Yuxarı

Morninqstardan Mir Şahinə: “Sözümün arxasında dururam”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının (ABŞ) fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar bu gün ANS TV-nin "Hesabat" verilişində Mir Şahinin qonağı olub. Verlişin tam mətnini diqqətinizə çatdırırıq.

Söhbətin bu yerində Azərbaycanın çox güclü strateji müttəfiqi olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar mövzusuna keçmək istəyirəm. Bəlkə də təqdimatım bir qədər qəribə alındı. Riçard Morninqstar mövzusu… Və siz yanılmadınız, doğrudan da Azərbaycanda son zamanlar bir Morninqstar mövzusu var. Və Azərbaycan - Amerika münasibətlərinin formalaşmasında müstəsna rolu olan səfirliyin birincisinin bu gün ANS-in studiyasında olması bir sıra suallara ondan cavab almaq imkanlarımızı artırır və biz bu imkandan məmuniyyətlə istifadə edirik. Yeri gəlmişkən, ABŞ-ın Azərbaycandakı səfirini hətta bu günlərdə Azərbaycanın daxili işlərinə qarışmaqda günahlandırmışdılar. Elə mən bundan da başlamaq istəyirəm.

- Cənab səfir, siz Azərbaycanın daxili işlərinə niyə qarışırsınız?

- Güman edirəm ki, siz mənim sonuncu müsahibəmə istinad edirsiniz, o, çox diqqət cəlb etmişdi. Mən düşünmürəm ki, Azərbaycanın daxili işlərinə qarışmışam. Azərbaycan suveren və müstəqil bir dövlətdir. Azərbaycan müstəqil şəkildə öz qərarlarını qəbul edir və və biz ötən 23 il ərzində Azərbaycanın müstəqilliyini güclü şəkildə dəstəkləmişik. Kənardan heç bir qüvvə, heç bir oyunçu, o cümlədən biz, Azərbaycana nə etməli olduğunu deyə bilmərik. Bunu etmək ixtiyarı yalnız Azərbaycan hökumətində və Azərbaycan xalqındadır. Mənim niyyətim bu idi ki, hal-hazırda Azərbaycanın üzləşdiyi bir sıra məsələlərə öz fikirlərimi, baxışımı bildirim. Mən hesab edirəm ki, mən öz fikirlərimi ABŞ-ın balanslı siyasətinə uyğun şəkildə və ümumilikdə balanslı şəkildə bildirimişəm. Bəziləri mənim dediklərimlə razılaşdı, bəziləri razılaşmadı. Amma mən hər bir kəsin öz fikirlərini ifadə etmək hüququna hörmətlə yanaşıram. Və müsahibədən sonra həm Azərbaycan hökuməti daxilində, həm də vətəndaş cəmiyyətində doğru-düzgün müzakirələr hələ də davam etməkdədirsə, hesab edirəm ki, bu onu göstərir ki, bu müsahibəni verməyə dəyərdi. Mən Azərbaycanın uzunmüddətli dostuyam, bunu hər kəs bilir. Mən 19 ildir ki, Azərbaycana zaman-zaman fasilələrlə səfər etmişəm. Və bu ötən müddət ərzində mən Azərbaycanda bir sıra sahələr üzrə çox böyük irəliləyişin şahidi olmuşam. Mən tam əminəm ki, növbəti 20 ildə də bu irəliləyiş, tərəqqi davam edəcək. Hesab edirəm ki, mənim müsahibəmə bü cür reaksiyanın verilməsinin, göstərilməsinin əsas səbəbi bir çox mətbu orqanlar tərəfindən zəif, qeyri-münasib, yanlış tərcümədir.

