Azərbaycanda əsl şəhidlik
bayramı yaşanır. Onlarla insan, gənc, qoca könüllü olaraq birbaşa
döyüşə getmək üçün Silahlı Qüvvələrin hərbi hissələrinə yazılmaq
istəyir. Döyüşə getmək istəyənlər arasında hətta yaşı 80-90-ı ötmüş
qocalar da var.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust
2014-cü il tarixli əmrinə əsasən son günlər erməni
kəşfiyyat-təxribat qrupu tərəfindən cəbhənin ön xəttində yerləşən
mövqelərimizdəki postlara növbəti basqın zamanı şəhid olmuş və
göstərdikləri şücaət və rəşadətə görə ölümündən sonra "Hərbi
xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilən
12 hərbi qulluqçunun ailələrinə medalların təqdim edilməsi
mərasimləri təşkil edilir.
Artıq bir neçə belə mərasimdə şəhidlərin medallarını ölümündən
sonra ailələrinə təqdim edən Müdafiə Nazirliyinin Hərbi-Psixoloji
Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini,
polkovnik Abdulla Qurbani Trend-ə bildirib ki, o, bu mərasimlər
zamanı əsl şəhidlik bayramının şahidi olub: "Masallı rayonunun
Həsənli inzibati ərazi dairəsində şəhid əsgər Rəhimov Əli Fətulla
oğlunun ailəsinə medalı təqdim etmə mərasimi kənd məscidinin
həyətindəki böyük meydanda yas mərasiminin 3-cü günü oldu. Qeyd
edim ki, Əli özü də əmisinin oğlunun adını daşıdığı orta məktəbdə
təhsil alıb. Onun əmisi oğlu Sərhəddin Yədulla oğlu Rəhimov da
1992-ci ildə I Qarabağ savaşı zamanı Ağdərə bölgəsində şəhid olub.
İndi isə hər iki şəhidin qəbri yan-yana yerləşir. Kənddə izdihamlı
mərasimdə 500 nəfərdən çox insan iştirak etdi. Mərasim zamanı
onlarla gənc könüllü olaraq birbaşa döyüşə getmək üçün Silahlı
Qüvvələrin hərbi hissələrinə yazılmağı xahiş ediblər. Onlar şəhidin
məzarı üstündə and içdilər ki, Ali Baş Komandanın əmrlərini yerinə
yetirməyə hər an hazırdırlar. Hətta qocalar belə döyüşə getməyə
hazır olduqlarını bildiriblər. Şəhid Əli Rəhimovun atası rəhmətə
gedib. Onun 90-dan çox yaşı olan və artıq bir övladını şəhid vermiş
əmisi Yədulla Rəhimov deyib ki, şəhid oğlunun və qardaşı oğlunun
intiqamını almaq üçün o biri övladlarını da Vətən yolunda qurban
verməyə hazırdır".
A.Qurbani qeyd edib ki, şəhid əsgər Məmmədov Səftər Əlihüseyn
oğlunun medalı Salyan rayonunun Seyidsadıqlı kəndində üç
mərasimində ailəsinə təqdim edilib. Həmin mərasimdə də tükürpədici
hadisələr yaşanıb: "Şəhid Səftər Məmmədov iki bacının yeganə
qardaşı olub. Bu gün onun ad günüdür. Onun medalını ad günü
ərəfəsində ailəsinə təqdim etdik. Orada 1994-cü ildə oğlunun cəsədi
döyüş bölgəsindən çıxarılmayan bir ana vardı. O medalı təqdim
olunan şəhidin anasına dedi ki, sən bəxtəvər insansan. Sənin oğlun
şəhid olub və onun cənazəsi gətirilib, mənim oğlumun isə ölümündən
20 il keçməsinə baxmayaraq, cəsədi ailəmə təqdim olunmayıb. Bizə
bildirdilər ki, həmin ana çox ağır təbiətli, qaradinməz, çox
danışmayan qadındır. Onun səsini kənddə demək olar ki, eşidən
olmayıb. Amma orada həmin qadın tükürpədici bir səs çıxararaq dedi:
"Oğlum Vətən uğrunda şəhid olub. Mən onunla fəxr edirəm. Təki Vətən
sağ olsun!".
İdarə rəisinin müavini bildirib ki, bir neçə saat bundan öncə
onlar Biləsuvar rayonunun Nərimankənd kəndində olub və şəhid əsgər
Qarazadə Anar Vidadi oğlunu son mənzilə yola salıblar: "Bu gün dəfn
edilən Anar Qarazadə kəndin sayca 6-cı şəhididir. Anar idmançı olub
və həmişə döyüşə can atıb. Hətta əsgərliyə gedərkən deyib ki, mən
ya milli qəhrəman, ya da şəhid kimi qayıdacağam. Onun dəfn
mərasimində minə yaxın adam iştirak edirdi. Onlar da cənazə üstündə
şəhidlərimizin intiqamını almağa, Ali Baş Komandanın əmrini hər an
yerinə yetirməyə hazır olduqlarına and içdilər. Bu mərasimlər
xalq-ordu birliyini bir daha sübut etdi. Şəhidin evi ilə
qəbiristanlıq arasında məsafənin çox olmasına baxmayaraq, tabut
avtomobilə qoyulmadı, yol boyu insanların çiyni üstündə daşındı. Bu
sadəcə ölü dəfn edilməsi deyildi. Bu əsl şəhidlik bayramı idi.
Təsəvvür edin ki, qəbiristanlıq alqış səslərindən lərzəyə
gəlirdi".
Qeyd edək ki, medalların şəhidlərin ailələrinə təqdim olunması
mərasimlərində I Qarabağ savaşı və Əfqanıstan müharibəsi
veteranları, şəhidlərin xidmət etdiyi hərbi hissələrin, yerli icra
hakimiyyətinin nümayəndələri, ziyalılar və digər şəxslər iştirak
edirlər.