Hazırkı mərhələdə prezidentlərin görüşünə münasib zəmin
yaranmayıb.
Bu sözləri Axar.az-a ilin sonunda Azərbaycan və Ermənistan
prezidentlərinin gözlənilən görüşünü şərh edərkən politoloq Tofiq
Abbasov deyib. O bildirib ki, rəsmi İrəvan hazırda var gücü ilə
danışıqlar prosesinin birdəfəlik fiaskoya uğramasına çalışır:
"Diqqət çəkən məqam isə dağıdıcılıq işinə rəhbərlik edənin məhz
Ermənistan Prezidenti Serj Sərkisyanın olmasıdır. Belə
qeyri-sağlam, xəstə davranış bir neçə səciyyəvi məqama dəlalət
edir. Əvvəla, Sərkisyan tək öz ölkəsində deyil, bölgədə xaos
yaratmağa çalışır ki, bu da onun naqisliyini bütün çılpaqlığı ilə
göstərir. Digər tərəfdən isə o bir həqiqətə işıq salır: siyasətə
təsadüfi adamlar gələndə onların törətdiyi fəsadlar taleyüklü
prosesləri ölü nöqtəyə sürükləyir. Belə olduqda Azərbaycanın
sərgilədiyi soyuqqanlılıq ən düzgün mövqedir. Bu, imkan verir ki,
beynəlxalq qüvvələr, vasitəçilər problemin nədən ibarət olduğunu
görsünlər. Əgər rəsmi Bakı radikal gedişata üstünlük versə, onda
heç kəs Azərbaycanı qınamağa cürət edə bilməyəcək. Sərkisyanın son
bəyanatından sonra vasitəçilər qarşı tərəfin məsuliyyətlə
davranmasını tələb etməlidirlər. Əks halda nizamasalma işi
birdəfəlik iflasa uğraya və bölgədə vəziyyət daha da kəskinləşə
bilər".
Qeyd edək ki, bu ilin sonunadək Azərbaycan və Ermənistan
prezidentlərinin görüşü gözlənilir.