"Bu, ölkənin tutduğu yolu
təqdim etmək vasitəsidir".
Bu sözləri Axar.az-a millət vəkili Zahid Oruc bu gün işə
başlayan IV Bakı Beynəlxalq Humanitar Forumu barədə fikirlərini
bölüşərkən dedi.
Onun sözlərinə görə, humanitar forum ölkəmizin sülh mərkəzi kimi
tanınması baxımından çox önəmlidir:
"Keçirilən humanitar forum Azərbaycanın dünyaya təkcə neft-qaz
resursu ilə deyil, ideyaları ilə tanınmaq istədiyini göstərən ən
mühüm hadisədir. Bu, ölkənin tutduğu yolu təqdim etmək vasitəsidir.
Azərbaycan Prezidentinin tribunadan söylədiyi kimi humanitar forum
müxtəlif mədəniyyətləri doğmalaşdırmaq, bir araya gətirmək həqiqi
mənada multikulturalizm hadisəsi kimi ortaya qoymaq naminədir".
Millət vəkilinin sözlərinə görə, bu forum ideoloji
müharibələrin, dinlərarası savaşın həlli məkanıdır:
"Bu gün dünyanın müxtəlif yerlərində sərt ideoloji toqquşmalar
baş verir. İŞİD problemi də təkcə dinlərarası savaşın bir ifadəsi
deyil. Bu da qarşılıqlı anlaşılmazlıq və mədəniyyətlərin ortasında
çəkilmiş "Böyül Çin səddi" hesabınadır".
Belə bir problemlərin yaşandığı dünyada sülh məkanı kimi
ölkəmizin tanındığını deyən millət vəkili hətta hegemon ölkələrin
Bakıda bir araya gəldiyini qeyd edib: "Azərbaycan açıq cəmiyyət
məkanıdır və burada başqa məkanlarda savaşan dairələr çox yaxşı dil
tapa bilir. Bu gün Rusiyanı idarə edən şəxslər də Qərbin siyasətini
görüb Bakıda bir araya gəlirlər. Azərbaycan sözün həqiqi mənasında
ötürücü naqil, barış diyarı kimi özünü sübut edir.
Xarici ölkələrdə insanların bizi sadəcə neft amilinə görə
tanımamaları üçün bu cür humanitar forumları əhəmiyyətli hesab
edirik. Burada ideyalar ixrac olunur. Müasir informasiya dövründə
bu, çox önəmlidir".
Forumda Prezident İlham Əliyevin çıxışına toxunan Zahid Oruc
dünyanın ən nüfuzlu insanlarına problemimizin çatdırıldığını qeyd
etdi:
"Azərbaycanda keçirilən humanitar forumlar ölkəmizin maraqlarına
xidmət edir. Prezident İlham Əliyev dünyada çox böyük nüfuza sahib
olan şəxslərin iştirak etdiyi bu mərasimdə Dağlıq Qarabağdan,
bütövlüyümüzün problemindən, Ermənistanın aqressivliyindən, onun
mədəniyyətsizliyindən real faktlar gətirdi. Hesab edirəm ki, bu
tədbir gələcəkdə bizi toqquşmalardan daha çox uzlaşdırma məkanı
kimi tanıdacaq və qəbul etdirəcək".