"Kitabi-Dədə Qorqud" dastanının izi ilə yola çıxmışıq.
Azərbaycan Prezidenti İlham Əliyevin "Kitabi-Dədə Qorqud"un alman
dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi
haqqında sərəncamı yolumuza işıq salıb.
Dastanın nişan verdiyi iz bizləri Qaraca Çoban yurdu Xocavənd
rayonu ərazisindəki Nərgiztəpəyə, Qax rayonundakı Kürmük məbədi
yaxınlğında yerləşən Bəkilin məzarına apardı, gələcəkdə də Şamaxıda
yerləşən Qazanxan oylağına, Gədəbəydə yerləşən Təpəgöz qalasına,
Sabirabadda yerləşən Qaragünəy kəndinə və başqa məkanlara
aparacaqdır.
Bu dəfə yolumuz Qax rayonuna, Oğuz qəhrəmanı Bəkilin uyuduğu
torpağadır.
2015-ci ilin yanvarından başlayaraq, Azərbaycan Respublikası
millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət
müşavirliyinin təşkilatçılığı və Dövlət müşaviri Kamal Abdullayevin
rəhbərliyi ilə silsilə tədbirlər keçirilir. Beynəlxalq kollokvium
əhəmiyyəti baxımından bu tədbirlərin əsasını təşkil etdi. 20-yə
yaxın ölkənin türkoloq alimlərinin iştirakı ilə Bakıda keçirilən
Kollokviumda "Kitabi-Dədə Qorqud" abidəsinin alman şərqşünas
alimi Henrix Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr
edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyinə həs
olunan tədbirlər planı hazırlandı. Əsas məqsəd dastanda adı keçən
qəhrəmanlar, toponimlər, məkanlar haqında dolğun məlumat toplamaq,
Azərbaycan xalqının əxlaq dəyərlərini, qədimdən qoruduğu
multikultural əhvalını daxildə və xaricdə təbliğ etməkdir.
Qorqudşünas alimlərin araşdırmalarına görə, "Kitabi-Dədə Qorqud"
dastanında əksini tapan hadisələr, canlandırılan obrazlar, işlənən
ifadələr mifik düşüncə məhsulu olmaqdan çox uzaqdır. O yerlər bu
gün də həmin adlarla var, o qəhrəmanların məzarlarını tapmaq
mümkündür, müasir azərbaycanlıların dilində əski ifadələr indi də
tez-tez işlənir. Konkret fakt söyləyək: Ötən ay Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin birgə
təşkilatçılığı ilə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik
etdiyi böyük nümayəndə heyəti "Kitabi-Dədə Qorqud" dastanının izinə
düşüb Xocavənd rayonunun Nərgiztəpə ərazisinə yol aldı. 4 rayonda -
Beyləqan, Xocavənd, Tərtər, Bərdə rayonlarında geniş tədbirlər
keçirildi. Yerli ictimaiyyət nümayəndələrinin, dövlət qurumlarının,
alimlərin "Kitabi-Dədə Qorqud" dastanı haqqında səsləndirdikləri
dəyərli bilgilər bir daha onu deməyə əsas verdi ki, Nərgiztəpə
yüksəkliyi dastan qəhrəmanı Qaraca Çobanın oylağı olub, xalqın real
qəhrəmanı olan bu şəxsiyyətin məzarı da məhz Nərgiztəpədədir.
Bu əsaslandırmanın ardından Prezident İlham Əliyevin imzaladığı
sərəncamın ruhuna uyğun olaraq, yaxın günlərdə məsul qurumlar
üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə başlayacaq. Xocavənd
rayonunun Nərgiztəpə ərazisindəki Qaraca Çobanın məzarının
əbədiləşdirilməsi gözlənilir. Böyük missiyaya start verilir. Kürmük
məbədi ətrafında dastan qəhrəmanı Bəkilin məzarının
əbədiləşdiriləcəyi də bu missiyanın davamıdır.
"Kitabi-Dədə Qorqud" dastanında Bəkil belə təsvir edilir: "Qam
Ğan oğlu Bayındır xan yerindən durmuşdu. Yüksək evini qara yer
üzərində ucaltmışdı. Hündür alaçığı göy üzünə dirənmişdi. Min yerdə
ipək xalçalar döşətdirmişdi. İç Oğuz və Daş Oğuz bəyləri
toplaşmışdılar. Doqquz tümənlik Gürcüstanın xəracı gəldi: bir at,
bir qılınc və bir çomaq gətirdilər. Bayındır xan bərk dilxor oldu.
Dədəm Qorqud gəldi, şadlıq havası çaldı. "Xanım, niyə qanın
qaralıb?" – dedi. Deyir: "Necə qaralmasın, hər il qızıl-gümüş
gəlirdi, cavanlara-bəylərə verirdik, xatirləri şad olurdu. İndi
bunları kimə verək ki, onunçun xoş olsun?". Dədə
Qorqud deyir: "Xanım, bunun üçünü də bir igidə verək, oğuz elinə
qaravul çəksin!". Bayındır xan "Kimə verək?" – dedi, sağına-soluna
baxdı. Heç kim razı olmadı. Bəkil deyilən bir igid vardı. Ona
baxdı, dedi: "Sən nə deyirsən?" Bəkil razı oldu. Qalxdı, yeri öpdü.