Əlbəttə, burada söhbət ANS-dən getmir. Mən bu müsahibə ilə maraqlanan hər kəsi bizim səfirliyin veb-saytında yerləşdirilmiş müsahibənin tam stenoqramı ilə tanış olmağa çağırıram. Mən müsahibədəki məqamlara aydınlıq gətirmək üçün bir şeyi əlavə etmək istəyirəm. Mənim müsahibəmin yanlış yozumlarından birində belə deyilir ki, guya mən demişəm ki, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət yaxşılaşmazsa, müsbətə doğru dəyişməzsə, Maydan hadisələri Azərbaycanda da təkrar olunacaq. Mən bunu deməmişəm. Mənim müsahibədə dediyim sözlər bundan ibarətdir: "Əgər vətəndaş cəmiyyətinə qarşı çox sərt mövqe tuturlarsa, vətəndaş cəmiyyətinə nəfəs almağa imkan yaradılmazsa, onda, ola bilsin ki, bunun xoşagəlməz nəticələri ola bilsin". Bir daha müsahibəmdəki sitata qayıtmaq istəyirəm: "Əgər bu, bu gün baş verməzsə, əgər vətəndaş cəmiyyəti həddindən artıq sıxılarsa, azadlıqdan məhrum edilərsə, 5 il, 10 il və ya 20 il sonra bu dediyim xoşagəlməz nəticənin baş vermə riski var". Mən keçmişdə də dəfələrlə, bu kimi, buna oxşar fikirlər ifadə etmişəm. Hətta Maydan hadisələri baş verməsə belə, mən eyni fikirləri səsləndirərdim. Başqa sözlə desək, Azərbaycanın gələcək inkişafını və sabitliyini təşviq etmək üçün vətəndaş cəmiyyətinin çiçəklənməsinə və inkişaf etməsinə şərait yaratmaq lazımdır. Yenə də kimlərsə də, bax, bu fikirlə də razılaşmaya bilər. Və hər kəsin öz fikrini ifadə etməyə haqqı-hüququ var. Amma mən həmən müsahibədə dediyim sözlərin, fikirlərin arxasında dururam.

- Yəni təhrif olunmamış versiyasının üzərində?

- Bəli, mən həqiqətən nə sözləri demişəmsə, o sözlərin arxasında dururam və məhz buna görə də, hamını, maraqlanan kəsləri həmin müsahibənin stenoqramı ilə tam şəkildə tanış olmağa çağırıram. Bununla tanış olan hər kəs görə bilər ki, doğrudan da çox balanslı fikirlərdir.

- Cənab səfir, balans demişkən, bu müsahibədən sonra elə ABŞ-ın apardığı siyasətin özündə balansın olmadığı barədə fikirlər səslənməyə başladı. Məsələn, belə məlumatlar yayıldı ki, niyə Birləşmiş Ştatlar Krıma daha çox diqqət yetirir, nəinki Qarabağa? Niyə Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiya tətbiq etməyin tərəfindədir və bunu ən ciddi şəkildə tələb edir, amma eyni hadisənin müəllifi olan Ermənistana Qarabağla bağlı bu sanksiyalar tətbiq olunmur? Ümumiyyətlə, Azərbaycanda balans mövzusuna çox həssas yanaşırlar. Necə olur ki, Liviya ilə qətnamənin icrasına bir neçə dəqiqə kifayət edir, amma BMT-nin Dağlıq Qarabağ və Azərbaycanla bağlı qətnamələri var ki, 22 ildir kağız üzərində qalıb və heç bir nəticə yoxdur. Yaxud Yuqoslaviyada Birləşmiş Ştatlar sülhməramlı əməliyyat üçün heç BMT-nin mandatını belə gözləmədi, bu addımı atdı. Azərbaycanla bağlı məsələlərdə isə bu, faktiki olaraq, kağız üzərində qalır. Ümumiyyətlə, Birləşmiş Ştatlar sözdən işə heç cür keçə bilmir ki, bilmir. Bütün bu ittihamlara, Sizə, yəni Birləşmiş Ştatlara edilən iradlara münasibətiniz necədir?

