8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa
namizəd Azay Quliyev bu gün Binəqədi rayonu ağsaqqaları ilə
görüşüb.
Axar.az xəbər verir ki, ölkədə tanınmış, eyni zamanda, rayonun
ictimai-siyasi həyatında yaxından iştirak edən ağsaqqalların
qatıldığı tədbirdə rayon ağsaqqalı, deputatlığa namizədin vəkili
Həmid Mehdiyev Azay Quliyevin fəaliyyəti haqqında məlumat verib.
Qeyd edib ki, Azay Quliyevin ağsaqqallarla ayrıca görüş keçirməsi,
onun ağsaqqal xeyir-duasına və ağsaqqal sözünə böyük əhəmiyyət
verməsinin nümunəsidir.
Azərbaycan hüquq-mühafizə orqanlarının tanınmış
nümayəndələrindən olmuş Akif Rəfiyev çıxışında deputat
fəaliyyətinin daha çox qanunvericiliklə bağlı olduğunu bildirərək,
bu sahədə Azay Quliyevin təcrübəli parlamentar olduğunu vurğulayıb.
O, iştirakçıları seçki günü məntəqələrə gedərək Azay Quliyevə səs
verməyə çağırıb.
Çıxışında böyük sözünə, ağsaqqal xeyir-duasına hər zaman böyük
dəyər verdiyini deyən Azay Quliyev bu görüşün seçki kampaniyasında
xüsusi yeri olduğunu vurğulayıb. Qeyd edib ki, deputat seçildiyi
təqdirdə, rayon ağsaqqalları ilə daha çox təmaslarının olmasına
imkan yaranacaq. Və vətəndaşlar tərəfindən qaldırılan məsələlərin
həllində onların köməyindən yararlanacaq.
Görüşdə çıxış edən digər ağsaqqalar da seçkidə iştirak edərək
Azay Quliyevə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, 14 oktyabrda Azay Quliyevin seçicilərlə növbəti
görüşləri - saat 17.00-da 8-ci mkr. N.Nərimanov küç. 81a ünvanında,
18.00-da isə 7 mkr. A.Kunanbayev küç, 7A saylı bunanın həyətindəki
Kütləvi tədbirlər evində keçiriləcək.