Serj Sarksiyanın dövlət idarəçilik metodu bütün meyarlar
üzrə hərbi diktaturanın ən ifrat nümunəsidir.
AzərTac-ın məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat
xidmətinin rəhbəri v.i.e. Hikmət Hacıyev Ermənistan prezidenti
S.Sarkisyanın "New York Times" qəzetinin Ermənistana aid reklam
bölməsində 23 oktyabr tarixində verdiyi müsahibəsini şərh edərkən
bildirib.
O, qeyd edib: "İfrat millətçi, irqçi və şovinist xarakterli
çıxışlar edərək, əslində Ermənistanın öz daxilində mövcud olan
problemlərdən fikri yayındırmağa və Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişənin həllinə əngəl yaratmağa çağıran Ermənistan
prezidenti Serj Sarkisyana bunları xatırlatmaq istərdik: Serj
Sarkisyanın dövlət idarəçilik metodu bütün meyarlar üzrə hərbi
diktaturanın ən ifrat nümunəsidir. Ermənistan ictimaiyyəti
tərəfindən bu idarəçilik üsulu və siyasi sistem hətta
kriminal-oliqarx xarakterli hərbi diktatura rejimi
adlandırılır".
H.Hacıyev deyib ki, Ermənistanda 2008-ci il prezident seçkilərindən
sonra dinc nümayiş iştirakçılarının odlu silahdan atəşə tutulmasını
əmr edən və erməni müxalifətinin iddia etdiyi kimi "kriminal
qaydalar" əsasında öz rəqiblərinin qətlini sifariş edən
S.Sarkisyanın yürütdüyü siyasət nəticəsində Ermənistanın əhalisinin
40 faizindən çoxu ifrat yoxsulluq səviyyəsində yaşayır və
demoqrafik fəlakət astanasında olan bu ölkənin xarici borcları
ümumi daxili məhsulu bir neçə dəfə üstələyir: "İnsanlığa qarşı
cinayət əməllərinə görə bilavasitə məsuliyyət daşıyan və faşizm
ideologiyası əsasında irqçi "etno-dini Nzhdehiszm"i - "erməni
xalqının etnik üstünlüyü"nü - rəhbərlik etdiyi respublika
partiyasının və dövlət siyasətinin hakim irqçi ideologiyası elan
edən, öz ölkəsinin gənclərini qonşu xalqlarla gələcək müharibəyə
səsləyən Serj Sarkisyanın sülhdən danışmağa nəinki siyasi-hüquqi,
hətta əxlaqi-mənəvi haqqı yoxdur".
XİN rəsmisi bildirib ki, regional sülh və təhlükəsizlik üçün ən
başlıca təhlükə Ermənistanın Azərbaycana qarşı təcavüzüdür.
Ermənistan Azərbaycan Respublikasının ərazi bütövlüyü və
suverenliyinə qarşı hərbi gücdən istifadə edərək ərazilərinin 20
faizini işğal etməklə, BMT nizamnaməsi və işğal olunmuş ərazilərdə
və Ermənistan ərazisində Azərbaycan xalqına qarşı qanlı etnik
təmizləmə və insanlığa qarşı cinayət törətməklə beynəlxalq
humanitar hüququ kobud şəkildə pozub: "İşğal, təcavüz və
insaniyyətə qarşı cinayət əməllərinə görə müasir beynəlxalq hüquqda
dövlətlərin və hətta fərdlərin məsuliyyəti aydın şəkildə müəyyən
olunub. Bu əməllərə görə Ermənistan və onun indiki rəhbərliyi
birbaşa məsuliyyət daşıyır".
H.Hacıyev qeyd edib: "BMT TŞ-nin 822, 853, 874 və 884 saylı
qətnamələrini təhrif etməyə çalışan Ermənistan prezidentinin
yaddaşını bir daha təzələmək istərdik. BMT baş katibinin bu
qətnamələrlə əlaqədar 1994-cü il 31 oktyabr tarixli SG/SM/5460
saylı bəyanatında deyilir: "BMT-nin mövqeyi TŞ tərəfindən qəbul
edilmiş qətnamələrdə əks olunan dörd prinsipə əsaslanır. 1-ci
prinsip Azərbaycanın ərazi bütövlüyüdür. 2-ci prinsip beynəlxalq
sərhədlərin toxunulmazlığıdır. 3-cü prinsip ərazi əldə etmək üçün
zordan istifadənin qəbuledilməzliyidir. 4-cü prinsip bütün xarici
qoşunların dərhal və qeyd-şərtsiz bütün işğal edilmiş Azərbaycan
ərazilərindən çıxarılmasıdır".
Onun sözlərinə görə, Azərbaycan tərəfindən böyük sülh sazişinin
imzalanması və strukturlaşdırılmış əsasda və predmetli şəkildə
danışıqların aparılmasının gündəmə gətirilməsi ilə çıxılmaz
vəziyyətə düşən Ermənistan prezidenti və xarici işlər naziri son
günlər yalnız bəhanələr və əsassız ittihamlara üz tutublar:
"Ermənistan məqsədyönlü şəkildə texniki məsələləri gündəmə
gətirməklə, diqqəti münaqişənin əsl mahiyyətindən yayındırmağa
çalışır. Sözdə "münaqişənin sülh yolu ilə həllini", "ATƏT-in Minsk
qrupunun həmsədrlərinin səylərini" dəstəklədiyini deyən Ermənistan
real olaraq münaqişənin həlli üçün heç bir addım atmayb.
Münaqişənin həllinə nail olmaq üçün isə ilk növbədə Ermənistan öz
silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən
çıxarılmalıdır".