"20 il boyunca Azərbaycan və Ermənistan arasında hərbi
qarşıdurma davam edir. Lakin bu gün Dağlıq Qarabağda vəziyyət daha
təhlükəlidir".
Publika.az xəbər verir ki, bu barədə Fransanın "Le Huffington
Post" nəşri yazıb.
Nəşr Qafqazdan müharibə iyinin gəldiyini yazır və qeyd edir ki,
Rusiya regionu əldə saxlamaq üçün bütün vasitələrdən istifadə
edəcək.
"1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs
imzalandı. Bakı öz torpaqlarının 1/5 hissəsini itirdi, ermənilərsə
ərazilərini Azərbaycan torpaqları hesabına artırdılar. Münaqişədən
illər keçib və hələ də ümid yeri görünmür. Əksinə, bu münaqişə
deyildiyi kimi "dondurulmuş" deyil və hər an partlamağa hazır olan
barıt çəlləyini xatırladır. İllər boyu cəbhə xəttində müxtəlif
qarşıdurmalar olub. Son illərsə bu, geniş vüsət aldı. 2014-cü ildə
Ermənistan 47 minlik ordu ilə Dağlıq Qarabağda təlimlər keçirdi. Bu
əslində Bakını qıcıqlandırmaq və təhrik etmək məqsədi daşıyırdı.
Azərbaycan hava məkanına girən erməni helikopterlərindən biri
vuruldu. Ermənistan bu təlimlərlə Azərbaycana öz gücünü nümayiş
etdirməyi düşünürdü. Lakin bununla regiondakı gərginliyi artırdı və
danışıqlar prosesinə mane oldu. Toqquşmalar 2015-ci ildə də davam
etdi və bu gün də biz gərginliyi müşahidə edirik. Hazırda vəziyyət
çox təhlükəli tendensiyaya çevrilib", - deyə məqalədə
bildirilir.
Nəşr qeyd edir ki, Rusiya belə vəziyyətdə super güc kimi
davranır, lakin bu, neqativlərə səbəb olur: "Moskva Ermənistanın
himayəçisi rolundadır və güman ki, ermənilərə bəzi silahlar verib.
Bu isə erməni tərəfinin hərbi güclənməsi və regionda balansın
pozulmasına gətirib çıxarır. Belə disbalans Bakını ehtiyatlı olmağa
vadar edir və o öz döyüş bacarığını gücləndirərək Kremli ələ almağa
çalışır. Azərbaycan Rusiyadan böyük miqdarda silah alır. Bununla
həm də rus-erməni ittifaqını zədələyir. Azərbaycanın fəallığı və
Rusiyanı özünə tərəf çəkməsi Ermənistanı qorxudur. Çünki Ermənistan
Avrasiya İttifaqına daxil olaraq Rusiyaya tamamilə tabe oldu. Belə
olanda ermənilər nəinki Kremlin Bakı ilə münasibətlərinə qarışa,
ümumiyyətlə, etiraz belə edə bilmirlər".
"Le Huffington Post" əlavə edir ki, Moskva yaranmış vəziyyətdən
çıxış edərək Cənubi Qafqaza nəzarət edir: "Gürcüstan nə qədər inkar
etsə də, öz qonşuluğundakı böyük güclə hesablaşmağa məcburdur.
2008-ci ildə bunun əksini etdi və cəzalandırıldı. Burda Qərbin özü
günahkardır. Çünki o, bərabər olmayan güclərin döyüşünü dəstəklədi
və seyrçi qaldı. Lakin bu gün Qafqazda əsas təhlükə olan Dağlıq
Qarabağda müharibənin yenidən bərpa olunmasından nə Avropa
qazanacaq, nə Rusiya, nə də Amerika".