"İlhamə Quliyevanın tarixini, millətini, mədəniyyətini
bilmədən şəxsi müstəvidə kiminləsə olan münaqişəsinə görə
savadsızlıq göstərib böyük bir eli, mahalı təhqir etməsi
mədəniyyətsizlikdir. Mən İlhamə kimi bir xanımdan belə səviyyəsiz
ittiham gözləməzdim".
Bu sözləri Axar.az-a tanınmış kinorejissor Şeyx Əbdül Mahmudov
Xalq artisti İlhamə Quliyevanın Nazpəri Dostəliyeva ilə mübahisəsi
barədə danışarkən, ümumilikdə mərəzəlilərin ünvanına təhqiramiz
ifadələr işlədib, onları dilənçi adlandırmasına münasibət
bildirərkən deyib.
Ə.Mahmudov xalq artistinin belə bir addımının böyük bir
mədəniyyətsizlik olduğunu bildirərək, onun mərəzəlilər haqqında
"dilənçi" ifadəsini işlətməsinin səbəblərini də açıqlayıb:
"Ora Mərəzə deyil, vaxtilə çar hökuməti malağanları indi sizin
Mərəzə dediyiniz yerlərə sürgün edib. Bu yerlərin adının Mərəzə
adlandırılması da sürgünə məruz qalan malağanların adı ilə
bağlıdır. Bunun orada yaşayan xalqa, yeri camaata heç bir aidiyyəti
yoxdur. Oranın adı Qobustandır, yəni İbrahim peyğəmbərin ilk
yaşadığı yer. Bakının astanası və çox münasib yer olduğu üçün bura
həm də köçəri tayfaların, tərəkəmələrin xilas məkanı olub. Bura
gələn köçəri tayfaların içində məşğuliyyəti, həyat tərzi dilənçilik
olan qaraçılar da olub. Onları qınamaq düzgün deyil, bu millətin
həyat tərzi budur. Və bu qaraçıların, həyat tərzi dilənmək olan bu
millətin orada yaşayan ərəb mənşəli xalqlara, türklərə, yerli
camaata aidiyyəti yoxdur. Nazpəri Dostəliyevanın da nəsli
Ərəbistandan gəlmədir. Yerli camaat üçün dilənçi kimi ifadələr
işlətmək ayıbdır axı. Bu yerlərin tarixi haqqında oxumaq, bilmək,
sonra danışmaq lazımdır".
Tanınmış kinorejissor xalq artistini işlətdiyi ifadələrə görə
xalqdan üzr istəməyə səsləyib:
"Bu təhqir çox böyük məsuliyyətsizlik, mədəniyyətsizlikdir. Belə
bir mübahisə onların heç birinə yaraşmır. İki insanın bir-biri ilə
mübahisəsi zamanı təhqirə yol verməsi qədər mədəniyyətsiz heç nə
yoxdur. Ən əsası isə şəxsi müstəvidə olan bir münaqişədə böyük bir
eli və milləti təhqir edib alçaltmaq ayıbdır. Bunun içində dəlisi
var, ağıllısı var: oğrusu var, doğrusu var... Sonra bunun
qarşısında dayanmaq var. Mübahisəniz var, gedin bir-birinizin
gözünü çıxarın, təpikləyin, sillələyin, sözünüzü bir-birinizə
deyin. Milləti təhqir etmək nəyə lazımdır? Düzü, mən İlhamə kimi
bir xanımdan belə səviyyəsiz ittiham gözləməzdim. O, ən azından
mənə, Alim Qasımova, Mirabbas Qasımova görə düşünüb danışmalıydı.
Ayıbdır. Ancaq İlhamə xanım bilsin ki, bunun səs-küyü hələ çox
çıxacaq. Gözləyirəm ki, İlhamə xanım bu dediklərinə bir aydınlıq
gətirib, xalqdan üzr istəsin".
Qeyd edək ki, Xalq artisti İlhamə Quliyeva ölkə.az-da dərc
olunan və mediada geniş yayılan müsahibəsində Nazpəri Dostəliyeva
ilə öz qalmaqalına aydınlıq gətirərkən, ümumilikdə mərəzəlilərin
ünvanına təhqiramiz ifadələr işlədib. Jurnalistin "Bəs, Nazpəri
Dostəliyevanın hazırda sizə nə qədər borcu var?" sualına İlhamə
xanımın cavabı belə olub:
- Mərəzəli Nazpəri? Yalandan deyir ki, şamaxılıyam, amma
mərəzəlidir, dilənçilik edir. Mənim onun beş-üç qəpiyinə ehtiyacım
yoxdur. Nazpərinin mənə 15 min borcu qalıb. Həmin məbləği gözləyən
yetim-yesirlər var.