Yuxarı

İrəvanda nə baş verir: Moskva Sərkisyanı satdı... – Müsahibə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda baş tutan “inqilab”dan 6 ay keçməsinə rəğmən, hələ də Ermənistanla bağlı qaranlıq məqamlar qalmaqda davam edir. Hələ də çoxlarına İrəvanın gələcəyinin necə olacağı, ölkənin daxili və xarici siyasəti aydın deyil.

Baş verənlərlə bağlı tanınmış politoloq Hatəm Cabbarlının Axar.az-a müsahibəsini təqdim edirik:

- İlin əvvəlində Ermənistanın keçmiş hökuməti iqtisadi artımın 7% olması və digər uğurları barədə qürurla danışırdı. Təsadüfən ortaya Paşinyan çıxdı və Serj Sərkisyan hakimiyyətini devirdi. Ermənistanda baş verən bu “qəfil inqilab”ın əsl səbəbləri nədir?

- Hər şeydən əvvəl Ermənistanda etiraz hərəkatının bu cür nəticələnəcəyi heç kəs tərəfindən gözlənilmirdi. Hətta ən etibarlı mənbələr və ekspertlər belə hadisələrin bu istiqamətdə inkişaf edəcəyi haqqında təxmin yürüdə bilmirdilər. Ermənistanda Konstitusiya islahatı keçirildi, dövlət idarəetmə sistemi dəyişdirildi, prezident üsul-idarəsindən parlament idarəetmə sisteminə keçid baş tutdu. Buna səbəb Serj Sərkisyanın hakimiyyətinin davamlılığının təmin edilməsi idi. Sərkisyan bir mərhələyə qədər bu prosesləri gətirə bildi. Amma baş nazir təyin olunması ərəfəsində Nikol Paşinyanın rəhbərliyində Ermənistanda xüsusilə gənclər etiraz mitinqinə çıxdı.

Əslində bu mitinqin kütləvi olduğu haqqında elə bir təsəvvür yox idi. Mitinqlə bağlı süjetlərdə də mitinqə çıxanların sayının çox olduğu görünmürdü. Amma Paşinyan bütün hallarda Serj Sərkisyanın baş nazirlik postundan istefa etməsinə nail oldu.

Sərkisyan 2008-ci ildə prezident seçildikdən sonra Ermənistanda 1 mart qırğınları yaşandı. Rəsmi məlumata görə, 10, qeyri-rəsmi məlumata görə təxminən 25-31 arası Ermənistan vətəndaşı öldürüldü. Yəni güc yolu ilə hakimiyyətə gələn Serj Sərkisyanın gözlənilmədən, güc tətbiq etmədən istefa verməsi hamını təəccübləndirdi. Əslində Ermənistan ictimai rəyi Serj Sərkisyan hakimiyyətindən bezmişdi. Yəni Paşinyan hərəkatı spontan olaraq, ortaya çıxdı. Xalqın etiraz dalğasından da Paşinyan məharətlə istifadə edə bildi.

Sərkisyanı Rusiya satdı

- Sərkisyanı həqiqətənmi Paşinyan devirdi?

- Sərkisyanın baş nazir postundan bu cür mübarizəsiz və asan şəkildə istefa verməsi sadəcə Paşinyanın işi deyildi. Burada bir sıra başqa amilləri diqqətə almaq lazımdır. Bunlar sırasında Ermənistan daxili ictimai rəyində olan ümumi vəziyyət, Ermənistanda hakim olan Respublikaçılar Partiyasının daxilindəki fikir ayrılıqları və ən əsası Rusiyanın məsələyə mövqeyi yer alırdı.

Sonuncuya xüsusi diqqət çəkmək istəyirəm. Böyük bir ehtimalla Sərkisyan Rusiyanın siyasi dəstəyini təmin edə bilmədiyi üçün baş nazir postundan istefa verdi. Digər dediyim iki səbəb Sərkisyan üçün o qədər də təhlükəli məqam deyildi. Yəni Sərkisyan istəsəydi, ordunun və polisin gücündən istifadə edərək, mitinqə toplaşanları dağıda bilərdi. Amma əsas məqam Rusiyanın artıq Sərkisyanı Ermənistan rəhbərliyində görmək istəməməsi ehtimalıdır.

- Bəs Rusiya niyə Serj Sərkisyanı Ermənistanda hakimiyyətdə görmək istəmirdi?

