"Yaralamaq mümkünsə düşməni
öldürməyin, yaralayın".
Axar.az xəbər verir ki, bu sözlər əsgərlər üçün NATO ölkələrinin
məlumat kitabçalarından çıxarışda qeyd olunur. Bunları Feysbukdakı
şəxsi hesabında politoloq Fərhad Mehdiyev paylaşıb.
Həmin qızıl qaydaları təqdim edirik:
1. Tutduğunuz mövqe həm hücuma keçməyə, həm də geri çəkilməyə
uyğun olmalıdır. Güllələrə qarşı təbii sipərlərdən (qalın ağaclar,
qayalar) istifadə edin. Pozisiya əsgər yoldaşlarınızı da qorumağa
əlverişli olmalıdır.
2. Düşmən sizi görə bildiyi halda eyni yerdən çox atəş açmayın,
yer dəyişdirin. Qısa və rahat yollarla getməyin, düşmən sizi ən çox
orda gözləyir. Narahat, əziyyətli yollar daha çox vaxt alsa da,
daha təhlükəsiz olur.
3. Booby traps (tələ) deyilən şeylərdən ehtiyatlanın, özünüz də
ondan hazırlayın. Məsələn, gecə vaxtı səngərdən 15 metr öndə ip
çəkib, bir ucuna bir neçə boş konserv qutusu bağlayın. Yenə gecə
vaxtı yarım metrlik çuxur qazaraq içinə kəsici əşyalar qoyub üstünü
örtə bilərsiniz. Yatsanız, "booby traps"lar, həyatinizi xilas edə
bilər. Bir ucuna əl qumbarasının üzüyünü də bağlaya bilərsiniz,
belə halda onu səngərdən bir az aralı quraşdırın.
4. Yaralamaq mümkünsə, düşməni öldürməyin, yaralayın. Yaralını
digər əsgər dostları döyüş meydanından çıxarmağa çalışacaq və siz 3
nəfəri döyüşdən çıxaracaqsınız. Düşmənin silahını ondan
uzaqlaşdırın, sizə lazım olanı götürün (sursat).
5. Gecə vaxtının öz təhlükəsi var. Bunlar – minaya düşmə,
tələyə, ya da çuxura düşmə, istiqamətini azma, düşməni görməyib
əsir düşmə təhlükələridir. Habelə düşməndə termal kameralar ola
bilər (gecə sizi düşmənə göstərə bilər), şəxsi termal turbinlər 1
km qədər məsafədə göstərir, postda quraşdırılanlar 20 km (FLİR
sistemi olanlar) qədər ola bilər.
6. Minalanmış əraziyə girməyin. Döyüş tapşırığı belə versələr
(əsgəri bilə-bilə minalanmış əraziyə göndərmək qadağandır), şübhəli
ərazidən kənar keçin. Cəbhə xəttində mina olma ehtimalı çoxdur.
Odur ki, yerlərdə mina quraşdırma izlərini axtarın. Qazıntı, ölmüş
heyvan sümükləri, qeyri adı yatan əşyalar, ağaçlarda və yerlərdə
işarələr (düşmən öz əsgərini məlumatlandırmaq üçün edə bilər),
Nazik məftillər, qırıq məftillər (torpaq üstü yerləşdirilən çin
istehsalı 69 tipli və rusların OZM 72 havada partlayan minalar sim
ya da iplə partladılır), örtülmüş torpaq, qeyri-adi bir çuxur
(10-40 sm dərinliyində - daha əvvəl partlamış minanın çuxuru) -
bunlar minalanmış ərazinin əlaməti ola bilər.
7. Adətən yerə basdırılan minaları müəyyən bir şəma üzərində
basdırırlar, bir sapyor 4-6 mina tapıb yerlərini işarələməklə,
digər minaların da yerlərini tapa bilir.
8. Minanın detonasiya etdiyni hiss etsəniz, dərhal özünüzü
gəldiyiniz istiqamətə tərəf geriyə yerə atın. Havada hoppanib
partlayan minalar istisna olmaqla, bu sizin həyatınızı xilas
edər.
