Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini
İltimas Məmmədov "Azvision.az" saytında oxucuların suallarını
cavablandırarkən bir sıra maraqlı məqamlara toxunub.
Axar.az xəbər verir ki, nazir müavini bir neçə il öncə mobil
operatorların birinin kontur, digərinin manatla işlədiyi zaman
abonentlərin aldadıldığını üzə çıxardıqlarını etiraf edib:
"Bir neçə il əvvələ qədər operatorların biri konturla, digəri
isə manatla fəaliyyət göstərirdi. Araşdırdıq ki, vətəndaşlarımız
nəticədə necə aldadılır. Yəni insanlar bilmir neçə kontur alır,
neçə kontur satılır. Qarışıqlıqdan nə qədər kontur və ya pul
yüklədiyini bilmirdi. Birində konturun biri 1 manat idi, digərində
isə 100-ü bir manat. Tək vətəndaşlar deyil, iqtisadçılar belə
hesablayıb nəticəni ortaya çıxara bilmirdilər. Ona görə də biz
operatorları məcbur etdik ki, bunu sadələşdirsinlər. Vətəndaş dəqiq
xərcini bilməlidir. Bazara 3-cü mobil operatoru daxil etdik. Onlara
əlavə lisenziyalar verdik.
Onu demək istəyirəm ki, həm operatorlara şərait yaratdıq, əlavə
tezliklər verdik, həm də onları yaxşı mənada məcbur etdik ki,
regionlara gedin, ölkəni tam əhatə edin, insanlara şəffaf xidmət
göstərin".
İltimas Məmmədov hətta bir vətəndaşın müraciətinin operatorun
sistemində dəyişiklik etmək üçün kifayət etdiyini də bildirib:
"Bəzi hallarda bir vətəndaşın müraciəti əsas verir ki,
operatorun sistemində dəyişiklik aparılsın və ya operatorların
hamısı ilə müzakirə edilsin ki, bu hal digərlərində olmasın. Əgər
belə konkret narahatedici faktlar varsa, biz vətəndaşla birlikdə
operatorun nümayəndələrilə müzakirə edib, ədalətli qərar qəbul
etməyə hazırıq".
Bəzi hallarda kontur satılarkən üstündə əlavə 10-20 qəpik
alınması məsələsinə münasibət bildirən nazir müavini bunu
möhtəkirlik adlandırıb:
"Əslində mobil operatorlar o kartları satanlar əlavə pul almasın
deyə, karta görə onsuz da pul ödəyir. Yəni kartı satan, kartın
dəyəri 5 manatdırsa, yalnız 5 manatı vətəndaşdan almalıdır. Bu
məsələni mən gərək mobil operatorların qarşısında qaldırım ki,
onlar özləri reydlər təşkil etsin".
Daha sonra internet və mobil rabitə xidmətlərinin keyfiyyətinə
və qiymətinə toxunan nazir müavini qiymətlərin ciddi şəkildə
ucuzlaşacağını da əsaslandırıb.