Yuxarı

Unikal imkan yarandı: ABŞ da, Rusiya da Qarabağ üçün...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti Katibliyinin keçmiş rəhbəri, prezidentin eks-köməkçisi, politoloq Eldar Namazovun Axar.az-a müsahibəsini təqdim edirik:

- ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Dağlıq Qarabağ problemi ilə bağlı məsələni Prezidet İlham Əliyevlə müzakirə edib, Paşinyanla etməməsinə səbəb nədir?

- Birincisi, biz hələ tam əminliklə deyə bilmərik ki, Boltonun Paşinyanla söhbəti zamanı Qarabağ probleminin həlli ilə bağlı müzakirələr olmayıb və bu mövzuya toxunulmayıb. Bu fikri Paşinyan mətbuata deyib. Yalnız Paşinyan deyir ki, Qarabağ məsələsi müzakirə olunmayıb. Bu da onunla bağlıdır ki, həm Paşinyan, həm də Ermənistanın XİN rəhbəri ciddi təzyiq altındadır. Demək olar ki, onlara qarşı aramsız ittihamlar irəli sürülür, mətbuatda yazılar gedir. Ermənilər iddia edir ki, Paşinyan Qarabağ məsələsində çox ciddi güzəştlərə hazırdır və danışıqlar məhz Ermənistanın Qarabağın ətrafında işğal edilmiş ərazilərin azad olunması ilə bağlı aparılır. Hər gün də demək olar ki, Paşinyan və Ermənistan XİN rəhbəri bunu təkzib etməyə çalışır. Bu ABŞ-da Trampın ruslara salam verməyə belə qorxmasına bənzəyir. Çünki hamı Trampı ittiham edir ki, sən rusların adamısan, agentisən. İndi də təqribən eyni vəziyyət Ermənistanda yaranıb. Paşinyan və Mnatsakanyan hər gün təkzib verir ki, danışıqlarda heç bir ciddi məsələ müzakirə olunmur, biz güzəştlərə getməyi müzakirə etmirik və s. Ona görə də Paşinyanın Boltonla telefon danışığı zamanı Qarabağ problemini müzakirə etmədikləri ilə bağlı açıqlaması hətta erməni mətbuatında da şübhə altına alınıb. Bir çox erməni mətbu orqan yazdı ki, Paşinyan bəlkə də bütöv həqiqəti bizə demir. İndi Boltonun İlham Əliyevlə söhbəti haqqında məlumat yayıldıqdan sonra mən güman edirəm ki, Ermənistanda yenə də bu məsələyə qayıdılacaq və Paşinyana hücumlar başlayacaq. Çünki Boltonun İlham Əliyevlə Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparıb, Paşinyanla aparmaması inandırıcı görünmür. Konflikt Ermənistan və Azərbaycan arasındadır. Əgər bu haqda danışıqlar aparılırsa, bu, hər iki tərəflə getməlidir. Ona görə də bu məsələni bir az açıq qoymaq lazımdır. Ola bilsin ki, Paşinyan Boltondan Qarabağ problemi ilə bağlı danışıqların gizli qalmasını xahiş edib.

- Artıq Qarabağ münaqişəsini həll etmək üçün ABŞ-ın təşəbbüsü ələ aldığını söyləmək olarmı?

- Burada çox maraqlı və yeni bir situasiya yaranıb. Bu da ondan ibarətdir ki, adətən ABŞ və Rusiya bölgədə rəqabət apararaq, çalışırlar ki, qarşı tərəfin təşəbbüslərini vursun, heçə endirsin. Ancaq Qarabağ məsələsi ətrafında yaranan situasiya fərqlidir. Qarabağ məsələsi başlayandan bəri belə bir situasiyanın yaranması mənim yadıma gəlmir.

- Nəyi nəzərdə tutursunuz? Söhbət hansı situasiyadan gedir?

