ABŞ administrasiyası Azərbaycanın mövqeyini nəzərə
almamaq hesabına, Dağlıq Qarabağ münaqişəsi həllini tapmadan
Ermənistan-Türkiyə sərhədlərinin açılmasına dair səylərini
dayandırmayıb.
Virtualaz.org saytı xəbər verir ki, Birləşmiş Ştatların
Türkiyədəki səfiri postuna namizəd Con Bass (John R.Bass) bu həftə
Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə
Ermənistanın Türkiyə ilə sərhədinin açılmasının onun səfir kimi
əsas məqsədlərindən biri olacağını bəyan edib.
Həmçinin diplomat Türkiyənin 1915-ci ildə ermənilərə qarşı
soyqırımı törətməkdə ittiham edib və birbaşa "soyqırımı" terminini
işlətməsə də Osmanlı Türkiyəsinin "XX əsrin ən böyük qəddarlığını
törətdiyini" bildirib.
Amerika Erməni Assambleyası səfir Con Bassın namizədliyinin
təsdiqlənməsini məmnuniyyətlə bəyan edir. C.Bassın namizədliyinin
təsdiqlənməsinə dair dinləmələr Senatın Xarici Əlaqələr Komitəsində
stajlı ermənipərəst senator Robert Menendezin sədrliyi altında
keçirilib.
Robert
Menendez
Bu iclas zamanı Türkiyə hökumətinin soyqırımını inkar edən 99
illik kampaniyası haqqında suallar qaldırılmasa da bəzi mətbuat
orqanları həmin iclasda C.Bassın "erməni soyqırımını" rədd etdiyinə
dair yanlış məlumatlar yayıblar.
Əslində isə diplomat "soyqırımı" terminindən istifadə etməsə də
Türkiyəni 1915-ci il hadisələrini soyqırımı kimi qəbul etməyə
dolayısı ilə çağıran ifadələr işlədib. O, açılış nitqində bir sıra
türk jurnalistlərinin və ictimai təşkilatların Türkiyə hökumətinin
"erməni soyqırımını" rədd etməsi ilə mübarizə aparmaq istiqamətində
addımlar atdığını deyib.
Səfir postuna namizəd bildirib ki, bu istiqamətdə "daha çox iş"
görülə bilər.
"Biz hər iki tərəfi 1915-ci ilin faciəvi hadisələrini əhatə edən
faktları tam, səmimi və ədalətli etiraf etməyə çağırırıq" - deyə o
bildirib.
İclasa sədrlik edən R.Menendez diplomatı sorğu-sual etməyə
"erməni soyqırımı" və aprelin 24-ü İstanbulda keçirilmiş anım
mərasiminə dair suallarla başlayıb.
R.Menendez soruşub: "Sizin üçün və işçiləriniz üçün soyqırımın
100-cü il dönümünə həsr olunmuş anım mərasimində iştirak etmək
prioritet olacaqmı? Siz şəxsən 1915-23-cü illərdə baş vermiş və
təxminən 2 000 000 erməninin deportasiyası və 1 500 000-ə qədər
kişi, qadın və uşağın ölməsi ilə nəticələnən hadisələri necə
xarakterizə edərdiniz?"
C.Bass isə cavabında deyib ki, ABŞ hökuməti Osmanlı
imperiyasının son günlərində "1,5 milyon erməninin qətlə
yetirilməsini və ya ölümə göndərilməsini" tarixi fakt kimi qəbul
edir və buna kədərlənir.
"Təsdiq
edilərəmsə, belə anım tədbirlərində, xüsusilə XX əsrin ən dəhşətli
qəddarlığının 100-cü ildönümündə iştirak etmək mənim üçün prioritet
olacaq" - deyə C.Bass bildirib.
Senator R.Menendez həmçinin namizədin diqqətini Türkiyə
hökumətinin dini azlıqlarla bağlı ayrı-seçkilik siyasətinə
yönəldib.
"100 ildən də az müddət əvvəl Türkiyədə canlı və böyük xristian
əhalisi mövcud idi. Soyqırım və təqib nəticəsində bu əhali yox
edilib və hazırda əhalinin 2 faizindən az hissəsini təşkil edir" -
deyə senator Türkiyəni ittiham edib.
R.Menendez soruşub: "Xristianlara və digər dini azlıqlara qarşı
dini təqib məsələlərini Türkiyə orqanlarına necə ünvanlamağı
düşünürsünüz?"
Con Bass isə cavabında Türkiyədə dini azlıqların davamlı
təzyiqlər altında olduğunu deyb: "Təsdiq edilərəmsə, mən Türkiyə
hökumətini dini azlıqlara mülkiyyətlərinin qaytarılması və dini
azadlığı təşviq etmək üçün əlavə addımlar atmağa, məsələn, daha çox
dini icmanın mülkiyyətə sahib olması, öz ibadət yerlərini
qeydiyyatdan keçirməsi və ruhanilərə təlim keçirilməsinə
çağıracağam".
Digər ermənipərəst senator Barbara Bokser isə diplomata
Ermənistan-Türkiyə barışıq səyləri haqqında sual verib.