- Sizin möqeyinizi başa düşürəm. Bəli, dedikləriniz fikirləri başa düşürəm, anlayıram. Hələ də həllini gözləyən bu münaqişə ilə bağlı Azərbaycan xalqının məyusluğunu anlayıram. Mən nəinki səfir olandan, hətta 1990-cı illərdən Azərbaycana səfər etməyə başlayandan bəri məcburi köçkün ailələri ilə görüşmüşəm. Bu insanların öz doğma evlərindən bu qədər uzun müddət ayrı qalmalarının nə qədər ağrılı hiss olduğunu anlayıram. Biz hələ də belə hesab edirik ki, bu münaqişənin nizamlanmasının ən yaxşı yolu Minsk qrupu prosesi vasitəsi ilədir. Hesab edirəm ki, biz ötən aylarda bu proseslə bağlı kifayət qədər fəal olmuşuq. Biz birbaşa və açıq şəkildə bəyan etmişik ki, işğal edilmiş 7 rayon Azərbaycana qaytarılmalıdır və münaqişənin həlli yalnız bu şərtlə mümkündür. Bu 7 rayondan əlavə, Dağlıq Qarabağın özünə gəldikdə isə, bizim mövqeyimiz və fikirlərimiz bundan ibarətdir ki, Dağlıq Qarabağın yekun statusu ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsipi əsasında danışıqlar vasitəsi ilə müəyyən olunmalıdır. Biz danışıqlar yolu ilə məsələnin həll edilməsi üçün hər iki tərəflə danışıqlar aparırıq. Biz ümid edirik ki, prezidentlər keçən payız verdikləri vədə əməl edərək yenidən görüşəcəklər və hər iki prezident konkret həllə nail olmaq üçün konkret addımlar atacaqlar. Biz hər iki ölkənin xalqlarını sülhün gətirəcəyi faydalar barədə düşünməyə çağırırıq. Bunu hal-hazırda təmas xəttində baş verən faciəvi hallarla, eyni zamanda hazırkı durğunluq və çıxılmaz dalan vəziyyəti ilə müqayisə etməyə və sülhün üstünlüklərini görməyə çağırırıq.

- Cənab Morninqstar, mən də elə bunu nəzərdə tuturam. Söhbət bundan gedir ki, ABŞ Krım məsələsində Ukraynanın mövqeyini israrla dəstəkləyir. Hətta bu yaxınlarda cənab Obama yeni seçilmiş Ukrayna prezidenti Poroşenko ilə görüşdü. Amma onların ritorikasında heç deyilmədi ki, Putinlə Poroşenko məsələni aydınlaşdırsınlar, biz sonra onların gəldiyi qənaəti müdafiə edəcəyik. Və cəmiyyət Dağlıq Qarabağda seperatçıların tərəfindən çıxış etmək meyllərini də hiss edir. Necə olur ki, seperatçı Dağlıq Qarabağ Respulikasına Birləşmiş Ştatlar milyonlarla vəsait ayırır? Seperatçı respublikanın rəhbəri Birləşmiş Ştatlara səfərə çıxır, telemarafon keçirir, pullar yığır? Belə bir analogiya aparaq - hesab edin ki, Ben Laden öz maraqlarını müdafiə etmək üçün gəlib Amerikada telemarafon keçirir. Yaxud keçmiş Yuqoslaviya rəhbəri ABŞ-a gəlir? Məhz bunun səbəbləri bizi, daha doğrusu məni bir jurnalist olaraq narahat edir. Sizə elə gəlmir ki, ABŞ-ı, Qərbi ikili standartlarla günahlandıran insanlarında da tutarlı arqumentləri var?