- Mənə elə gəlir ki, Sərkisyan öz limitini istər siyasi, istərsə də iqtisadi olaraq tükətmişdi. Rusiya Ermənistanda yeni bir gücün ortaya çıxmasını istəyirdi. Buraya öz namizədi, Rusiyanın adamı olan Karen Karapetyanı göndərmişdi. Rusiya ümid edirdi ki, Karen Karapetyan baş nazir olacaq. Amma Sərkisyan onu istefaya göndərdi. Burada maraqlı bir məqamı vurğulamaq istəyirəm. Sərkisyanı istefaya getməyə məcbur edən Rusiya onun yerinə öz namizədini gətirə bilmədi. Sərkisyan getdisə, məntiq olaraq, Rusiyanın mövqelərinə daha yaxın, onun mövqelərini qoruyan birisinin hakimiyyətə gəlməsi lazım idi. Amma bu olmadı. Bunu bir tərəfdən Rusiyanın hadisələrə müdaxilə etmə imkanın mıəhdudlaşması ilə ifadə etmək olar. Digər tərəfdən isə hadisələrin bu cür cərəyan edəcəyini nə rusiyalı rəsmilər, nə də hakimiyyətdə olanlar təxmin edirdilər.

Nəhayət, Paşinyan hakimiyyətə gəldi. Parlamenti şantaj edərək özünü baş nazir təyin etdirdi. Burada bir maraqlı nöqtəni vurğulamaq istəyirəm. Paşinyan baş nazir təyin olunandan və Sərkisyan istefa edəndən sonra Respublikaçılar Partiyası daxilində çox ciddi fikir ayrılığı yaranmışdı. İçi mən də daxil olmaqla, bir çox ekspert artıq Respublikaçılar Partiyasının qısa müddətdə dağılacağını ehtimal edirdi. Doğrudur, bu partiyadan qopmalar oldu. Amma bu qopmalar partiyanı iflas dərəcəsinə gətirmədi. Bu günün özündə belə Ermənistan Respublikaçılar Partiyası müəyyən şərtlər daxilində monolitliyini qoruyub saxlaya bilir.

Paşinyanın özünü baş nazir təyin etdirməsindən sonra onun nə hökumət olaraq iqtisadi planı, nə sosial məsələlərin həll olunması istiqamətində verdiyi vədləri real idi. Yəni bu qarma-qarışıq prosesdən istifadə edən Paşinyan parlamenti şantaj etməklə, eyni zamanda, Ermənistan Respublikaçılar Partiyası daxilində yaranan fikir ayrılığından istifadə etməklə hakimiyyətə gəldi. Hakimiyyətə gələndən sonra Paşinyan və parlament arasında çox ciddi mübarizə hələ də davam edir.

- Görünür, bu mübarizədə Paşinyan hələlik qalib gəlir. Parlament növbədənkənar seçkinin dekabrda keçirilməsinə artıq razılıq verib...

- Ümumiyyətlə, Paşinyan hakimiyyətə gələndən sonra ilk dövrlərdə növbədənkənar parlament seçkilərinin cari ilin son günlərində keçiriləcəyini bildirdi. Sonra parlament üzərində tam nəzarət edə bilmədiyi üçün bu mərhələni bir az daha uzatdı və seçkinin 2019-cu ilin yazında keçiriləcəyini bəyan etdi. Üçüncü mərhələdə isə ümumiyyətlə, növbədənkənar parlament seçkisinin keçirilməsinin qeyri-müəyyən bir vaxtda baş tutacağını bildirdi. Yəni tarix vermədi. Bu, olduqca maraqlı idi.

Paşinyanın növbədənkənar parlament seçkisini dekabrda keçirmək istəməsini əvvəlki iqtidar partiyası olan Respublikaçılar Partiyasının qəbul etməsi və Paşinyanın istefasından sonra baş nazirliyə öz namizədini verməyəcəyini açıqlaması onların könüllü olaraq məğlubiyyəti qəbul etməsi idi. Parlamentdə bu gün çıxılmaz vəziyyət yaranıb. Parlament, xüsusilə Respublikaçılar Partiyası xalq kütləsindən qorxur.