"Türkiyə hökumətinin erməni soyqırımın açıq şəkildə qəbul
etməməsi Türkiyə və Ermənistan arasında münasibətlərin
normallaşdırılması səylərinə necə mane olur?" - deyə B.Bokser
soruşub.
Barbara
Bokser
Səfir postuna namizəd C.Bassın cavabı isə birmənalı olub: "Tam
barışığa nail olmaq üçün Türkiyə öz keçmişi ilə barışmalıdır".
C.Bass əlavə edib ki, münasibətlərin normallaşdırılmasını və
nəticə etibarilə sərhədin açılmasını dəstəkləmək üçün
administrasiya "faktların tam, səmimi və ədalətli etirafını
dəstəkləməkdə" davam edəcək.
Senator B.Bokser Türkiyənin Ermənistanı 20 ildir "birbaşa quru
blokadasında saxlaması" məsələsini də qaldırıb. O soruşub: "Bu
qanunsuz blokadanın sona çatması üçün siz necə işləyəcəksiniz?"
C.Bass cavab verib: "Ermənistanın Türkiyə ilə sərhədini açmaqla
Ermənistanın regional inteqrasiyasını asanlaşdırmaq ABŞ üçün
prioritetdir. Təsdiq edilərəmsə, səfir kimi bu, mənim əsas
məqsədlərimdən biri olacaq".
Həmçinin C.Bass senator Markeyin sorğusuna cavab olaraq
1913-1916-cı illərdə ABŞ-ın Osmanlı imperiyasınakı səfiri olmiş
Henri Morqentaunun "ermənilərin kütləvi məhvinə dair
hesabatlarından xəbərdar olduğunu" bildirib.
"ABŞ hökuməti Osmanlı imperiyasının son günlərində 1,5 milyon
erməninin qətlə yetirilməsini və ya ölümə göndərilməsini tarixi
fakt kimi qəbul edir və buna kədərlənir. Təsdiq edilərəmsə, bütün
əvvəlki vəzifələrimdə olduğu kimi mənim rolum prezidentin
siyasətlərini sədaqətlə təmsil etmək olacaq" - deyə o bildirib.
***
Senatın Xarici Əlaqələr Komitəsində Con Bassın namizədliyinin
təsdiqlənməsinə dair keçirilmiş dinləmələrin stenoqramı Amerikadakı
erməni diasporunun və Konqresdəki erməni lobbisinin Vaşinqtonun
xarici siyasəti üzərində təsir imkanlarını hələ də saxladığını bir
daha təsdiqləyir.
Hansı ki, erməni lobbisinin təsiri ABŞ-ın Qafqaz və Türkiyə
siyasətində hələ Barak Obamanın prezident seçilməsindən və
administrasiyasını formalaşdırmasından az sonra açıq-aşkar hiss
edilməyə başlamışdı.
Obama administrasiyası, ABŞ prezidentinin xarici siyasət
komandası açıq-aşkar elan etmişdi ki, Vaşinqtonun Cənubi Qafqaz
üzrə siyasətinin əsas prioritetini Ermənistanın Türkiyə ilə
sərhədlərinin açılması təşkil edir. Hansı ki, bu siyasət Ermənistan
tərəfindən hərbi təcavüzə məruz qalmış Azərbaycanın etirazlarını
nəzərə almamaq üzərində qurulmuşdu.
Vaşinqton Türkiyəni Ermənistanla sərhədlərini bağlamağa məcbur
edən səbəbin aradan qaldırılmasını gözləmədən sərhədləri açmaq üçün
israrla çalışırdı.
Ancaq nə baş verdi?
Doğrudur, ABŞ administrasiyasının Azərbaycanla münasibətləri
ciddi şəkildə korlamaq hesabına başa gələn səyləri 2009-cu ildə
Türkiyə ilə Ermənistan arasında Sürix protokollarının imzalanmasına
qədər gedib çıxa bildi. Lakin bu protokolların faktiki olaraq
gərəksiz kağız parçasına çevrilməsi sübut etdi ki, Vaşinqtonun
Azərbaycanın mövqeyini və maraqlarını nəzərə almadan yürütdüyü
siyasət iflasa məhkumdur. Bu yanlış siyasət ABŞ-ın Cənubi Qafqaz
regionunda mövqelərini sürətlə əldən verməsinin əsas səbəblərindən
biri olaraq qalır.
Gözləmək olardı ki, ABŞ administrasiyasının xarici siyasət
planlaşdırıcıları bir dəfə batdıqları bataqlığa yenidən batmamaq
üçün bu səhvləri düzəldərək Türkiyəyə "soyqırım" təzyiqlərini
dayandırıb Qafqazda əsas səyləri Ermənistan-Türkiyə sərhədlərinin
açılmasına yox, əvvəlcə sərhədlərin bağlanmasına səbəb olmuş erməni
işğalının aradan qaldırılmasına yönəldəcək.
Ancaq belə deyil və Vaşinqton siyasətçiləri, rəsmiləri,
diplomatları hər fürsətdə Türkiyəyə "soyqırımı" ittihamı yükləyib
Ermənistanla sərhədlərini açması üçün təzyiqlər edirlər. Belə
görünür ki, 1915-ci il hadisələrinin 100 illiyi ilə bağlı bu
təzyiqlər artacaq...