Prezident İlham Əliyev cənub səfəri zamanı Lənkəranda
Ümummilli Liderin abidəsini ziyarət edib.
AzərTAc-ın məlumatına görə, aprelin 11-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Astara rayonuna səfərini başa çatdıraraq
Lənkəran şəhərinə gəlib.
Dövlət başçısı şəhərin mərkəzindəki Heydər Əliyev Xatirə
Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstəsi
qoyub.
Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev
Xatirə Parkında aparılan abadlıq işləri barədə Prezident İlham
Əliyevə məlumat verib. Bildirib ki, burada sakinlər və qonaqların
istirahəti üçün hərtərəfli şərait yaradılıb.
Daha sonra İlham Əliyev
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində aparılan yenidənqurma və
bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olub.
***
Prezident İlham Əliyev Lənkəranda yeni inşa olunan uşaq
bağçasının açılışında iştirak edib.
Dövlət başçısı bağçanın rəmzi açılışını bildirən lenti
kəsib.
Məlumat verildi ki, uşaq bağçasının inşasına 2013-cü ilin
dekabrında başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə həyata
keçirilib. Ərazisi 0,7 hektar olan bağça 3 binadan ibarətdir.
Burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları
kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Bağçada 3 yaşdan
6 yaşadək 110 uşaq 11 qrupda təlim-tərbiyə alacaq. Qruplar
yaradılarkən müasir təlim-tərbiyə qaydaları əsas götürülüb. Binada
uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bağçada
balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı,
onların istedad və qabiliyyətlərinin üzə çıxarılması,
sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət
mərkəzində saxlanılır. Bundan başqa, musiqi zalı və digər istirahət
otaqları da balacaların ixtiyarına veriləcək. Uşaqların
qidalanmasına xüsusi diqqət yetirilir.
Bağçanın ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları
salınıb, yay çardağı, oyun meydançası yaradılıb, su anbarı tikilib
və transformator yarımstansiyası quraşdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyev görülən işlərdən razılığını
bildirib.
***
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 11-də
Lənkəran şəhərinə səfəri çərçivəsində yeni yaradılan "Gilan
aqro-sitrus" təsərrüfatı ilə tanış olub.
Məlumat verildi ki, yeni sitrus təsərrüfatının ümumi sahəsi 45
hektardır. Hazırda 15 hektar sahədə "Gilan aqro" şirkəti tərəfindən
Cənubi Koreyadan gətirilən 20 min ədəd "Shiranuhi" (Hallabong) və
"Kanpei" (Red Hyaang) sitrus ağacları əkilib. Təsərrüfatda işlər
davam etdirilir. Yeni salınmış sitrus təsərrüfatında 140 nəfərin
daimi işləməsi nəzərdə tutulur. Ərazidə plakatlar, meyvələr və
onlardan hazırlanan məhsullardan ibarət sərgi nümayiş
etdiriləcək.
Bildirildi ki, sitrus təsərrüfatının ümumi smeta dəyəri 10
milyon manatdır. Gələcəkdə təsərrüfat genişləndirilərək 500 hektara
yaxın ərazini əhatə edəcək. O cümlədən dağətəyi ərazilərdə terras
əkin üsulu ilə sitrus plantasiyaları salınacaq. Aparılacaq işlərin
nəticəsində bölgədə istifadəsiz qalmış torpaqlar yenidən kənd
təsərrüfatı dövriyyəsinə qaytarılacaq və 2000 yeni daimi iş yerinin
yaranmasına imkan verəcək. Burada suvarma ilkin olaraq damcı üsulu
ilə həyata keçiriləcək, sonradan bununla yanaşı, çiləmə üsulundan
da istifadə edilməsi nəzərdə tutulub. Becərilən məhsuldar sitrus
növlərindən yüksək dad keyfiyyətlərinə və əmtəəlik xüsusiyyətlərə
malik meyvələr əldə ediləcək. Bu növlərin məhsuldarlığı hektarda
orta hesabla 35-45 tona çatır ki, bu da yerli növlərdən 2-3 dəfə
çoxdur. İstehsal olunmuş meyvələrdən təzə halda və qida, qənnadı,
kosmetik, ətriyyat və digər sənaye sahələrində, həmçinin şirə
istehsalında və şərabçılıqda istifadə edilməsi nəzərdə tutulur. O
cümlədən daxili bazarda satış üçün rayonda mövcud olan
Gilan-Lənkəran konserv zavodunda meyvə şirəsi istehsal olunacaq.
Sitrus təsərrüfatında ümumilikdə 1800 ton məhsul götürüləcək. Bu da
180 min nəfərin illik istehlak normasına bərabərdir.
***
İlham Əliyev aprelin 11-də
Lənkərana səfəri çərçivəsində Liman-Nərimanabad-Balıqçılar
avtomobil yolu ilə tanış olub.
Əvvəlcə dövlət başçısı avtomobil yolunun sxematik planı ilə
tanış oldu. Bildirildi ki, uzun illər təmir işləri aparılmaması
nəticəsində yol istismara yararsız vəziyyətə düşmüşdü. Qısa
müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli
asanlaşdıracaq. Yolun yenidən qurulmasına Azərbaycan Prezidentinin
2013-cü il 13 sentyabr tarixli Sərəncamı ilə Prezidentin ehtiyat
fondundan 2 milyon manat və 2014-cü il 6 noyabr tarixli digər
Sərəncamına əsasən isə dövlət büdcəsindən 3,6 milyon manat,
ümumilikdə 5,6 milyon manat vəsait ayrılıb. Yolun tikintisinə
2013-cü ilin oktyabr ayında başlanılıb, tikinti işləri bu ilin
aprelində başa çatdırılıb.
Məlumat verildi ki, yolun inşası zamanı ən müasir texnoloji
üsullardan istifadə edilib, işin keyfiyyətlə və qısa müddətdə
görülməsinə xüsusi diqqət yetirilib. 10 min nəfər əhalinin yaşadığı
üç yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun ümumi uzunluğu
18,8 kilometr, eni 6 metrdir. Üçüncü texniki dərəcəli yolun yenidən
qurulması zamanı ətrafındakı bataqlıq qurudulub, əraziyə torpaq
tökülərək mindən çox həmişəyaşıl küknar ağacları əkilib.
Bu cür kəndarası yolların inşası sosialyönümlü tədbirlər olmaqla
yanaşı, eyni zamanda ölkəmizin iqtisadi qüdrətinin nümayişi
baxımından mühüm əhəmiyyət daşıyır. Ölkədə həyata keçirilən
infrastruktur layihələri Azərbaycanın hər bir bölgəsini, rayonunu
və kəndini əhatə edir, həmçinin regionlarda yol-nəqliyyat
infrastrukturunun daha da müasirləşdirilməsi baxımından mühüm
əhəmiyyətə malikdir.