- Hər kəs qeyd edir ki, təşəbbüs indi Moskvanın əlindədir. Moskvada Qarabağla bağlı çox ciddi planlar işlənməkdədir. Uzun illərdir Qarabağ məsələsində beynəlxalq hüquq normaları da, haqq-ədalət prinsipi də Azərbaycanın tərəfində olsa da, Azərbaycanın işinə mane olan amil geopolitik maraqlar idi. Rusiya birmənalı hesab edirdi ki, onun Cənubi Qafqazda ən yaxın müttəfiqi Ermənistandır, Azərbaycan isə Qərblə əməkdaşlıq edir, neft müqavilələri imzalayır. Buna görə də beynəlxalq hüquq normaları da, haq-ədalət prinsipləri də kənarda qalırdı və Rusiya öz milli maraqlarını əsas götürərək, Ermənistana həm iqtisadi, həm siyasi, o cümlədən Qarabağ məsələsində tam dəstək verirdi. İndi Rusiyanın bölgədə milli maraqları baxımından çox ciddi dəyişikliklər baş verib. Rusiya Türkiyə və Azərbaycanla yaxınlaşmağa və strateji əməkdaşlıq etməyə başlayıb. Rusiya üçün həm Azərbaycan, həm də Türkiyə ilə bu münasibətləri qoruyub saxlamaq çox önəmlidir. Eyni zamanda Rusiyanın Ermənistanla münasibətlərində çox ciddi problemlər müşahidə edilir. O cümlədən də Ermənistanda hakimiyyət dəyişikliyindən sonra qərbpərəst siyasətçilərin - Putinin, Rusiyanin əleyhinə illər boyu mitinqlər keçirən, bəyanatlar verən insanların indi əsas dövlət vəzifələrinə təyin olunması prosesi baş verdi. Ona görə də təkcə beynəlxalq hüquq normaları, haqq-ədalət prinsipləri deyil, artıq Rusiyanın milli maraqları da Qarabağ məsələsində mövcud durumu dəyişməyi diktə edir. Bu dəyişiklik də erməniləri çox qorxudur. Bu dəyişiklik nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərinin ya hamısı, ya da böyük bir hissəsi Azərbaycana qaytarılacaq.

- Bu proseslər nə ilə nəticələnəcək? Ermənistan tərəfi torpaqları qaytarmağa hazırdırmı?