- Bir daha sualınızın arxasında duran hissləri anlayıram, amma sual içərisində apardığınız müqayisələrlə, analogiyalarla razılaşmıram. İlk öncə ondan başlamaq istəyirəm ki, qondarma Dağlıq Qarabağ Respublikasını tanımaq Birləşmiş Ştatların siyasətinə daxil deyil. Bir daha qeyd elmək istəyirəm ki, Dağlıq Qarabağın yekun statusu danışıqlar vasitəsi ilə müəyyən ediləcək. Biz Dağlıq Qarabağ ərazisində yaşayan insanlara müəyyən humanitar yardım göstərmişik. Bu, mənim keçmiş Sovet İttifaqı ölkələrinə bizim ölkənin göstərdiyi yardım üzrə məsul şəxs olduğum vaxta, yəni 1990-cı illərin ortalarına təsadüf edir. Mən sizi əmin edirəm ki, bizim Azərbaycanda olan məcburi köçkünlərə göstərdiyimiz yardımın miqyası və məbləği dediyimiz halla müqayisdə dəfələrlə çoxdur. Bizim Dağlıq Qarabağada yaşayan insanlara göstərdiyimiz son yardım əsasən ərazinin minalardan təmizlənməsi və içməli su layihələri ilə bağlı olub. Bu ayrılan vəsaitin heç bir qismi oradakı de-fakto hakimiyyətə təqdim edilmir, yalnız birbaşa layihələrin icrasına, həyata keçirilməsinə həsr edilir. Birləşmiş Ştatlara səfər məsələsinə gəldikdə isə, qeyd etmək istəirəm ki, de-fakto rəsminin Birləşmiş Ştatlara səfər etməsi Birləşmiş Ştatların siyasətindən heç bir dəyişiklik və ABŞ-ın həmin qurumu tanıması demək deyil. Eyni zamanda, bu səyahət bizim ölkənin bu nizamnamənin bu münaqişənin sülh yolu ilə nizamlanması ilə bağlı istəklərimizin heç bir şəkildə azalması mənasına da gəlmir. Bizim viza tələbatlarımız bütün xarici, əcnəbi vətəndaşları üçün eynidir. Amma bir daha vurğulamaq istəyirəm ki, bu, heç bir halda bizim ölkənin həmin quruma qarşı siyasətində hər hansı bir dəyişiklik mənasını vermir və bizim ölkənin həmin qurumu tanıması demək deyil.

- Aydındır, başa düşdüm. Amma elə vizaların verilməsi ilə bağlı Siz deyirsiniz ki, bütün müraciət edən əcnəbi vətəndaşlar üçün standart eynidir. Amma Krım məsələsində Rusiyanın bir sıra məsul şəxslərinin adları arzuolunmaz adamlar siyahısına salındı və onların ABŞ-a daxil olması, demək olar ki, qeyri-mümkün edildi. Amma Dağlıq Qarabağ və Ermənistan insanlarına qarşı belə bir yanaşma görmədik. Sizin dediyiniz fikri dəqiqləşdirmək üçün bu sualı verirəm?

- Mən Sizin məni öz sualarınızla, əlavə fikirlərinizlə məni müqayisəyə çəkmək cəhdinizi təqdir edirəm, məhz cəhdinizi (gülür - red.), amma yenə öz cavablarımda qalırım.

- Onda təkrar eləməsin, anladıq. Nəhayət, keçirik sizin Azərbaycanda olduğunuz müddətin qiymətləndirilməsi barədə təəssüratlarımıza. Müddət başa çatır, Siz Azərbaycanda daha bir ay yarım - iki ay qalacaqsınız və ölkəmizi tərk edəcəksiniz. Bu müddət ərzində fəaliyyətinizdən və gördüyünüz işlərdən razı qaldınızmı və nə qədər razı qaldınız?