İndi Ermənistandakı bütün siyasi güc mərkəzləri parlament seçkiləri uğrunda mübarizəyə fokuslanıb. Maraqlıdır ki, Respublikaçılar Partiyası, Çiçəklənən Ermənistan Partiyası, eyni zamanda, Daşnaksütyun Partiyası bu gün Ermənistan siyasi səhnəsində olduqca zəif bir mövqeyə sahibdirlər. Daşnaksütyun və Çiçəklənən Ermənistan partiyalarının hökumətdən nümayəndələrinin qovulması onların siyasi imicini yerlə bir etdi. Növbədənkənar parlament seçkisindən sonra Respublikaçılar Partiyasının parlamentdə yer alma şansı olduqca zəifdir, hətta deyərdim ki, imkansızdır. Burada həm 10 illik iqtidar zamanı bu partiyanın heç bir ciddi uğur əldə edə bilməməsi, Ermənistanın sümükləşən iqtisadi, sosial problemlərini həll etməməsi, emiqrasiyanın qarşısını ala bilməməsi, ümumiyyətlə, ölkənin daxilində bir çox problemlərin həllini tapmaması bunun başlıca səbəbidir. Eyni zamanda, burada erməni ictimaiyyətinin Sərkisyan fiqurunu artıq idarəedən şəxs kimi görmək istəməməsi də xüsusi rol oynayır.

Çiçəklənən Ermənistan Partiyası da bu proseslər nəticəsində olduqca zəiflədi. Hər nə qədər də oliqarx Qagik Çarukyan bu mərhələləri xətasız-bəlasız ötüşdürməyə çalışsa da, hadisələr ondan da yan keçmədi. Daşnaksütyun Partiyasının da erməni siyasi həyatında müəyyən limiti var. Bu partiya o limitlə son 20-25 ildə parlamentdə özünə yer edib. Növbədənkənar parlament seçkisində də onlar parlamentdə özlərinə müəyyən yer edə bilərlər. Amma bunun indikindən çox olma ehtimalı yoxdur.

Paşinyanın parlament seçkisindən əvvəl meriya seçkisi keçirməsi Ermənistanda nəbz yoxlaması idi. Mer seçkisində qələbə Paşinyan və onun tərəfdarlarının psixoloji olaraq özgüvən duyğusunun artmasına gətirib çıxardı. Bu gün Paşinyan üçün əsas olan nəyin bahasına olursa-olsun, parlamenti neytrallaşdırıb, növbədənkənar seçki keçirməkdir.

Ermənistanın sabiq prezidenti Robert Köçəryan da Ermənistanda Paşinyana alternativ siyasi güc formalaşdırmağa çalışdı. Amma müşahidələrimə əsasən deyə bilərəm ki, burada ciddi nəticələr əldə etmədi. Köçəryan daha çox oliqarx və bürokratları öz ətrafına toplamağa çalışırdı, amma mövcud şəraitdə xalqın dəstəyini almadan Köçəryanın oliqarx və bürokratları bir araya gətirərək, Paşinyan rejiminə qarşı ciddi bir alternativ ola biləcəyini zənn etmirəm.

“Yeni İrəvan” Qərbə gedir?

- “İnqilab” Ermənistanın AB ilə imzaladığı razılaşmadan az sonra baş verdi. Digər tərəfdən isə Serj Sərkisyanın partiyası Avropa Xalq Partiyasının üzvüdür və Avropa ilə kifayət qədər yaxşı əlaqələrə sahibdir. Bəzi ekspertlər hətta deyir ki, Sərkisyan Paşinyandan daha çox qərbyönlü siyasətçi idi. Sərkisyanın hakimiyyətdən getməsinin səbəbi Avropa ilə olan yaxınlıq ola bilərdimi? Rusiya Sərkisyanın yerinə daha loyal birini gətirmək üçün səssiz qaldımı?

