"ASAN xidmət" iki ilə
yaxındır ki, yaradılıb. İki il ərzində böyük və uğurlu yol keçib.
Bu müddət ərzində 3 milyon 500 min müraciət olub, 3 milyona yaxın
vətəndaşa müxtəlif sənədlər verilib. Yəni, bu, ictimai xidmətlər
sahəsində ciddi dönüş olub və deyə bilərəm ki, təkcə Azərbaycanda
deyil, dünya miqyasında "ASAN xidmət" kimi nadir müəssisə, nadir
təsisat yoxdur. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini
göstərib və biz intellektual məhsulun yaradılmasına nail ola
bilmişik. Bu müddət ərzində artıq 7 "ASAN xidmət" mərkəzi
tikilmişdir, 4-ü Bakıda, 1-i Sumqayıtda, 1-i Gəncədə, dünən axşam
isə Sabirabadda yeddinci mərkəz fəaliyyətə başlayıb".
Report-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham
Əliyev Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I
Ümumrespublika Forumunun açılış mərasimindəki çıxışında deyib.
Dövlət başçısı xatırladıb ki, vətəndaşlara səyyar xidmət də
göstərilir: "Bu məqsədlə ilk dövrdə 2, indi isə 10 avtobus
gətirilib və ən müasir avadanlıqla təchiz edilib. Artıq bu, bizə
imkan verəcək ki, ölkəmizin müxtəlif bölgələrində daimi, fasiləsiz
xidmət göstərək. Nəzərə alsaq ki, hazırda digər bölgələrdə
mərkəzlər tikilir, - Bərdədə artıq tikintisi başa çatmaq üzrədir,
Masallıda, Qəbələdə, gələn il ən azı 3 yeni mərkəz istifadəyə
veriləcəkdir, - bu da insanların rahatlığı üçün əlavə imkanlar
yaradacaq.
Prezident bildirib ki, "ASAN
xidmət" Azərbaycan məhsuludur, Azərbaycan brendidir: "Biz hazırda
nəinki neft-qaz resurslarımızı, artıq intellektual məhsulumuzu
ixrac etməyə hazırıq və dünyada belə xidmətlərə böyük ehtiyac
var.
Beynəlxalq təşkilatlar bu xidməti yüksək qiymətləndirirlər. Bu,
bizi sevindirir. Ancaq mənim üçün əsas məsələ Azərbaycan xalqının
bu xidmətə olan münasibətidir. Siz də yaxşı bilirsiniz ki,
Azərbaycan xalqının mütləq əksəriyyəti bu xidməti bəyənir,
dəstəkləyir, təqdirlə yanaşır və mənə ünvanlanan çoxsaylı
məktublarda öz fikirlərini ifadə edir və statistik göstəricilərimiz
də belədir ki, müraciət edənlərin mütləq əksəriyyətinin istəkləri,
tələbləri yerinə yetirilir".
Prezident İlham Əliyev deyib ki, "ASAN xidmət"də yüksək
səviyyəli xidmət göstərilir: "Bir daha demək istəyirəm ki, bu
xidmətin yaradılması və formalaşması çox yaradıcı bir prosesdir.
Çünki iki il bundan əvvəl Sərəncam imzalayanda, əlbəttə, məndə
təsəvvür var idi ki, xidmət, fəaliyyət növləri necə olacaq və biz
bunun əsasında bu işə başlamışdıq. Ancaq iş başlayandan sonra biz
gördük ki, artıq daha da böyük imkanlar var. "ASAN xidmət"in
fəaliyyəti o qədər uğurlu olub ki, bəzi əlavə funksiyalar da ona
verilir və veriləcək. O funksiyalar ki, insanlara daha da çox
rahatlıq verəcək, o funksiyalar ki, cəmiyyətdə və ictimai xidmətlər
sahəsində daha da çox şəffaflıq yaradacaq. Biz bunu istəyirik.
Azərbaycan bu gün inamla irəliləyir. Azərbaycan müasir
dövlətdir. Müasir dövlətə xas olan bütün atributlar Azərbaycanda
vardır. Biz nəinki başqa inkişaf etmiş ölkələrin təcrübəsini
öyrənirik və əgər bizə yararlıdırsa tətbiq edirik, eyni zamanda,
özümüz təşəbbüs göstərərək dünyada gedən proseslərə təsirimizi
göstəririk. Ona görə Azərbaycan xalqının bu xidmətə olan münasibəti
həm mənim üçün, həm də sizin üçün ən böyük mükafatdır. Bu məqsədlə
artıq 7 mərkəz tikilib. Gələn ilin sonunadək ən azı 10-a
çatdırılacaq. Səyyar avtobus xidməti də öz növbəsində imkan verəcək
ki, ölkəmizin hər bir bölgəsində bu xidmət göstərilsin. Yəqin siz
bilirsiniz ki, ilkin mərhələdə 2 avtobus sifariş edilmişdi. Ancaq
sonra mənə məlumat verildi ki, avtobusların ezam olunduğu yerlərdə
əhali o avtobusları buraxmaq istəmir, istəyirlər ki, daim orada
qalsın. Ona görə biz qərara gəldik ki, onların sayını 10-a çatdıraq
və bu gün bu da öz həllini tapıb".
