Almaniyanın Baş naziri
Angela Merkel ilə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan arasında
baş tutan görüş sona çatıb.
Axar.az xəbər verir ki, görüşdən sonra mətbuat konfransı
keçirilib, jurnalistlərin sualları cavablandırılıb.
İki ölkə arasında müzakirə edilən əsas mövzu Suriyadan Türkiyəyə
miqrant axını məsələsi olub.
Baş nazir Merkel sözügedən məsələdən dolayı, narahatlığını ifadə
edərək qaçqın böhranı məsələsində Türkiyəyə dəstək göstərəcəklərini
bildirib:
"Bu gün bizi narahat edən ən
əsas məsələ Türkiyə və Qərbə miqrant axınının artmasıdır. Bu mövzu
ətrafında çox mühüm müzakirələrimiz oldu. Bununla bərabər terrora
qarşı mübarizədə Türkiyə ilə birgə hərəkət etməliyik. Türkiyəyə
ziyarətim olduqca faydalı keçdi. Türkiyə iki milyona yaxın miqrantı
qəbul etməklə çox böyük bir görəvin altına girib. Zənnimcə, hər iki
məsələ ilə bağlı Türkiyənin yanında olmalıyıq".
İkili arasında gerçəkləşən
görüşdə viza anlaşması, Türkiyə ilə Avropa Birliyi arasında bundan
sonrakı iş birliyi məsələləri də əsas müzakirə mövzulardan
olub.
Qeyd edək ki, dövlət rəsmiləri ikitərəfli görüşlərin bundan
sonra da davam etdirilməsi barədə razılıq əldə ediblər. Baş nazir
Merkel konfransın sonunda növbəti görüşün Ankarada G 20 ölkələrinin
sammitində olacağını diqqətə çatdırıb.