- Belə düşünmürəm. Hakimiyyət elə bir cazibədar qüvvədir ki, Sərkisyan kimi despot Ermənistanın gələcəyi naminə istefa verib, Paşinyan kimi daha liberal birinin hakimiyyətə gəlməsini əsla qəbul edə bilməzdi. Bunun Sərkisyan örnəyində nümunələrini dəfələrlə görmüşük. İstər 2008-ci ildə prezident seçildiyi ərəfədə olan iğtişaşlar, istər Ermənistanda Sasna Çrer qruplaşmasının Erebuni polis alayını işğal etdiyi zaman göstərdiyi siyasi müqavimət bizə məlumdur. Yəni hakimiyyətin cazibədarlığı fədakarlıq etməyə imkan vermir. Mən tarixdə bunun bir nümunəsinə rast gəlməmişəm. Yəni Sərkisyan heç vaxt hakimiyyətin ən uca pilləsindən Ermənistanın Qərb dünyası ilə münasibətlərinin qaydasına düşməsi ucbatından istefa verə bilməz. Dediyiniz kimi, bu inqilabın Ermənistanın Avropa ilə hərtərəfli əməkdaşlıq haqqında saziş imzaladığı dövrə təsadüf etməsi düşünülmüş bir şey deyil. Çünki Ermənistanda baş verən hadisələr spontan olaraq gəlişdi. Bu ərəfədə Paşinyanın etirazçı kütləni məharətlə idarə etməsi hadisələrin bir anda məcrasının dəyişməsinə və Sərkisyanın istefasına gətirib çıxardı. Burada dediyiniz amillərin böyük rol oynadığını düşünmürəm.

- Amma Rusiya mediası Ermənistan daha çox Qərbə yönəldiyi barədə təbliğat aparır. Ermənistanda Ukraynadakı kimi həqiqətən Qərbi sevən, Qərbə doğru inteqrasiyanın tərəfdarı olan, Rusiyadan ayrılmaq istəyən kütlə üstünlük təşkil edirmi?

- Ermənistanda, ümumiyyətlə, müstəqillik qazanandan bəri Qərblə münasibətlərin inkişaf etdirilməsi, Qərbin institutları ilə əməkdaşlıq edilməsi, onlarla bütünləşmə yönündə siyasi düşüncə hər zaman olub. Amma bu siyasi düşüncə Ermənistanın reallığı çərçivəsində çox da özünün prinsiplərini, əməkdaşlıq perspektivlərini həyata keçirə bilməyib. Çünki Ermənistan əslində bir ada dövlətdir. Rusiyanın siyasi və hərbi nəzarətindədir. Rusiya Ermənistan iqtisadiyyatında basqın mövqedədir. Ermənistandakı müstəqillikdən sonra strateji sənaye müəssisələrinin bütün kontrol paketi Rusiyanın əlindədir. Ermənistan borca qarşı bu sənaye müəssisələrini Rusiyanın mülkiyyətinə verib. Digər tərəfdən də Ermənistanın yerləşdiyi coğrafiya, qonşularına qarşı militarist siyasəti Avropa dəyərlərini mənimsəyən, Avropa ilə bütünləşmək istəyən siyasi güclərin istəklərini həyata keçirməsinə imkan vermir. Məsələn, Ermənistan Azərbaycan torpaqlarının 20%-dən çoxunu işğal edib. Gürcüstanla münasibətləri hələlik hərbi müstəviyə keçməsə də, Axalkələk problemi var. Türkiyə ilə münasibətləri son 28 ildir qaydasında deyil. Ümidsiz olaraq, Türkiyənin qondarma erməni soyqırımını tanımasını istəyir, ümumiyyətlə, Türkiyəyə qarşı məntiqdən uzaq tələblərlə çıxış edir. Bu baxımdan qərbyönümlü siyasi qüvvələrin mövqeyinin güclənməsinə heç bir zəmin yaranmayıb. Təbii ki, Paşinyan hakimiyyətə gələndən sonra bu qüvvələr bir az su üzünə çıxmağa başladılar. Amma yenə də vurğulayıram ki, Ermənistan reallığı var.

Paşinyanın hakimiyyətə gələndən bu günə qədər verdiyi siyasi bəyanatlara (xüsusilə Ruisyaya yönəlik) fikir verək: hələ də siyasi etikadan və ciddiyyətdən uzaq bəyanatları olsa da, artıq Paşinyan öz bəyanatlarında bir az diqqətli olmağa çalışır. Yəni Rusiyaya yönəlik bəyanatlarında tarazlığı qorumaq istəyir.

- Bəs Rusiya niyə proseslərə müdaxilə etmədi?

- Bu, mənə də maraqlıdır. Rusiya, məncə, Ukraynadan sonra Ermənistanda da bənzər ssenarinin həyata keçirilməsinin onun bölgədə siyasi imicini aşağı salacağını düşündü. Yəni Ukraynaya hərbi müdaxilə etdi və Ermənistanda da bunu edə bilərdi. Ona görə ki, onun burada ordusu, kəşfiyyat qüvvələri var. Bundan başqa, Ermənistan ordusunda rus kəşfiyyatına işləyən zabitlər kifayət qədər çoxdur. Amma Ukraynadakı kimi Rusiyanın regionda siyasi nüfuzunun zədələnməsi ehtimalı var idi.