- Mən burda olduğum müddətdə öz fəaliyyətimindən çox razıyam. Bilirəm ki, kifayətr qədər işlər görə bilmişik. Bu müddət ərzində biz təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirmişik. Biz dəfələrlə, dönə-dönə, hər fürsətdə demişik ki, Azərbaycanın öz ərazisindən Əfqanıstana və oradan geri yüklərin daşınmasında göstərdiyi və töhfəyə görə, Azərbaycan əskərlərinin Əfqanıstanda beynəlxalq təhlükəsizlik qüvvələri ilə çiyin-çiyinə fəaliyyətinə görə, bundan əlavə beynəlxalq qüvvələrin oradan çıxmasından sonra da Azərbaycanın Əfqanıstana yardım göstərilməsi üzrə üzərinə götürdüyü öhdəliklərə görə öz təşəkkür və minnətdarlığımızı bildiririk. Biz təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində çox sıx əməkdaşlıq etməkdə davam edirik. Dağlıq Qarabağ məsələsinə gəldikdə mən yenə əvvəlki kimi öz fikrimdə qalıram ki, Dağlıq Qarabağ məsələsini sülh yolu ildə nizamlanmasında son dövrlərə bizim fəaliyyətimiz artıb. Biz iqtisadiyyat sahələrində, iqtisadiyyatın enerji sahəsində çox sıx əməkdaşlıq eləmişik. İqtisadiyyatın şaxələndirilməsi ilə bağlı digər sahələrədə də böyük irəliləyiş əldə etmişik. Keçən ilin dekabr ayında "Şahdəniz - 2" layihəsi ilə bağlı yeni investisiya qərarının qəbul edilməsi üzrə biz çox sıx əməkdaşlıq etmişik, birgə işləmişik. Bundan əlavə olaraq 10-12 sahənin adını çəkə bilərəm ki, orada sıx əməkdaşılıq etmişik. Demokratiya və insan haqları ilə bağlı məsələlərdə də irəliləyiş əldə edilib. İnsan alveri ilə bağlı sahədə də müəyyən qədər irəliləyişlərə nail olmuşuq. Fikir ayrılıqlarına baxmayaraq bütün bu məsələlər barədə ölkələrimiz arasında çox sağlam və vacib müzakirələr aparılır. Mən çox güclü şəkildə inanıram ki, tərəfdaşlar arasında fikir ayrılığına rəğmən açıq müzakirələr və fikir mübadiləsi olmalıdır. Demokratiya və insan haqları sahəsində fundamental məsələlərə məhz bu prizmadan yanaşıram. Mən yalnız gələcəyə doğru baxdıqda Azərbaycanın gələcək inkişafını və tərəqqisini görürəm. Mənim burada ümumi fəaliyyətimlə bağlı, səyahət etdiyim müxtəlif bölgələrlə bağlı, orada insanların mənə və həyat yoldaşıma qarşı çox istiqanlı və insanpərvər münasibəti ilə əlaqədar olaraq təəssüratlarım və hisslərim var. Bildiyiniz kimi, mən həmişə nə hiss edirəmsə onu da deyirəm.

- Bəs "Transxəzər" layihəsi ilə bağlı hansısa bir irəliləyişə nail olundumu? Türkmənistanın mövqeyini yaxınlaşdırmaq istiqamətində, Siz, bu barədə bizə pozitiv nəsə bir şey deyə bilərsinizmi? Mənə elə gəlir ki, Qərb bu layihədə daha aktiv olmalı idi.

- Onu qeyd etmək istəyirəm ki, biz hələ də "Transxəzər" layihəsini güclü şəkildə dəstəkləyirik. Burada müəyyən həvəs doğuracaq amillər var. Son dövrlərdə Türkmənistanla Azərbaycan arasında təmasların artması, həmin prosesə Türkiyənin cəlb olunması məni ruhlandırır. Hesab edirəm ki, "Transxəzər" kəməri ilə bağlı məsələlər Azərbaycan, Türkmənistan və xüsusilə qazın alıcısı olacaq Avropa Birliyi arasında danışıqlar vasitəsi ilə həll edilməlidir. Aydındır ki, Türkiyə və Gürcüstan kimi ölkələrdə prosesə cəlb olunmalıdır. Nə baş verəcəyini yaşayıb görəcəyik. Hesab edirəm ki, "Şahdəniz 2" ilə bağlı ilkin investisiya qərarının verilməsi və cənub qaz dəhlizinin gerçəkləşdirilməsi, digər əlaqədar tərəfləri, o cümlədən Türkmənistanı prosesdə iştiraka həvəsləndirəcək. Amma bunun üçün yenə də xeyli iş görülməli olacaq.

Tarix
2014.06.08 / 21:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla