəşəm Yüzıl" seriallında Səfəvi dövlətinin
fars dövləti kimi təqdim edilməsinə etiraz olaraq filmin çəkilişini
həyata keçirən TİMS şirkətindən məhkəməyə müraciət etmişdi. Bu
olaydan sonra serialda Səfəvi dövləti ilə bağlı məsələlərə
həssaslıqla yanaşılır.
Sırrı Sürəyya Öndərə gəlincə, o, 1962-ci ildə Adıyamanda türkmən
ailəsində doğulub. Buna baxmayaraq özünü "kürd" adlandırır. Soyunu
danan bu şəxs PKK-nın indi Silivri həbsxanasında saxlanan lideri
Abdullah Öcalana yaxınlığı ilə tanınır. AKP iqtidarının kürd
açılımı siyasətindən sonra daha da fəallaşan Sırrı Sürəyya Abdullah
Öcalanla Silivridə bir neçə dəfə görüşüb. Ötən il PKK-nın baş
terrorçusunun kürdlərə Novruz Təbrikini Diyarbəkirdə keçirilən
mitinqdə Sırrı Sürəyya Öndər səsləndirmişdi.
30 mart bələdiyyə seçkilərində partiyasının İstanbul Böyük Şəhər
Bələdiyyə başqanlığına namizədi olan Sürəyya davamlı olaraq ölkənin
federasiyalara bölünməsi ideyasını da gündəmə gətirir.
Bütöv Azərbaycan Hərəkatının sədri Yasəmən Qaraqoyunlu deyir ki,
Sırrı Sürəyya Öndərin dediklərinin arxasında xarici güclərin
uzunmüddətli planını elementləri var:
"Türk dünyasının altın nöqtəsi hesab olunan Urmu bölgəsini
tamamilə kürdləşdirmək siyasəti 100 ilə yaxındır ki, gedən bir
prosesdir, İran bu prosesi ardıcıl olaraq dəstəkləyir. Urmu
bölgəsinin kürdləşməsi siyasətini Tehran rejimi, Ermənistan,
Rusiya, ABŞ, İngiltərə, Fransa və ərəb ölkələri öz maraqları
çərçivəsində idarə edirlər. SSRİ-nin çöküşündən sonra 1991-ci ildən
bu günə kimi türk dünyasını coğrafi anlamda bütünləşdirə bilən
Türkiyə - Güney Azərbaycan - Orta Asiya zolağı vasitəsilə dünyada
yeni türk güc mərkəzinin yaranması prosesi başlandı.
Bu prosesin qarşısını almaq üçün Anadolu və Azərbaycanın güneyi
arasında körpü rolu oynayan Urmu bölgəsinin daxil olduğu qərbi
Azərbaycanın kürdləşdirilməsi prosesi sürətləndirildi. Bu prosesdə
İraqdakı Kürdüstan Xalq Azadlıq Cəbhəsi, PKK, Kürdüstan Milli
Azadlıq Ordusu fəal çalışmaqdadır. Bu təşkilatlar Türkiyə, İraq və
Suriyada türkmənlər əleyhinə ciddi kürd terrorizmi həyata
keçirməklə bərabər, qərbi Azərbaycanda da sonradan
məskunlaşdırılmış kürdlərin silahlandırılmasıyla məşgul
olurlar.
Sulduz, Urmu, Xoy, Maku, Səlmas, Sayınqala, Tikantəpə və Qoşaçay
şəhərlərində silahlı kürdlər İraqın quzeyində yaradılan kürdüstan
muxtariyyətinin lideri Məsud Bərzaninin, PKK lideri Abdulla
Öcalanın, İraq prezidenti Cəlal Tələbaninin portretini, kürdüstan
xəritəsi və bayrağını dalğalandırmaqla Azərbaycan torpaqlarının
kürdüstan olduğunu iddia etməkdədirlər. Bu siyasət İraqdaki
türkmənlərin yaşadığı Azərbaycan torpaqları Mosul, Ərbil,
Süleymaniyyə, Kərkük şəhərlərini necə İraq kürdüstanı milli
muxtariyyətinin tərkibinə qatıbsa, eləcə də Güney Azərbaycan
torpaqlarını İran kürdüstanının tərkibinə qatmağı nəzərdə
tutur".
Yasəmən Qaraqoyunlu onu da deyir ki, Sırrı Sürəyya Öndərin bu
zərərli fikirləri həm də Türkiyənin indiki iqtidarının siyasətindən
qidalanır:"Sırrı Surəyya əslində bütün türk millətini təhqir
etməkdədir. Təbii, buna görə cavab verməli olacaq. Bu, AKP
iqtidarının "kürd açılımı siyasətinin yaratdığı fəsadlardır".
/Musavat.com/