- Ermənilər çox ümidli idilər ki, ABŞ bu məqamda onların köməyinə gələcək. Düşünürdülər ki, ABŞ Rusiyanın bölgədə artan nüfuzunun qarşısını almaq üçün bu planların əleyhinə çıxış edəcək və çalışacaq ki, Qarabağ məsələsində mərhələli plan üzrə irəliləyiş əldə edilməsin. ABŞ-a bununla bağlı birbaşa ya hakimiyyət tərəfindən, ya da müxtəlif ictimai qurumlar tərəfindən müraciətlər edilib. Bu məqamda ABŞ ya taktiki uduş əldə etmək, ya da strateji baxımdan düzgün mövqe tutmaq üçün addımlar atmalı idi. Taktiki uduş əldə etmək üçün ABŞ ermənilərin ruslarla əlaqələrini kəsməsi üçün şirnikləşdirməli, əvəzində isə Qarabağ məsələsində onlara dəstək verməli idi. ABŞ-ın strateji yolu isə Qarabağ məsələsinin öz həllini tapmasına kömək etməkdir. Çünki Rusiya və ABŞ-ın toqquşması hələ uzun illər çəkəcək. ABŞ-ın Rusiyanı zəiflədib Cənubi Qafqazda tam hegemonluq etməsi üçün hələ onillər lazımdır. ABŞ üçün Qarabağ məsələsinin o vaxta kimi öz həllini tapması daha əlverişlidir. Çünki ABŞ regionu nəzarətə götürəndə artıq bu problemlə üzləşməyəcək. Yoxsa indidən bu problemin həllinə mane olmaq və nəticədə gələcəkdə iki daşın arasında qalmaq ABŞ-a sərf etməz. Görünür, ABŞ artıq seçimini edib və taktiki uduşlara deyil, strateji uduşlara hesablanan mövqe seçib. ABŞ ermənilərə bildirir ki, Azərbaycanla konflikt həll olunmalı, torpaqlar azad olunmalıdır. Bunu Bolton da, ABŞ-ın Ermənistandakı keçmiş və yeni səfiri də deyib. Hətta ABŞ Prezidenti Donald Trampın Nikol Paşinyana göndərdiyi 4 cümləlik təbrik məktubunun 2 cümləsində Qarabağ probleminin həlli ilə bağlı tövsiyələr var idi. ABŞ üçün vacib olan bu problemin həllidir. Bu problemin hansı şərtlər daxilində həll edilməsi, kimin burada siyasi divident qazanacağı ABŞ üçün ikinci plandadır. ABŞ-ın da burada uduşu o olacaq ki, Türkiyə və Ermənistan arasında sərhədlər açılacaq, İran-Azərbaycan sərhədi tam Azərbaycanın nəzarətinə keçəcək. Bu, olduqca mühüm məqamlardır. Çünki İranla Azərbaycanın sərhədinin bir qismi indi işğal edilmiş ərazilərə düşür və bura tam nəzarətsizdir. Yəni ABŞ indi ermənilərin kömək etməklə bağlı xahişlərinə müsbət cavab vermir. Hesab edirəm ki, biz ilk dəfədir ki, belə bir mənzərə ilə rastlaşırıq. Burada həm beynəlxalq hüquq normaları, həm haqq-ədalət prinsipi, həm də böyük güclərin geopolitik maraqları Azərbaycanın tərəfindədir. Bu, yaranmış unikal bir vəziyyətdir. Bu vəziyyətdən biz tam istifadə etməliyik. Çünki bu cür imkanlar pəncərəsi bir müddət üçün açılır. Sabah elə bir vəziyyət yetişə bilər ki, bu pəncərə bağlanar. Məsələn, Ermənistanda yenidən hakimiyyət dəyişikliyi olsa, rusiyönümlü, Putinə yaxın bir siyasətçi hakimiyyətə gəlsə, onda Rusiya təzyiqləri dərhal dayandırar və yeni hakimiyyətin formalaşmasını bəhanə gətirər, yenidən məsələni dondurmaqla bağlı ənənəvi siyasətini davam etdirər. Hələlik imkanlar pəncərəsi açıqdır və bizim üçün çox böyük şanslar yaranıb ki, biz həm Rusiyanın, həm də ABŞ-ın razılığı ilə Dağlıq Qarabağ ətrafında işğal edilmiş ərazilərin azad olunmasına nail olaq.

- Mövcud geopolitik durumun dəyişməsinə səbəb nə oldu?

- Daim təkrarladığım bir fikrə qayıdıram. Belə bir mənzərənin yaranmasında əsas rollardan biri o oldu ki, Azərbaycan Ordusu Aprel döyüşlərində öz üstünlüyünü nümayiş etdirdi. Aprel döyüşlərindən sonra həm Moskvada, həm Vaşinqtonda anladılar ki, Azərbaycanın o torpaqları azad etməyə həm gücü, həm də bu gücü tətbiq etmək üçün siyasi iradəsi var. Bu da geopolitik durumun dəyişməsində əsas amil oldu. Azərbaycan ordu quruculuğunu daha da gücləndirməlidir. Torpaqları işğaldan azad etməyə ordumuz daim hazır olmalıdır. Bunun üçün hərbi təlimlər davam etdirilməlidir. Ordumuzun güclü olması amili həm Moskvaya, həm Vaşinqtona, həm də İrəvana ən güclü təsir mexanizmidir.

Tarix
2019.01.31 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İlin sonunadək bu ərazilərə nə qədər əhali qayıdacaq?

Əlaqələndirmə Qərargahının iclası Xankəndidə keçirildi - Foto

Beynəlxalq axtarışda olan 5 nəfər Bakıya gətirildi

Qarabağa ayaq basan ilk beynəlxalq missiya...

Əliyev: Bundan sonra Azərbaycan torpaqlarında...

Şuşanın tarixi simasının bərpası... - Prezident

Bayramovla Mirzoyan bu barədə razılığa gəldi

Prezident İSESKO-nun baş direktorunu Şuşada qəbul etdi

Əli Əsədov Mixail Mişustini təbrik etdi

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla