Rusiya Energetika naziri
Aleksandr Novakın oktyabrın 21-də İrana səfəri ilə Avropa Birliyi,
ABŞ və İran arasında neftlə bağlı sanksiyaların aradan qaldırılması
ətrafında müzakirələrin eyni vaxta düşməsi təsadüf
deyil.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad
Həsənov deyib. İqtisadçı Rusiya Energetika nazirinin İrana səfərini
Moskvanın yeni həmləsi hesab edir:
"Siyasi kurslar müəyyən qədər üst-üstə düşdüyündən Rusiya İrana
hansısa formada təsir göstərmək üçün cəhdlər edəcək. Ancaq İranın
neft sahəsində Rusiya ilə belə bir əməkdaşlığa hazır olduğunu
düşünmürəm. Çünki son dövrlərdə İrana tətbiq edilən sanksiyalar bu
ölkənin iqtisadiyyatı üçün çox ciddi problemlər yaradıb. İran məhz
embarqoların aradan götürülməsi və dünya bazarına sərbəst çıxışın
əldə edilməsi məqsədilə bir çox iddialarından əl çəkərək
siyasətində korreksiya etmək məcburiyyətində qalıb. Danışıqların
belə bir həddə çatdığı şəraitdə rəsmi Tehran müsbət yanaşma ortaya
qoymayacaq. Ola bilsin ki, müəyyən sahələrdə razılıqlar əldə
olunsun. Ancaq xüsusilə neftin ixracı ilə bağlı məsələdə Moskva
Tehrana təsir göstərə bilməyəcək. Digər neft ölkələri bununla bağlı
artıq preventiv tədbirlər görürlər. Səudiyyə Ərəbistanı Avropa
bazarlarına daha aşağı qiymətlər təklif etməklə bu bazarları ələ
keçirib payını artırmağa çalışır. Bununla yanaşı, İranın da dünya
bazarına daxil olması Rusiyanın Avropanın ən böyük enerji
təchizatçısı funksiyasını müəyyən qədər azaldacaq. Rusiya isə
dominantlığını qoruyub saxlamaq üçün müxtəlif yollara əl atacaq.
Ancaq bu səylər arzuolunan effekti verməyəcək. İran hər vəchlə
Avropa Birliyi ölkələri və dünya birjaları ilə bazarların bugünkü
diktəsi daxilində birbaşa münasibətlər qurmağa çalışacaq".
Qeyd edək ki, Rusiya Energetika naziri Aleksandr Novak oktyabrın
21-də İrana səfər edəcək. Bir müddət öncə isə İran mətbuatı Novakın
səfəri zamanı Rusiya ilə İran arasında neft-qaz sahəsində
qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi haqqında
informasiya yaymışdı.