"Azərbaycan Ordusu düşmənin istənilən təxribatının
qarşısını almağa hazırdır".
Bunu Trend in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin
mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistan
Müdafiə Nazirliyinin Azərbaycanın ünvanına hədə-qorxu xarakterli,
helikopterin vurulmasının guya Azərbaycan üçün ağrılı nəticələrə
gətirib çıxaracağına dair bəyanatına münasibət bildirərkən
deyib.
V.Dərgahlı deyib ki, onsuz da müdafiənin ön xəttində olan
bölmələrimiz daim döyüş hazırlığı vəziyyətindədir: "Onlar düşmənin
istənilən ehtimal oluna biləcək və atacağı hər bir addımının
qarşısını qabaqcadan almağa hazırdırlar".
Müdafiə Nazirliyinin rəsmisi hesab edir ki, Ermənistan Hava
Qüvvələrinin helikopterlərinin mövqeyimizə hücumu erməni tərəfinin
növbəti təxribatıdır:
"Onlar zərbələrlə mövqelərimizə hücum ediblər. Bu dəfə bütün
hədləri aşdılar. Ona görə də Silahlı Qüvvələrimizin bölmələri
məcbur olublar ki, cavab atəşi açsınlar və hücum etmiş iki
helikopterin birini vurublar. Amma onlardan ikincisi hədəfdən
yayına bilib".
V.Dərgahlı bildirib ki, son günlər ermənilər tərəfindən atəşkəs
rejiminin pozulması hallarının artması da bu təxribatın tərkib
hissəsi ola bilər:
"Ümumiyyətlə, işğal olunmuş ərazilərdə ermənilər tərəfindəm
hərbi təlimlərin keçirilməsi, eyni zamanda Ermənistan tərəfindən
millitarist ruhda videokadrların, yəni zenit-raket komplekslərinin,
aviasiyanın, digər hərbi texnikaların təlimlərinin kadrlarının
yayılması da bu təxribatın tərkib hissəsidir.
Bu işlərə Ermənistandakı hərbi texnikaların cəlb olunması hamısı
silsilə şəkildə Ermənistan tərəfindən davamlı olaraq Azərbaycana
qarşı onların hərbi-siyasi rejimlərinin rəhbərlərinin
təxribatlarının nəticəsidir. Bütün bunlar onu sübut edir ki, düşmən
təxribatları mərhələli şəkildə yavaş-yavaş həyata keçirir".
V.Dərgahlı, həmçinin, son günlər Ermənistan parlamentində Dağlıq
Qarabağın müstəqilliyinin tanınmasına dair qanun layihəsinin
müzakirəsini, azərbaycanlı girovların qondarma rejimin məhkəməsi
tərəfindən ittiham edilməsini həm diqqəti qondarma respublikaya,
həm də saxta "erməni soyqırımı"nın tanınmasına yönəldilmiş
məqsədyönlü siyasətin tərkib hissəsi olduğunu da istisna etmir.
Qeyd edək ki, Ermənistan SQ tərəfindən keçirilən son təlimlər
zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki,
provokasiya xarakterli uçuşlar həyata keçirir.
Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə
yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş
kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd
edib.
Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun
Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan
SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək
mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab
atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
İlkin məlumata görə, düşmənin məhv edilmiş helikopterində olan 3
hərbi qulluqçu ölüb.