Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə
əsasən, yeni hərbi hissədə tikilən obyektlərin açılışı
olub.
Axar.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər
verir ki, əvvəlcə hərbi hissənin ərazisində ümummilli lider Heydər
Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Müdafiə Nazirliyinin rəhbərliyi yeni inşa edilən qərargah, əsgər
yataqxanaları, təbliğat materialları ilə tam təmin olunmuş
ideoloji, xidməti, tədris və istirahət otaqları, brifinq zalı,
interaktiv tir, döyüş texnikası üçün saxlanclar, sıra meydanı,
yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi
və digər obyektlər ilə tanış olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət
qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna
göstərdiyi yüksək diqqətin nəticəsində son vaxtlar döyüş və
mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi
qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və
maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən
işləri diqqətə çatdırıb.
Müdafiə naziri bildirib: "Bu gün yeni hərbi şəhərciyin
açılışında iştirak edirik. Biz Ali Baş Komandanın orduya göstərdiyi
diqqət və qayğının növbəti bariz nümunəsini görürük. Müasir, yeni
tələblərə cavab verən qərargah, əsgər yataqxanaları, yeməkxana,
digər xidməti və inzibati binalar sizin istifadənizə verilib.
Silahlı Qüvvələrdə tikinti işləri sürətlə və durmadan davam
edir. İlin sonunadək birliklərdə, hərbi hissələrdə yeni tam təmin
olunmuş 10-dək hərbi şəhərciyin inşasını yekunlaşdıracağıq. Bu, bir
daha sübut edir ki, Ali Baş Komandan hərbi hissələrin, ordunun
hətta hər bir kiçik problemi ilə yaxından maraqlanır, qayğısına
qalır və bütün həyata keçirilən fəaliyyətləri nəzarətdə
saxlayır.
Eyni zamanda, Silahlı Qüvvələrin istifadəsinə ən müasir döyüş
texnikası, silah-sursat və yeni avadanlıqlar verilir. Sizin hərbi
hissə də ən müasir zirehli döyüş texnikası ilə silahlanıb. Bir
qədər əvvəl hərbi hissənin döyüş texnikasının yerləşdiyi
saxlanclara baxdıq, aparılan işlərlə maraqlandıq və görülən
tədbirlərin yüksək səviyyədə olduğunun şahidi olduq.
Möhtərəm cənab Prezidentimiz Nazirlər Kabinetinin 2015-ci ilin
doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunmuş iclasda Silahlı Qüvvələrin xidməti
döyüş fəaliyyətinə yüksək qiymət verib. Bu bizi yeni uğurlara sövq
edir. Möhtərəm cənab Prezidentimiz qeyd edib ki, təmas xəttində
Silahlı Qüvvələrimiz tam üstünlüyü əldə edib. Düşmənə sarsıdıcı
zərbələr vurulub və nə qədər ki, bizim torpaqlarımızdadırlar
itkilər verəcəklər.
Biz hər birimiz xidmət yerimizdə çalışmaqla qələbəmizi
yaxınlaşdırırıq. Məqsədimiz birdir: qısa müddətə torpaqlarımız
işğaldan azad olunmalıdır. Bunu Silahlı Qüvvələrdən xalqımız və Ali
Baş Komandan tələb edir. Bu vəzifəni yerinə yetirmək üçün bütün
Silahlı Qüvvələr yüksək səviyyədə çalışaraq buna nail olmalıdır.
Bir daha Ali Baş Komandanı və xalqımızı əmin etmək istəyirəm ki,
Silahlı Qüvvələr qarşıda duran müqəddəs vəzifəni qısa müddətdə və
uğurla yerinə yetirməyə hazırdır".
Sonra çıxış edən birlik komandiri göstərilən diqqət və qayğıya
görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə
minnətdarlığını bildirib.
Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar
ediblər.
Sonra Müdafiə naziri hərbi hissədə işlə təmin olunmuş mülki
qulluqçularla söhbət edib, müvafiq göstəriş və tövsiyələrini
verib.