"Hərbi təlimlərin uzadılması
Türkiyə və Azərbaycan arasında real və çox güclü hərbi əməkdaşlığın
sübutudur".
Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq
Vəfa Quluzadə Azərbaycan və Türkiyə arasında hərbi təlimlərin
oktyabrın 3-nə kimi uzadılmasına münasibət bildirərkən deyib. O, bu
təlimlərin Azərbaycan adına uğur saydığını dilə gətirib:
"Azərbaycan buna çox böyük önəm verir. Bunu sadəcə xoş xəbər
kimi dəyərləndirirəm. Əsasən də təlimlərin Azərbaycan ərazisində
keçirilməsini ölkəmizin adına böyük uğur hesab edirəm. Hərbi
təlimlərin vaxtı uzadılıbsa, deməli buna ehtiyac var. Təlimlərin
vaxtının uzadılması heç bir ismarıc xarakteri daşımır. Burda ancaq
Azərbaycan ordusunun güclənməsi, iki ölkə arasında əlaqələrin
möhkəmlənməsi və Bakı-Ankara arasında hərbi əməkdaşlığının artan
gücündən söhbət gedə bilər. Türkiyə ilə əməkdaşlıq bir çox
məsələlərdə "biz müttəfiqik" anlamını daşıyır. Hesab edirəm ki,
yaxın gələcəkdə Gürcüstan da bu təlimlərə qoşula bilər. Çünki hər
üç ölkənin müdafiə nazirləri artıq bu istiqamətdə bir araya gələrək
danışıqlar aparıblar. Təbii ki, maraqlar da üst-üstə düşdüyündən və
neft-qaz boru kəmərlərinin bu ərazilərdən keçməsi baxımından, bu
istiqamətdə müdafiə məsələləri çox aktualdır və buna görə də
Gürcüstanla da əməkdaşlıq artacaq".