Dədəm Qorqud gətirilən qılıncı onun belinə bağladı. Çomağı çiyninə
saldı, yayı qoluna keçirdi. Bəkil şahanə ayğırı çəkdirib mindi.
Qohum-əqrəbasını ayırdı, ev-eşiyini yığışdırdı, oğuz elindən köçdü.
Bərdəyə, Gəncəyə gedib məskən saldı. Gedib doqquz tümənlik
Gürcüstan sərhəddində çadır qurdu. Qaravulçuluq elədi. Buralara yad
kafir gəlsə idi, başını oğuz elinə hədiyyə göndərərdi".
Qorqud dastanlarını ətraflı araşdıran alimlərin yekdil
qənaətindən çıxış etsək, Bəklin çadır qurduğu yer Qax rayonu
ərazisindədir. Daha dəqiqi, I-III əsirlərdə inşa edilən, Ay məbədi
kimi tanınan Kürmük Alban Məbədinin ətrafı Bəkilin mənzil-qərargahı
olub. Məbəd IV-VII, VII-IX əsrlərdə yenidənqurmaya məruz qalıb. Ay
məbədinin taleyinə dəfələrlə yenilənmək yazılıbmış. Tarix və
yenilənmək bir-birinin əksinə məhfumlar olsa da, Ay məbədini Kürmük
kilsəsinə çevrilməkdən xilas edə bilməyib. Qafqazda Pravoslav
Xristianlığının Bərpası Cəmiyyəti və xristianlığı qəbul etmiş
ingiloyların ianəsi ilə 1892-94-cü illərdə qədim alban məbədinin
qalıqları üzərində Kürmük kilsəsi tikilib. Proses bununla da sona
çatmayıb. 2003-cü ildə məbəd yenidən təmirə bağlanıb. Təmir işləri
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılıb, hazırda tikili
bu qurum tərəfindən qorunur. Hazırda yerli azərbaycanlılar və
Azərbaycan vətəndaşı olan gürcülər, o cümlədən Gürcüstan
vətəndaşları ildə iki dəfə Kürmük məbədini ziyarət
edirlər.
Bəkilin təmsil etdiyi eli-obanı məhz bu ərazidə qoruması
ehtimalı ona görə çoxdur ki, Qaxın ən yüksək məkanında tikilən
Kürmük Ay məbədinin ətrafından baxanda Gürcüstan sərhəddi
açıq-aydın görünür. Diqqətlə baxsan, sərhəddi keçən adamı adi gözlə
də görmək mümkündür. "Kitabi-Dədə Qorqud" dastanında belə bir abzas
var: "Ov ovlayıb gəzərkən qabağına bir yaralı keyik çıxdı. Bəkil
onun üstünə at saldı. Buğanın arxasından yetişdi. Yay kirişini
boynuna atdı. Buğa acıqlanmışdı. Özünü uca bir yerdən atdı. Bəkil
atın cilovunu saxlaya bilməyib, keyiklə bərabər uçundu. Sağ oyluğu
qayaya toxunub sındı". Alimlər hesab edir ki, Bəkilin yıxıldığı
qaya Kürmük məbədinin yaxınlığındadır. Həqiqətən də məbəd sıldırım
qaya üzərində tikilib.
Ötən gün Azərbaycan Respublikasinin Prezidenti yanında
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun
əməkdaşları, Millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi Sərraf Hüseynov, Milli
Elmlər Akademiyasının alimləri Qax rayonunda oldular.
Qax rayonu İcra hakimiyyətinin başçısı Musa Şəkiliyev və yerli
ictimaiyyət nümayəndələri ilə görüşün nəticəsindən bir daha bəlli
oldu ki, nəinki Bəkilin Qorqud dastanlarında haqqında danışılan
başqa qəhrəmanların, məkanların, hadisələrin Qax, Şəki, Zaqatala,
Xocavənd, Sabirabad, bir sözlə ölkəmizin müxtəlif əraziləri ilə sıx
bağlılığı var. Məktəb direktorlarının, tarix müəllimlərinin,
kitabxana rəhbərlərinin, yerli təhsil iadarəsi əməkdaşlarının,
Bilik Fondu nümayəndəliyinin, şagird və tələbələrin qatıldığı
konfransda Prezident Administrasiyasının təmsilçisi Sərraf Hüseynov
səfərin məqsədi barədə məlumat verdi. Azərbaycan prezidenti İlham
Əliyevin məlum sərəncamını xatırladan S.Hüseynov bildirdi ki, ki,
"Kitabi-Dədə Qorqud"un izi ilə ölkəmizi qarış-qarış gəzərək, tarixi
canlandırmaq və bu tarixin bir parçası olduğunu dərk etmək insana
milli iftixar hissi yaşadır: "Hər birinizin bu hissi yaşamağa haqqı
var. Yaşadığınız rayon tarixi abidələri ilə dil açıb danışır. O
abidələri dinləmək, ətrafdakı dərələrdən, dağlardan keçən
dastanlaşan qəhrəmanlarımızın ruhları ilə baş-başa qalmaq insana
qürur yaşadır. Cənab Prezident "Kitabi-Dədə Qorqud"la bağlı verdiyi
sərəncamda milli-mədəni irsin qorunub yaşadılması və yeni
nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında "Dədə
Qorqud" dastanlarının böyük əhəmiyyətini xüsusi qeyd edib".
Xatırladaq ki, sərəncamda qorqudşünaslığın sistemli
fəaliyyətinin təmin edilməsi məqsədi ilə qərara alınıb ki,
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli
Elmlər Akademiyası ilə birlikdə, Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun və Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə
almaqla, "Kitabi-Dədə Qorqud"un alman alimi Fridrix fon Dits
tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının
200 illiyinə dair fəaliyyət proqramını hazırlayaraq təsdiq olunmaq
üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
etsin.
Prezident Admnistrsiyasının təmsilçisi bu istiqamətdə müxtəlif
bölgələrin əhalisnin, o cümlədən Qax sakinlərinin köməyinə böyük
ehtiyac olduğunu dedi: "Biz Nərgiztəpədə olduq. Dədə Qorqud, Qaraca
Çoban və başqa tarixi faktlar barədə maraqlı məlumatlar toplamışıq.
Bununla yanaşı, öyrənmişik ki, Sabirabadda Qara Günəy kəndinin,
Şamaxıda Qazan xan oylağının, məhz həmin yerdə qaynayan
Burlaxatunun adı ilə bağlı olan Xatun bulağının, Tovuz və Gədəbəy
rayonlarında yerləşən Təpəgöz qalalarının "Kitabi Dədə Qorqud"
dastanı ilə bir başa əlaqəsi var. Bu yerlər haqqında dastanı bir
dəfə də olsun oxumayan yerli sakinlər bizə məlumat verib. Deməli,
söhbət real tarixi hadisələrin əks olunduğu dastandan gedir.
Sizlərlə görüşməkdə məqsədimiz odur ki, dastanda əksini tapan
dövrlərə aid hansı nişalər barəsində bilgilərə maliksinizsə,
bildiklərinizi bölüşəsiniz. Cənab Prezidentin imzaladığı sərəncamın
birinci cümləsi belədir: "Azərbaycan xalqının mədəni sərvətlər
xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi
varlığın ayrılmaz tərkib hissəsinə çevrilən "Kitabi-Dədə Qorqud"
abidəsi"... Əgər bir xalıqn bu möhtəşəmliyində abidəsi varsa, o
xalq əbədidir və dünyaya nümunədir. Yəqin bilirsiniz ki, dastanda
Bəkil adlı qəhrəman var. Bu igid sərhədləri yadellilərdən qorumaq
üçün ailəsi ilə birlikdə Gürcüstan ərazisinə köçür. Bəkil sizin
sakini olduğunuz Qax ərazisində yaşayıb, məzarı da burda olmalıdır.
Çox arzulayırıq ki, Bəkil haqqında sizlərdə hansı bilgilər varsa,
onları bizə təqdim edəsiniz. Sərancamda oğuz qəhrəmanı Bəkilin
Kürmük məbədi ətrafında yerləşən məzarının abadlaşdırılması və bu
ziyarət yerinin bərpası məsələsi xüsusi vurğulanır".
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi
qurumun "Kitabi Dədə Qorqud" dastanının təbliğatında gördüyü
işlərdən danışdı. Fondun əməkdaşlarının müxtəlif bölgələrdə əhali
ilə təmaslarından dəyərli məlumatlar topladıqlarını diqqətə
çatdıran icraçı direktor, bu məlumatlar əsasında bukletlər,
jurnallar hazırlamağın məqsədəuyğun olduğunu dedi: "O xalq güclüdür
ki, hər daşının tarixini öyrənməyə cəhd göstərir. Cənab prezidentin
sərəncamında ilboyu həyata keçirəcəyimiz fəaliyyət ardıcıllığı ilə
əksini tapıb. Biz dastanın real həyatla əlaqələrini faktlarla
əsaslandırsaq, bu faktları çoxaltsaq, Azərbaycan dünyanı heyrətə
salacaq".
Konfransda yerli sakinlərin çıxışları da dəyərli
informasiyaların verilməsi baxımından yadda qalan oldu. Belə
müəyyənləşdirilmişdi ki, hər alimin çıxışından sonra qaxlılar
münasibət bildirsin. Qax rayon kitabxanasının direktoru Güllü
Əhmədova dastanda süjet boyu istifadə olunan dialektin məhz Qax
ərazisində yaşayan insanların dialekti ilkə eynilik təşkil etdiyini
bildirdi.
Beləcə, "Kitabi Dədə Qorqud" dastanının izi ilə Bakıdan
başlayıb, Nərgiztəpə yüksəkliyindən keçib, Kürmük abidəsinə çatan
müqqədəs yol davam edir. Yolun həmişə işıqlı olmasını arzulayaq və
Dədəm Qorqudun alqışına qoşulub bir ağızdan deyək: "Haqq yandıran
çırağınız sönməz olmasın!"