Ermənistan 2014-cü il oktyabrın 27-də Azərbaycan və
Ermənistan prezidentlərinin görüşündə əldə olunmuş razılaşmanı
pozur.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasından APA-ya bildirilib ki, keçən ilin oktyabrında
Fransa prezidenti Fransua Olandın təşəbbüsü ilə Azərbaycan və
Ermənistan dövlət başçıları arasında Parisdə keçirilmiş görüşdə həm
də əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların məsələsi
müzakirə olunub.
Prezidentlər F. Olandın müraciətini və təklifini nəzərə alaraq
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəliyi ilə iki ölkənin
aidiyyəti orqanları arasında əsir-girov və itkin düşmüş şəxslərlə
bağlı məsələlərin həlli üçün birbaşa əməkdaşlığın qurulması, habelə
informasiya mübadiləsinin aparılması barədə razılıq əldə
ediblər.
"Razılaşmaya uyğun olaraq, Azərbaycan Əsir və itkin düşmüş,
girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin
rəhbərliyi ilə görüş keçirib. Görüşdə hər iki ölkənin müvafiq
komissiyaları arasında əməkdaşlığın qurulması məsələsi müzakirə
edilib və razılıq əldə olunub.
Dövlət komissiyasının sədri işçi qrupuna bu istiqamətdə lazımi
göstərişlərini verib. Lakin Ermənistanın aidiyyəti Komissiyası
sözdə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirsə də, reallıqda
bunun üçün heç bir konkret addım atmır. Məhz Ermənistanın
qeyri-konstruktiv mövqeyi səbəbindən bu istiqamətdə heç bir
irəliləyiş əldə etmək mümkün olmur. Ermənistan tərəfi razılaşmaya
uyğun olaraq əməkdaşlıqdan yayınmasının səbəbləri ilə bağlı hər
hansı məntiqli izahat verməkdən çəkinir və faktiki olaraq pozucu
mövqe nümayiş etdirir.
Ehtimal olunur ki, Ermənistanın müvafiq dövlət komissiyası işğal
altında olan ərazilərdə axtarış-araşdırma işlərini səthi aparıb və
bu səbəbdən də hətta öz itkilərinin sayını belə dəqiq müəyyən
etməyib", - deyə Dövlət Komissiyasından bildirilib.