Fransada səfərdə olan
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti
Mehriban Əliyeva Yelisey sarayında bu ölkənin prezidenti Fransua
Olland ilə görüşüb.
Axar.az xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli
əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. Fransa
prezidenti Fransua Olland Azərbaycanın birinci xanımı Mehriban
Əliyevaya Parisdə təşkil olunan mədəniyyət tədbirlərində iştirakına
görə minnətdarlıq edib. İki ölkə arasında münasibətlərin böyük
potensialının olduğunu deyən Fransua Olland Fransa ilə Azərbaycanın
iqtisadiyyat, enerji, informasiya - kommunikasiya texnologiyaları,
kosmik sənaye, kənd təsərrüfatı və digər sahələrdə uğurlu əlaqələr
qurduğunu vurğulayıb. Fransanın Azərbaycan ilə əlaqələrini
genişləndirməkdə maraqlı olduğunu qeyd edən Fransua Olland
ikitərəfli münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə
əminliyini bildirib.
Birinci xanım Mehriban Əliyeva Azərbaycan-Fransa əlaqələrinin
strateji tərəfdaşlıq səviyyəsində olduğunu, münasibətlərin
dərinləşdirilməsinin ölkəmizin xarici siyasətində mühüm istiqamət
təşkil etdiyini vurğulayıb. Son illərdə Azərbaycanın Fransada daha
yaxşı tanıdılması üçün bir çox layihələrin həyata keçirildiyini
deyən Mehriban Əliyeva sentyabrın 3-də Parisdə reallaşan Azərbaycan
şəhərciyinin açılış mərasiminin də bu silsilədən olduğunu bildirib.
Mehriban Əliyeva qeyd edib ki, bu cür mədəniyyət layihələri artıq
Fransanın 25-ə yaxın regionunda da baş tutub, Azərbaycanın və
Fransanın 10-dan artıq şəhəri dostluq və qardaşlıq əlaqələri qurub.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in
Minsk qrupunun həmsədri kimi Fransanın roluna toxunan Mehriban
Əliyeva ümidvar olduğunu bildirib ki, Fransa bu münaqişənin
ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları
çərçivəsində həlli ilə bağlı mövqeyini davam etdirəcək.
Prezident Fransua Olland Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə nizama salınmasında ölkəsinin mövqeyini
ifadə edərək, Fransanın bu münaqişənin həllində maraqlı olduğunu
vurğulayıb.