9. Şübhəli ərazilərə topa-topa girməyin, əvvəlcə 1-2-3 nəfər
göndərin, arxadan onları qorumağa hazır olun. Həmin yerdə tələ, ya
da pusqu ola bilər. Səslə danışmayın, əl işarətləri ilə xəbər
verin. Bunları sizə təlimlərdə öyrədəcəklər.
10. Güllə uçanda heç bir təhlükə olmasa da, derivasiya edir, sağ
tərəfə yayınır. 500 metr məsafədən atanda, güllə 5 sm sağa yayınır.
Habelə dağlarda yuxarıdan aşağıya atanda, nişanı bir az aşağıdan
alın, çünki havadakı təzyiqdən güllənin aşağı düşmə sürəti xeyli
azalır, hətta kəskin fərq olduqda yuxarı çıxa bilir. Eləcə də, 500
metrə kimi uzaqlıqda mütləq küləyin istiqamətini və sürətini nəzərə
alın.
11. Qumbaradan istifadə etməyi öyrənin və bacarın. Döyüşə
getdikdə 2-4 ədəd götürün.
12. Daim yanınızda su saxlayın.
13. Daim yanınızda jqut və tənzif götürün. Taxtadan şina
düzəltməyi bilin. Meşə ağacları və iplərlə yaralıları daşımaq üçün
xərək düzəltməyi öyrənin.
14. AKS 5.45-ə üstünlük verin. Əməliyyata getdikdə yanınızda azı
300 güllə götürün.
15. Bıçaq atmağı öyrənin. Lakin avtomat süngüsü o işə yaramır.
Bunun üçün başqa bıçağınız olsun.
16. Qaranlıqda səngərdə siqaret çəkməyin, tüstü çıxaracaq alov
yandırmayın. Unutmayın ki, sizin səhvinizdən dolayı bir çox insan
tələf ola bilər.
17. Tüstü şaşkaları yanınızda olsun. Geri çəkilmək, yaralını
çıxarmaq lazım olduqda onlar əvəz olunmazdır.
18. Kompas və GPS ilə işləməyi bacarın. Kompas asan tapılan
şeydir, habelə qulluq etdiyiniz, ya da hücuma keçəcəyiniz ərazinin
xəritəsini mütləq öyrənməlisiniz.
19. Beliniz olsun – mövqe tutanda altdakı torpağın yumşaq
olmasına diqqət yetirin - torpağı qazıb ətrafınıza 20 sm
hündürlükdə kənardan yığa bilsəniz, minomyot və qrad zərbələri sizə
ancaq kontuziya verəcək.
20. Düz xətlə qaçmayın, sizi vurmaq daha rahat olar.
21. Bronojiletə öyrəşin. Ağırdır, hərəkət sərbəstliyini
məhdudlaşdırır, lakin həyat xilas edir.
22. Yerdə əşya görəndə qaldırmayın, tələ ola bilər. Məsələn,
meyitin altında üzüyü çəkilmiş qumbara kimi. Ya da yerdə dəbilqə
ola bilər, onu götürməklə OZM 72 minasının ipini çəkmiş
olarsınız.
23. Düşmənə silah qoymayın, azı onu yararsız hala gətirin.
Məsələn, avtomat və qumbaraatanların tətik mexanizmi (qapaq
çıxarılmalıdır) süngüylə xarab edilir, qumbaraların zapalları
sıradan çıxarılır, artilleriya qurğuları top mərmilərinin köməyi
ilə partladılır. Zirehli texnikanı isə daxildən yandırıb, ondan
uzaqlaşırsınız. DÜŞMƏNƏ AĞIR SİLAH QOYUB GETMƏK XƏYANƏT KİMİ
ŞEYDİR. Məsələn, özünüz ölsəniz də ölün, amma artilleriya və
zirehli texnikanın düşmənin əlinə keçməsinə imkan verməyin; onunla
daha çox əsgərimizi öldürəcəklər.
P.S. İdman qazetlərinin əvəzinə, internetdə döyüş qabiliyyəti
haqqında ədəbiyyat oxusanız silahların göstəricilərini və
xüsusiyyətlərini öyrənsəniz daha faydalı işlə məşğul olmuş
olarsınız.