Daşkəsən rayon icra başçısı
Əhəd Abıyev yazıçı Çingiz Abdullayevin "Neftçi" klubuna prezident
seçildikdən sonra onun kitablarının rayondan yığışdırılması barədə
tapşırıq verməsi xəbərinə münasibət bildirib.
Axar.az-a danışan icra başçısı deyib ki, doğrudan da "Xəzər
Lənkəran"ın fanatıdır, amma yayılan xəbər yalandır:
"Kim yayıb bu xəbəri? Niyə yalan yazırlar? Mən
"Xəzər-Lənkəran"ın azarkeşiyəm, ancaq "Neftçi" də bizim
gəncliyimizin klubudur. Mən heç Çingiz Abdullayevə buna görə qadağa
qoyaram? Çingiz Abdullayev Bakıda mənimlə qonşu olub, onunla
münasibətim çox yaxşıdır".
Xəbərin 1 aprel zarafatı olduğunu öyrənəndə isə Əhəd Abıyev
bildirib ki, Gülüş gününü tamam unudub:
"1 aprel olduğunun fərqinə varmamışdım… Ümumiyyətlə, 1 apreldə
həddi aşmayan, nəticədə ancaq gülüş doğuran zarafatlara yaxşı
baxıram. Ancaq indiyədək özüm heç vaxt 1 aprel zarafatı etməmişəm.
Əvvəllər jurnalistlərin 1 apreldə daha çoxsaylı xəbərləri olurdu,
həm də bu, dünya mediasında bir ənənə idi. Amma son illər bunu az
müşahidə edirik, yəqin ki, bu da qlobal konfliktlərdən doğan
psixoloji gərginliklərlə bağlıdır. Əksinə, hesab edirəm ki, məhz bu
gərginlikdə zarafatlar yerinə düşərdi. Əslində, zarafat dostlarla
olur. Jurnalistlərə də təşəkkür edirəm ki, məhz məni özlərinə dost
seçdikləri üçün 1 apreldə mənimlə bağlı xəbər yazıblar".
Ə.Abıyev Çingiz Abdullayevi də təbrik edib: "Çingiz Abdullayevi ürəkdən təbrik edirəm,
arzulayıram ki, bu seçim "Neftçi"yə uğur gətirsin".
Qeyd edək ki, Əhəd Abıyev "editor.az" saytına da bu haqda
açıqlama verib: "Məsələylə
maraqlandım. Məlum oldu ki, mənimlə 1 aprel zarafatı ediblər. Axı
bu gün adam aldatdı günüdür. Dedim, yekə kişisiz, adamsız, başınıza
söz qəhətdir, bu nə məlumatdır, yaymısız. Çingiz Abdullayev mənim
dostumdur. Biz onunla qonşu olmuşuq. Düzdür, Mübariz Mənsimov da
qardaşdır. Onların hər ikisinin xətrini çox istəyirəm. Daşkəsəndə
kitab mağazası var ki, orada hanısa kitabın satışına qadağa
qoyulsun?! Bizim rayonda ümumiyyətlə kitab mağazası
yoxdur".
Xatırladaq ki, Axar.az "Xəzər-Lənkəran" fanatı Əhəd Abıyevin
"Neftçi"yə yeni prezident seçilən Çingiz Abdullayevə qarşı
kamapaniya apardığı və onun kitablarını rayon ərazisindən
yığışdırdığı barədə 1 aprel zarafatı tirajlayıb.