Prezident İlham Əliyev Ağdam rayonuna səfər
edib.
Axar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki,
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyev əvvəlcə Ağdamdakı "N" saylı hərbi hissəyə gəlib. Müdafiə
naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevə raport verib.
Müdafiə naziri yaranmış hərbi şərait barədə dövlətimizin
başçısına məlumat verib.
Sonra Prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə
hədiyyələri təqdim edib.
Daha sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin iştirakı ilə operativ müşavirə keçirilib.
Dövlətimizin başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə
edilib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq
tapşırıqlarını verib.
**
Prezident İlham Əliyev Ağdam rayonunda 632 məcburi köçkün ailəsi
üçün salınmış yeni qəsəbənin açılışında iştirak edib.
Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
sədri Əli Həsənov bildirib ki, 70 hektar sahəni əhatə edən yeni
qəsəbədə 632 ev, 440 şagird yerlik məktəb binası, 50 yerlik uşaq
bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt
binası tikilib. Qəsəbəyə Ağdam rayonunun "Dörd yol" adlanan
ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpic daxmalarda ağır
şəraitdə yaşayan 632 ailə və ya 3100 ağdamlı məcburi köçkün
köçürüləcək. Mənzillərdən 50-si birotaqlı, 296-sı ikiotaqlı, 242-si
üçotaqlı, 44-ü isə dördotaqlıdır. Bu ilin fevralında başlanmış
tikinti işləri yüksək səviyyədə başa çatdırılıb.
Dövlətimizin başçısı Ağdam rayonundan məcburi köçkün Bəsti
Allahverdiyevanın ailəsinə ayrılmış mənzildə yaradılan şəraitlə
maraqlanıb.
Sonra Prezident İlham Əliyev qəsəbədəki 50 çarpayılıq uşaq
bağçası və yeni inşa edilmiş 440 şagird yerlik məktəb binası ilə
tanış olub.
***
Prezident İlham Əliyev Bərdə şəhərində yeni salınan Heydər
Əliyev parkında görülən işlərlə tanış olub.
Ölkənin ümumi inkişaf tempinə uyğun olaraq sürətlə müasirləşən
və gözəlləşən Bərdə şəhərində yeni park-bulvar kompleksi tikilir.
Bu kompleks ölkənin regionlarında salınmış ən böyük mədəniyyət və
istirahət mərkəzlərindən biri olacaq.
Avqustun 6-da Prezident İlham Əliyev kompleksdə görülən işlərlə
tanış olmaq üçün buraya gəlib.
Dövlətimizin başçısına məlumat verildi ki, park-bulvar kompleksi
ilkin mərhələdə 40 hektar ərazini əhatə edəcək və gələcəkdə daha da
genişləndiriləcək. İnşaat işləri aparılarkən Bərdənin qədim
tarixini özündə yaşadan abidələrə xüsusi həssaslıqla yanaşılıb.
Belə ki, Tərtər çayının yatağında göl və şəlalələr yaradılarkən VII
əsrə aid nadir tarixi tikilinin qalıqları qorunub saxlanılıb.
Hazırda iki istiqamətdən həmin abidəyə asma körpü çəkilir. 14
fəvvarənin bir-birinə körpülər vasitəsilə birləşdirilməsi parkın
ecazkarlığını daha da artıracaq.
Ulu öndər Heydər Əliyevin kompleksdə ucaldılacaq abidəsinin
yerləşdiyi 4 min kvadratmetr ərazidə qranit örtüklü monument
yaradılır. Bütövlükdə park-bulvarda 16 min kvadratmetr qranit
işləri görüləcək.
Parkın giriş qapısı da öz əzəməti ilə diqqəti cəlb edir.
Uzunluğu 36 metr, hündürlüyü 12 metr olan qapı milli memarlıq
üslubunda ucaldılıb. Yeni tikiləcək mədəniyyət sarayına da 3
istiqamətdən giriş qapıları qoyulub. Burada keçiriləcək müxtəlif
tədbirləri nəhəng monitor vasitəsilə izləmək mümkün olacaq.
Park-bulvara üz tutanların istirahətinin mənalı təşkili üçün 1000
tamaşaçı yeri olan süni örtüklü stadion, geniş ərazidə uşaq əyləncə
mərkəzi, ana-uşaq kafesi, ikimərtəbəli çay evi, istirahət köşkləri,
ticarət və iaşə obyektləri, 1,2 kilometr uzunluğunda velosiped
yolu, 300 yerlik avtomobil dayanacağı yaradılır.
Parka 27 kilometr uzunluğunda yeni su xətti çəkilib, İtaliya
istehsalı olan 460 işıq dirəyi, 10 ədəd relyefbirləşdirici pilləkən
quraşdırılıb. Həmçinin 21 hektarda yaşıllaşdırma işləri aparılıb, 6
minə qədər ağac və bəzək kolları əkilib.
Gələcəkdə parkın daha da genişləndirilməsi, 30 hektar ərazidə
təbii göllərin yaradılması, Tərtər çayı boyunca bulvarın ümumi
uzunluğunun 4,3 kilometrə çatdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev park-bulvar kompleksinin tikintisi ilə
bağlı tapşırıq və tövsiyələrini verib.
Dövlətimizin başçısı məktəbin ərazisində nümayiş etdirilən
"Çövkan" oyununa tamaşa edib.
Azərbaycan Prezidenti məktəbin foyesində qəsəbənin baş planına
baxdı, kompyuter otağında yaradılan şəraitlə maraqlanıb.
Sonra dövlətimizin başçısı Ağdam rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev görüşdə çıxış edib.
Qəsəbə sakinləri - ikinci qrup Qarabağ müharibəsi əlili,
"Azərbaycan Bayrağı" ordenli Baxşeyiş Hətəmli və şəhid anası Məryəm
Cəfərova göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham
Əliyevə məcburi köçkünlər adından minnətdarlıqlarını
bildirdilər.
Sonda xatirə şəkli çəkdirilib.