Bakıda keçiriləcək Avropa
Oyunlarına sayılı günlər qalır. İyunun 12-dən başlayacaq yarışmanın
açılış mərasiminə biletlər artıq satışdadır. Ölkənin tanınmışları
da bu tədbirdə iştiraka hazırlaşır.
Bəs, deputatlar necə, Avropa Oyunlarına bilet alıblarmı? Axar.az
bununla bağlı deputatlar arasında apardığı sorğunu təqdim edir:
Aqil
Abbas:
"Açılış mərasimində iştirak etmək fikrim var. Ümumiyyətlə,
çalışacam iştirak edim. Ailə üzvlərindən İradə xanımın idmana elə
də marağı olmadığı üçün inanmıram getsin. Ancaq övladlarımın ikisi
də orada olacaq, izləyici kimi yox. Təhlükəsizlik işçisi kimi.
Özümün isə xüsusilə güləş üzrə keçirilən yarışlara getmək fikrim
var. Gəncliyimdə də güləşlə bir balaca məşğul olmuşam. Amma elə də
güclü güləşçi olmamışam. Ümumiyyətlə, güləşi sevdiyim üçün mütləq
izləyəcəm həmin yarışları".
Fazil
Mustafa:
"Əlbəttə, bu tədbirdə iştirak etməyi düşünürəm. Bu günlərdə
yəqin ki, marağımı çəkən yarışları izləmək üçün bilet alacağam.
Ailə üzvlərimin iştirak etməsini isə hələ dəqiqləşdirməmişəm".
Sabir
Rüstəmxanlı:
"Belə düşünürəm ki, açılış mərasiminə millət vəkillərini dəvət
edəcəklər. Ancaq dəvət olmasa belə, şübhəsiz ki, açılış mərasimində
iştirak edəcəyəm. Bu bir tarixi hadisədir, orada olmamaq, iştirak
etməmək mümkün deyil. "Avroviziya" müsabiqəsi Bakıda keçirilən
zaman da açılış mərasimində iştirak etmişdim və böyük zövq
almışdım. İnanıram ki, bu mötəbər yarışın açılış mərasimi daha da
möhtəşəm olacaq. Xüsusi maraqlandığım idman növü yoxdur, ancaq
idman yarışlarını izləməyi çox sevirəm. Azərbaycan idmançılarının
yarışdığı bütün idman yarışlarını izləməyə çalışacağam. Ailə
üzvlərimdən isə kiminsə getdib-getməyəcəyi barədə
məlumatsızam".
Zahid
Oruc:
"Bəli, üç bilet almışam. Belə mühüm tədbirin ölkəmiz üçün
əhəmiyyəti ilə yanaşı, hər bir azərbaycanlının həyatında əlamətdar
hadisə olacağına inanaraq, yarışları canlı izləməyə çalışacağam.
Ölkəmizin beynəlxalq məkana təkcə neft-qaz resusrları üzərindən
deyil, həm də mədəniyyət, idman və digər platformalar vasitəsilə
çıxmağa çalışmasına necə biganə qalmaq olar? Ona görə
cəmiyyətimizdə hökm sürən aparıcı düşüncələrə təsir edəcək Avropa
Oyunlarına yalnız bir baxış bucağından yanaşılmasını qəbul etmək
olmaz. Belə ki, qitə miqyaslı tədbir hər bir azərbaycanlı obrazının
dünyaya yeni təqdimatı demək olacaq, iddialı bir millət kimi sivil
münasibətlərə layiq olduğumuzu sübuta yetirəcək. Ona görə aldığımız
biletlər konkret yarışı izləməkdən daha çox, bizim dünya ilə
münasibətlərə dair vəsiqəmizdir, şansımızdır. Oyunların keçrildiyi
günlər ərzində seçim imkanlarımızın artacağını nəzərə alaraq,
həmçinin qalibiyyəti gözlənilən azərbaycanlıların yer aldığı idman
növlərinə uyğun yeni biletlərin alınmasına qərar verəcəyik. Açılış
mərasimində iştirak edəcəyəm və övladımla birgə tamaşaçıların
arasında olacağam. Əslində, qəbul etməliyk ki, tutacağı yerdən
asılı olmayaraq, Azərbaycan pyedestalın ən yüksək zirvəsinə
qalxacaq. Çünki yüksək hazırlıq, sabit bir müsəlman ölkəsi, Avropa
dəyərlərinə canatım və sair hamımızın nailiyyətinə
çevriləcəkdir".
Fəzail
Ağamalı:
"Avropa Oyunlarını izləməyə mütləq gedəcəyəm. Xüsusilə sevdiyim
idman növləri var ki, onları izləmək üçün mütləq bilet alacağam.
"Kristal Hall"da baş tutacaq açılış mərasimində də iştirak
edəcəyəm. Xüsusilə gimnastika və güləş idman növlərini izləməyə
gedəcəyəm. Millət vəkillərindən kimlərin gedəcəyindən məlumatsızam.
Ancaq ailə üzvlərimdən oğlanlarım və nəvələrimlə birlikdə
gedəcəyəm. Özüm gəncliyimdə təxminən 4 ilə yaxın güləşlə məşğul
olmuşam, həvəskar voleybolçu olmuşam. İdmana olan həvəsim də
buradan qaynaqlanır".