Dövlət başçısı bildirib ki, "ASAN xidmət" yaradanda biz qarşıya
bir neçə məqsəd qoyulub: "Onların hamısı bizim üçün vacibdir.
Onların reallaşması ölkəmizi daha da sürətlə inkişaf etdirməyə
imkan verəcək. İlk növbədə korrupsiya və rüşvətxorluğa qarşı
mübarizə "ASAN xidmət" vasitəsilə müsbət həllini tapmaqdadır. Biz
bu təcrübəni bütün başqa sahələrdə də tətbiq etməliyik ki,
Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə daha da
ciddi aparılsın. Mən bu məsələlərlə bağlı dəfələrlə öz fikirlərimi
bildirmişdim. Azərbaycan dövləti bu sosial bəlanı aradan götürmək
üçün böyük səylər göstərir. Ancaq biz görürdük ki, bəzi hallarda
cəza tədbirləri, inzibati tədbirlər kifayət deyil. Belə olan halda
sistem xarakterli, institusional tədbirlərin görülməsinə də böyük
ehtiyac var idi. Biz bu işlərə çox ciddi yanaşırıq və "ASAN xidmət"
burada nadir bir vasitədir. "ASAN xidmət"də korrupsiya,
rüşvətxorluq yoxdur və bu, onu deməyə əsas verir ki, hər bir sahədə
belə bir sistem yarana bilər.
"ASAN xidmət"in təcrübəsi indi başqa sahələrə köçürülür, orada
da tətbiq ediləcək. Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən
edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara
bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf
edə bilməz. Eyni zamanda, hər bir ölkənin uğurlu inkişafı üçün
gərək cəmiyyət də aparılan siyasətə dəstək, xalqla iqtidar arasında
birlik olsun. Biz görürük ki, harada bu birlik pozulur, ölkələr
böyük problemlərlə, fəlakətlərlə üzləşirlər. Bu, bizim gözümüzün
qabağında baş verən hadisələrdir. Azərbaycanda xalqla iqtidar
arasındakı birlik bizim uğurlarımızın əsas dayağıdır və bu birliyi
biz daim möhkəmləndirməliyik. Bunu etmək üçün əlbəttə ki,
insanların yaşayış səviyyəsi daha da yaxşı, ölkənin beynəlxalq
nüfuzu daha da güclü olmalıdır. Ölkə elə inkişaf etməlidir ki, hər
bir vətəndaş Azərbaycan vətəndaşı olmağı ilə fəxr etsin. Eyni
zamanda, cəmiyyətdə xoşagəlməz hallara yol verilməməlidir və biz bu
məqsədə çatmaq üçün bundan sonra da öz səylərimizi
göstərəcəyik".
Azərbaycan Prezidenti deyib ki, "ASAN xidmət" korrupsiyaya və
rüşvətxorluğa qarşı institusional tədbirlər arasında xüsusi yer
tutur və əminəm ki, əgər başqa ölkələrdə bu təcrübə tətbiq
olunarsa, onlar da bunun müsbət cəhətlərini tezliklə görəcəklər.
"ASAN xidmət", eyni zamanda, insanların rahatlığı üçün yaradılmış
bir xidmətdir. Təsadüfi deyil ki, adı da asandır.vİnsanlar burada
vaxt itirmədən, heç bir bürokratik əngəllə üzləşmədən öz haqlarını
tələb edirlər və alırlar. İstənilən sənədi dəqiqələr ərzində əldə
edə bilirlər. "ASAN xidmət", eyni zamanda, xidmətlərin mədəni
şəkildə göstərilməsində də nadir bir təcrübədir. Sirr deyil, təbii
ki, siz gənclər yəqin, bunu xatırlamırsınız, ancaq sovet dövrünün
əlamətlərindən biri də bürokratiya və insanlara bəzi hallarda
ictimai qurumlar tərəfindən qeyri-normal münasibət idi. Biz 23
ildir ki, müstəqil dövlət kimi yaşayırıq, ancaq hələ də o dövrün
bütün fəsadlarını aradan götürə bilməmişik. Burada həm psixoloji
məsələlər ortaya çıxır, eyni zamanda, müəyyən təcrübə də öz mənfi
rolunu oynayır. Ona görə "ASAN xidmət"də olan xidmət növləri və
eyni zamanda, xidmətə olan yanaşma tam fərqlidir. Bu, belə də
olmalıdır. Azərbaycan vətəndaşları hər yerdə hörmətlə
qarşılanmalıdırlar, xüsusilə dövlət orqanları tərəfindən. Onlara
yuxarıdan aşağı baxılmamalıdır, onların haqları tapdalanmamalıdır.
Onları dövlət məmurları incitməməlidirlər. Onlardan əsassız
tələblər istəməməlidirlər. Bax, bu prinsiplər əgər tam şəkildə
bərqərar olarsa, onda əlbəttə ki, bizim işimiz daha da sürətlə
gedəcək".