Digər tərəfdən də Ermənistanla Ukrayna heç vaxt müqayisə edilməməlidir. Ukrayna böyük, Avropaya daha yaxın, sərbəst xarici və iqtisadi siyasət həyata keçirə biləcək potensiala sahib bir ölkədir. Amma Rusiya Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsi prosesinə müdaxilə etməsə də, hakimiyyətdən getməsi üçün müxtəlif təzyiq mexanizmlərini istənilən vaxt işə sala bilər. Rusiyanın əlində müxtəlif təzyiq vasitələri var. Rusiya bunu lazım gördüyü anda heç çəkinmədən istifadə edəcəkdir.

Sərkisyanın yerinə Köçəryan

- Paşinyan hakimiyyətə gələndə onun üçün əsas müxalifət Respublikaçılar Partiyası sayılırdı. Partiyanın parlamentdə 50-dən çox səsi var idi və Paşinyana qarşı təhdid yaratması üçün yetərli üstünlük idi. Maraqlıdır ki, Paşinyan Sərkisyanın üzərinə heç bir yürüş etmədi və bütün diqqətini Robert Köçəryanın üzərinə yönəltdi. Sərkisyanla bağlı Paşinyanın susqunluğu bir qədər qəribə deyilmi?

- Sərkisyan 2008-ci ildə prezident seçiləndən sonra İrəvanda geniş xalq kütlələrinin etiraz edərək küçələrə çıxmasının qarşısının alınmasında ordu və polis gücündən istifadə etmək əmrini böyük ehtimalla Köçəryan verib. Sərkisyan həmin vaxt prezident kreslosuna oturmamışdı. Onun belə bir əmr verməyə konstitusiyaya görə imkanı da yox idi. Paşinyan və onun tərəfdarları məhz Köçəryanın verdiyi bu qərarla həbs edildilər.

Digər tərəfdən mövcud şəraitdə Paşinyanın Serj Sərkisyanın üzərinə getməməsinin bir səbəbi də Sərkisyanın hələ təhlükəsizlik və ordu üzərində müəyyən qədər siyasi təsirə malik olma ehtimalıdır. Ona görə də Paşinyan ondan daha zəif və siyasi imkanları məhdud olan bir siyasi fiquru önə çıxararaq, dişindəki zəhəri ona tökdü. Köçəryanın, generalların və digər oliqarxların həbs edilməsi və ya onlara aid şirkətlərin maliyyə baxımından təftiş edilməsi Paşinyanın həmləsi idi. Bundan sonrakı mərhələdə onun artıq Köçəryanın üzərinə gedə biləcəyi, ittiham edə biləcəyi bir şeyi qalmayıb. Bundan sonrakı dönəmdə növbədənkənar parlament seçkisinin keçirilməsi ərəfəsində hər hansı bir qarşıdurma yaranarsa, bunun tək səbəbini Paşinyan, böyük ehtimalla, Sərkisyanın üzərinə atacaq.

Bundan sonra Paşinyan hökumətinin və Paşinyanın arxasınca gedən xalq kütləsinin qəzəbinin yönləndirilməsi üçün yeni fiqur Serj Sərkisyandır. O, hələ də rezerv olaraq qalmaqdadır. Rusiyanın təzyiqi ilə Paşinyan artıq Köçəryanla “tərəf-müqabil” olmamağa çalışır. Amma Sərkisyan fiquru hələ qalmaqdadır. Seçki ərəfəsində Paşinyanın üzərinə gedəcəyi ilk fiqur Sərkisyandır. Çünki Sərkisyan hələ də Respublikaçılar Partiyasının sədridir, parlamentdəki çoxluq qrupunun rəhbəridir və parlamentdə faktiki olaraq Respublikaçılar Partiyasının nümayəndələrini o idarə edir. Növbədənkənar parlament seçkisində Sərkisyanın mövqeyindən asılı olaraq, Paşinyan Sərkisyan siyasi fiqurunu hədəf olaraq, çox rahatlıqla göstərəcək.

Ardı var...

Tarix
2018.10.17 / 09:07
Müəllif
Firuzə, İlkin
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla