Azərbaycanlı milyarder Araz Ağalarov "Komsomolskaya
Pravda"ya müsahibə verib. "Crocus Sity" şirkətinin prezidenti
ailəsindən, işindən və milyardlarından danışıb.
Axar.az ANS-ə istinadla sözügedən müsahibənin xülasəsini
oxuculara təqdim edir:
- Həyat yoldaşınız İrina rusdur?
- Bəli.
- Neçə ildir birlikdəsiz?
- Tezliklə 40 il olacaq.
- Əkiz nəvələriniz böyüyüb?
- Bəli, artıq onların 6 yaşı var.
- Emindən başqa sizin böyük qızınız da var?
- Bəli, artıq 27 yaşındadır.
- Ərdədir?
- Xeyr.
"Forbes" jurnalının
reytinqində milyarderlər siyahısında hər il yer alan Araz Ağalorov
bu müsahibəsində milyardlarının olmadığını deyib.
- İndi neçə milyardınız var?
- "Forbs" hesablayıb. Baxın, o nə qədər yazıbsa, elə o qədərdir
(Azərbaycanlı iş adamı jurnalın 2014-cü ilə görə hesablamalarında
siyahının 7-ci pilləsində yer allıb. İlk beşlikdə olan
milyarderlərin daşınmaz əmlakdan əldə etdikləri gəlir 1,4 milyard
dollarla 520 milyon arasında dəyişir. 200 şirkətin adının yer
aldığı siyahıda digər azərbaycanlı iş adamı Araz Ağalarova məxsus
"Crokus Siti"nin də adı var).
- Siz saymırsız, məgər yalnız onlar sayır?
- Bilirsiz, "Forbs" hesabda olan pulları deyil, aktivləri sayır.
Onlar aktivləri passivlərlə müqayisə edirlər və hansısa balans
çıxarırlar.
- Siz indi Rusiyada keçiriləcək DÇ-2018 üçün stadion
tikirsiz?
- Bəli, iki nəhəng stadion tikirəm. Rostovda (15 min tamaşaçı
tutumu) və Kalininqradda (35 min tamaşaçı tutumu).
- Yenə sizə görə xahiş ediblər?
- Necə yəni xahiş ediblər? İş burasındadır ki, stadion tikmək
çox məsuliyyətli işdir. Siz axı bilirsiz, vaxt məhduddur. Buna görə
də belə məsuliyyətli tikintilərlə bağlı qərarı prezident
verir...
- Belə çıxır sizi yenə zərbəçi tikintiyə göndəriblər?
- Bu müsabiqəsiz və tendersiz oldu.
- Hakimiyyət?
- Qərarı hakimiyyət verir…
- Məsələn, mən bunu başa düşmürəm. Əlbətdə ki, mən sizin kimi
milyarder deyiləm, amma anlamıram. Sizi bu tikintiyə görə
mükafatlandırıblar?
- (ciddi) Mükafatlandırıblar.
- Bəs hansı ordendir?
- "Şərəf" ordeni ilə.
- İndi sizdədir o orden?
- Əlbəttə, evdədir.
- Siz onu yaxanıza taxırsız?
- Bəli.
- Bu sizin birinci və yeganə rus ordenidir?
- Rusiyanın bəli. Mənim Azərbaycan və İtaliya ordenlərim də var.
İtalyanlar məni "İtaliya qarşısnda xidmətlərimə görə"
mükafatlandırıblar. Prezidentin imzaladığı bu mükafat olduqca
yüksəkdir.
- Baxıram, "Krokus"un ərazisində yenə qaldırıcı kranlar var.
Haranınsa tikintisinə əlavələr edirsiz?
- Hündürmərtəbəli bina tikirik.
- Milyardlarını harada saxlayırsız?
- Axı mən sizə dedim, mənim milyarlarım yoxdur!
- Amma aktivləriniz var.
- Aktivlər - bunlar kvadrat metrlər deməkdir.
- Yəni siz öz var-dövlətinizi kvadrat-metrlərdə saxlayırsız?
- Bizdə biznesdir və bu biznes kvadrat mertlərdən ibarətdir.
Əgər bizim əlimizdə pul olursa, biz onu kvadrat metrlərə çeviririk.
Baxın, biz indi də tikirik. 280 min kvadrat mertlik "Veqas 3"
tikirik hazırda. 158 kvardat metrlik qala tikirik. Buna görə də
bizim bütün pullarımız tikintiyə gedir. Yox, əgər biz onları
hesablarda saxlasaydıq, indi əlimizdən uçub getmişdilər, yox
olmuşdular.
- Nə məsləhət görərdiz, kimin pulu varsa, indi onu hara
yatırsın?
- Daşınmaz əmlaka. Ələxüsus da indi mənzillər ucuzlaşıb (red:
söhbət Rusiyadan gedir). Əgər yaxşı mənzil ucuz qiymətə satılırsa,
onu alıb icarəyə vermək olar.